KÖŞƏ

Zahid Rza

Aləmə it hürər, bizə Mazandaran çaqqalı…

26 oktyabr 2022 01:16
1541

Bir müdət əvvəl İranın Ali dini rəhbəri Seyid Əli Xamneyi 1978-ci il fevralın 17-də  Təbrizdə baş vermiş kütləvi etiraz aksiyasının ildönümü ilə bağlı bu ölkədəki azərbaycanlı əhali ilə videokonfransda keçirdiyi görüşdə bildirmişdi ki, Azərbaycan İranın xarici hücumlara qarşı qalası olub: “Çar Rusiyası, Osmanlı İmperiyası və Sovet İttifaqı ilə qarşı-qarşıya idik. Təbriz, müqavimət, və şəhidlər olmasaydı, bu təcavüz ölkənin sərhəd bölgələrinə də yayıla bilərdi. Azərbaycan tarixinə doğru yanaşma olmadan İran tarixinə münasibət səhvdir. Təbrizlilərin dastanı olmasaydı, Qum qanlı hərəkatı tək qalar və unudula bilərdi”.

Bəli, dəfələrlə ən mötəbər şəxslər, alim və siyasətçilər bildiriliblər ki, İranı, bu ölkənin siyasətini, mədəniyyətini, iqtisadiyyatını, Azərbaycan amili olmadan təsəvvür etmək çox çətindir. Belə olan halda görəsən, nədən bəs bu gün İranda 34 milyondan artıq azərbaycanlının olması faktı rəsmi Tehran tərəfindən böyük təhlükə olaraq görülür?

Deyəsən, “təhlükə” İranı o qədər qorxudur ki, cənublu soydaşlarımızın ən adi hüquqlarını belə əllərindən almaqdan çəkinmir. Məsələn, milyonlarla azərbaycanlının yaşadığı Təbriz şəhərində yerli əhalinin, azərbaycanlıların ana dilində təhsil ala biləcəyi bircə məktəbin olmaması İran rejiminin yürütdüyü siyasətin iyrəncliyini açıq şəkildə ortaya qoyur.

İran imperializmi tarixin izlərini silməyə, azərbaycanlıları bütün platformalarda sıxışdırmağa çalışır. Bunu edərkən isə bir vaxtlar ucsuz-bucaqsız torpaqları, o cümlədən müasir İran dövlətinin yerləşdiyi ərazini idarə etmiş türk sülalələrini belə farslaşdırmaq cəhdlərindən çəkinmirlər. Fars şovinistlər hələ də səfəvilərin, əfşarların, qacarların türk olması faktına dözümsüz yanaşır, tarixi saxtalaşdırırlar. Çünki türk-azərbaycanlı adı fars şovinizmi üçün ən böyük təhdid olaraq görülür. Buna səbəb isə reallığın dərk edilməsi, azərbaycanlıların tarixinin böyüklüyü qarşısındakı acizlik və həmin tarixin təkrarlanması qorxusudur.

Danılmaz faktdır ki, bu gün İran-Ermənistan dostluğu ifadəsi nə qədər bəlağətli səslənsə də, bir o qədər də absurd ifadədir. Çünki yuxarıda qeyd olunan xislətlərə sahib bir rejimin kiminləsə dost olması inandırıcı deyil. Burada ermənilərin İran üçün sadəcə bir alət rolunu oynaması reallığını da vurğulamaq lazımdır. Ona görə ki, İran özü kimi şovinist olan ermənilərlə əlbir şəkildə regionda xaos yaratmaq ideyalarını daha rahat yerinə yetirə bilir. İran tərəfindən Türkiyə və Azərbaycan amili region üçün böyük təhlükə kimi qəbul edilir və bu mənada Ermənistandan istifadə etmək Tehran üçün cəlbedicidir.

Sirr deyil ki, İran və Ermənistanı bir-birinə bağlayan şovinist təfəkkür isə onlar arasındakı bağları daha da artırır. Məhz İranda Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Zəfərindən sonra yaranan qorxunun nəticəsidir ki, müharibədən sonra da Xankəndiyə qatar-qatar TIR yola salırdı. Artıq Azərbaycan İran tərəfinin bu imkanını əlindən alıb. Bu gün isə İranda müstəqil və güclü Azərbaycana qarşı böhtan və təhdid kampaniyası aparanlar bilməlidirlər ki, onların aqibəti heç də yaxşı olmayacaq. Təəssüf ki, İran dünyadan təcrid olunmasının əsl səbəbini hələ də görməyi bacarmır. Onlar fars şovinizminin və imperializm xülyalarının ölkələrini məhvə apardığının fərqində deyillər. Hazırda İranda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanların molla rejiminin tətbiq etdiyi üsul-idarə ilə barışmadığını göstərir. İran cəmiyyəti artıq din amilindən istifadə etməklə bütün hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, molla rejiminin orta əsr təfəkkürünü,  teokratik idarəçiliyini, antiinsani davranışını qəbul etmir.

Görünən odur ki, bu gün İrandakı molla rejimi hələ də həqiqətləri görmək, reallıqları qəbul etmək istəmir. Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Azərbaycan mətbuatına verdiyi açıqlamada bildirib ki, təəssüf ki, 1988-ci ildən 2020-ci ildəki qırx dörd günlük müharibədəki Zəfərdən sonra ötən zaman kəsiyində İran nə ağıldan yana, nə hüquqdan yana, nə əxlaqdan yana münasibət ortaya qoymadı və yanlış istiqaməti seçdi. Y. Karauz qeyd edib ki, İranın bu etdikləri səhv addımdır: “Biz İrana son dəfə ağlını başına yığmağı, yanlış qərarlar qəbul etməməyi, həqiqi dostunun kim olduğunu bir daha düşünməyi, beynəlxalq hüququn normalarından kənara çıxmamağı tövsiyə edirik. Əgər Tehran Türkiyə və Azərbaycana qarşı bu cür neqativ, hədə-qorxu davranışlarını bir də praktiki olaraq həyata keçirmək niyyətinə düşərsə-mən İranın elə bir addım atacağını ehtimal etmirəm, bu, sadəcə güc nümayişidir-qarşılığında lazımı cavabı da alar. Çünki Şuşa Bəyannaməsi ilə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik daha üst səviyyəyə çatdı. Azərbaycana gələcək ən cüzi bir zərər artıq Türkiyəyə edilmiş sayılır. İran hesabını buna görə götür-qoy etsin, addımını buna görə atsın”.

Doğru deyirsiniz, Paşam! Necə deyərlər, “Aləmə it hürər, bizə də Mazandaran çaqqalı”...

Mahir Rəsuloğlu
Di cavab verin...
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?