26 noyabr 2022 13:32
337

Ermənistanın Qarabağda yaşayan ermənilərə heç bir aidiyyəti yoxdur

Prezident: Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik. Biz sərhədlərin delimitasiyasının onların təqdim etmək istədikləri kimi deyil, tarixi xəritələr əsasında həyata keçirilməsinə çalışırıq. Biz ərazilər istəmirik və müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində ardıcıl və mütərəqqi siyasət həyata keçirir.  Regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması prosesi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını vacib amil kimi önə çəkir. Azərbaycan tarixi Zəfərimizin ilk günlərindən qarşı tərəfə sülh müqaviləsinin imzalanması ilə bağlı beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən təklifini təqdim etdi. Bu prinsiplərdən biri təbii ki, BMT-nin sənədlərində təsbit olunmuş hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipidir.

Qalib Azərbaycanın postmüharibə mərhələsində sülh prosesinə sadiq qalmasına rəğmən, məğlub Ermənistan  qeyri-sabit mövqe sərgiləyir.
 Azərbaycanın göstərdiyi səylərə baxmayaraq, Ermənistan hökuməti tərəfindən verilən son bəyanatlar və atılan addımlar onun sülh prosesində iştirakının qeyri-səmimi olduğunu deməyə əsas verir.Ermənistan rəhbərliyi son otuz ildə olduğu kimi, 44 günlük müharibədən sonra da bütün təşəbbüslərə “bəli!” deyir və ertəsi günü tamamilə fərqli fikirlər səsləndirir.

Prezident İlham Əliyev noyabrın 17-də  Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib ki, biz Ermənistan tərəfinin əməllərini sözlərlə deyil, addımlarla ölçməliyik. Çünki onların dedikləri sözlər etdikləri əməllər və ya planları ilə ziddiyyət təşkil edir. Bununla bağlı, bilmirəm, siz Ermənistan rəhbərliyindən birbaşa cavab almışınız, yoxsa yox. Mən şübhə edirəm, çünki onlar bu ikimənalılığı saxlamaq istəyir və bu isə heç də fayda gətirmir.

“Eyni zamanda, əgər bu ölkə sülh istəyirsə, onda o, çox təhlükəli ritorikadan əl çəkməlidir. Bu yaxınlarda Ermənistan rəsmiləri Azərbaycanı İŞİD və “Əl-Qaidə” ilə müqayisə etmişdilər. Fikrimcə, bu, çox təhlükəli ritorikadır. Birincisi, onların özləri İŞİD və “Əl-Qaidə” kimi hərəkət etmişdilər. Avropa İttifaqının səfirləri azad edilmiş ərazilərə baş çəkmişdilər. Ermənilər tarixi və dini irsə İŞİD və “Əl-Qaidə”nin eynilə etdiyi kimi yanaşmışdılar. Biz yox, onlar. Onlar terror aktları törədiblər. Onlar soyqırımı törədiblər. Onlar bizim məscidləri uçurublar. Biz yox”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Tarixi Zəfərimizdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən dörd görüşün, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə bir dəfə Moskvada, iki dəfə Soçidə baş tutan görüşlərin hər biri sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addım kimi dəyərləndirilsə də bəzi ermənipərəst mövqeli dövlətlərin məsələnin həlli prosesinin uzanmasında, yaxud sülh müqaviləsinin imzalanmamasında maraqlı olması diqqətdən kənarda qalmır. Bu əngəllər, həmçinin vaxtın uzadılmasına səbəb olur.  Ermənistanın baş naziri Nikol Paşinyan elə bilir ki, Fransa və İran ermənipərəst mövqedən çıxış edirlərsə, o biri dövlətlərdən də eyni dəstəyi ala biləcək. 

“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın işə başlaması da bu kimi məqamlara aydınlıq gətirilməsində əhəmiyyətli rol oynayır. Belə ki, dövlətimizin başçısı İlham Əliyev konfranslarda çıxışı və iştirakçıların suallarına cavabı zamanı hazırkı dövrün reallıqlarını əsaslı şəkildə diqqətə çatdırır.  Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında bildirib: “Hazırda biz Ermənistanın ritorikasında dəyişikliklər görürük. İndi onlar deyirlər ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz bunu dəstəkləyirik. Biz istəyirik ki, bu iki proses - Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması paralel aparılsın”.

Prezident İlham Əliyev deyib: “Ermənistan sülh haqqında danışarkən onun nə dərəcədə səmimi olması mənə məlum deyil. Biz sülh istəyirik. Anlamaqlarını istəyirik ki, onların Qarabağda yaşayan ermənilərə heç bir aidiyyəti yoxdur. Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik. Biz sərhədlərin delimitasiyasının onların təqdim etmək istədikləri kimi deyil, tarixi xəritələr əsasında həyata keçirilməsinə çalışırıq. Biz ərazilər istəmirik və müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik”.

Rəsmi İrəvan Parisə güvənərək, Cənubi Qafqaz üçün sülh perspektivlərini dalana dirəməkdə israrlıdır.  Yaxşısı budur ki, qarşı tərəf Azərbaycanın bölgə üçün olduqca faydalı olacaq təkliflərini düzgün təhlil etsin, regionun inkişafı naminə üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Sülhdə maraqlı olmayan, danışıqların uzadılmasına çalışan erməni siyasətçilər birdəfəlik anlamalıdırlar ki, sülh təşəbbüslərini ləngitsələr də, onu tamamilə dayandıra bilməzlər. İrəvanın üzərinə götürdüyü öhdəliklər üçtərəfli bəyanatlarda, Moskva, Soçi və Brüssel razılaşmalarında aydın əks et­dirilib. Ermənistanın bütün bunları qəbul etməkdən başqa yolu yoxdur. Qarşı tərəf birdəfəlik dərk etməlidir ki, artıq Qarabağ problemi həllini tapıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, regiona yeni reallıqlar hakimdir. Ermənistan istər-istəməz qalib və haqlı Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməlidir. Çünki Ermənistan başa düşməlidir ki, həm delimitasiya komissiyasının yaradılması, həm sülh müqaviləsinin hazırlanması, həm də kommunikasiyaların açılması ilə bölgədə davamlı sülh təmin ediləcək, region dövlətlərinin iqtisadiyyatı güclənəcək, logistika imkanları yaranacaq, Ermənistan isə hazırkı təcrid vəziyyətindən xilas olacaq.

Ermənistan bu cür hərəkətlərdən çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyi təmin etməyin yeganə yoludur.

Yaqut Ağaşahqızı, “İki sahil”