13 sentyabr 2022 16:33
1039

Şamaxıda 200 nəfərə yaxın insan işlə təmin olunacaq - FOTO/VİDEO

Şamaxı rayonunun Pirsaat qəsəbəsində Azərbaycanda geniş rəğbət qazanmağa başlayan “Qayalı” Marketlər Şəbəkəsinin növbəti filialının təntənəli açılışı olub.

Dövlətin sahibkarlara göstərdiyi diqqət və qayğıdan bəhrələnərək hər zaman özəl sektorun inkişafına töhfə verən “Qayalı” Marketlər Şəbəkəsi sayca 12-ci ticarət mərkəzini vətəndaşların ixtiyarına verib. Belə ki, 2010-cu ildən ilk mağazası ilə fəaliyyətə başlayan marketlər şəbəkəsi bu dəfə özündə bol çeşidi, ucuz qiyməti və yüksək keyfiyyəti birləşdirən böyük ticarət mərkəzi ilə Şamaxı sakinlərini sevindirib.

200 nəfərə yaxın insanın işlə təmin olunacağı yeni filialın açılış mərasimində ölkənin tanınmış televiziya aparıcısı Leyla Quliyeva Şamaxı sakinlərini salamlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fəaliyyət göstərdiyi illər ərzində şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşan “Qayalı” marketlər şəbəkəsinin rəhbərliyi bu dəfə də öz ənənəsinə sadiq qalıb.

Yeni filialla yanaşı şəhid Asif Azayevin əziz xatirəsini əbədiləşdirmək üçün tikilən bulağın da açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, açılış mərasimində Şamaxı rayon İcra Hakimyyətinin başçısı Tahir Məmmədov, “Qayalı” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Məsud Əzizli və şəhidin qardaşı Bəxtiyar Azayev çıxış ediblər.

Şamaxı RİH-nin başçısı qeyd edib ki, Şamaxının inkişaf və tərəqqisi özünü bütün sahələrdə göstərir və eyni zamanda, rayonun turizm potensialı da inkişaf etməkdədir. Məhz bu kimi işlərin reallaşdşrılmasında Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqları icra edilir, daha böyük nailiyyətlərin əldə olunması üçün qarşıya yeni məqsədlər qoyulur.

Sonra yeni filialın möhtəşəm açılış mərasimi baş tutub.

Açılış mərasiminin bədii hissəsi konsert proqramı ilə davam edib.