12 dekabr 2022 18:35
925

 İnsanların dünyadan xəbərləri yoxdur... - FOTO

Yer kürəsində mistik yerlər çoxdur. Bu yazıda planetimizin ucqar guşələrinin sirli yerlərindən bəhs edilir.

Antarktida da aşkar olunan nəhəng pilləkən

Antarktida planetin  ən soyuq qitələrindən biridir. Şiddətli soyuğun və dünya buzunun təxminən 90 faizinin bu ərazidə olmasına baxmayaraq, Antarktida ən az yağıntıya görə səhra kimi təsnif edilir. Bu illər ərzində Alimlər burada buzların altında yerləşən Böyük Kanyondan daha dərin bir vadi və Antarktika sahillərində sualtı vulkan belə aşkar etmişdilər.

2017-ci ilin əvvəlində Antarktidada dağın yamacına qalxan nəhəng pilləkənə bənzəyən strukturun fotosu internetdə yayılmağa başladı. Dərhal müxtəlif fərziyələr  yayılmağa başladı. Bəzi fərziyələrə görə, “nərdivan” itirilmiş Atlantidanın qalığıdır, bəziləri isə onun UFO-nun eniş yeri və ya nasistlərin bazası olduğuna inanır. Bu anomaliya “Google Earth”də aşkar edildiyi üçün hələ də heç bir rəsmi açıqlama irəli sürülməyib.

Qrenlandiyanın sirləri

Qrenlandiya Danimarka krallığının ərazisi tərkibinə  daxil olan,  Atlantik və Şimal Buzlu okeanları arasında yerləşir və dünyanın ən böyük sahəsi  olan adası  sayılır. 1000 il əvvəl vikinqlər tərəfindən kəşf olunan bu adanın 80%-i  hal-hazırda buz təbəqəsi ilə örtülüdür. Adanın böyük hissəsində hələ də yaşayış yoxdur. Qrenlandiyada məskən salan 6 qəbilə tədqiqatçılar tərəfindən 1999-cu ildə kəşf edilib. XX əsrin 20-ci və 30-cu illərindən sonra Qrenlandiya daha çox əhəmiyyət kəsb etməyə başladı. Şimali Atlantika üzərindən həyata keçirilən hava marşrutları nəticəsində Qrenlandiyanın iki materik arasında əlverişli dayanacaq nöqtəsi olduğu üzə çıxdı.Qrenladiyada 1972-ci ildə bir qrup ovçunun aşkar etdiyi 8 mumiya dünyanın ən sirli tapıntıları sırasına daxildir.500 illik mumiyaların arasında körp cəsədləri də var imiş. Cəsədlərin mumiyalanmasına bölgədəki təbii şərait və soyuq hava səbəb olub. Bu mumiyaların İnuit etnosuna məxsus olduğu təxmin edilir. Deyilənlərə görə, onlar anası ölən körpələri anaları ilə birliktə canlı-canlı torpağa basdırmışdılar. Xalqın dini inanclarına görə, bütün ailə birliktə basdırıldıqda, onlar axirət dünyasında yenidən bir ailə kimi dinclik içində yaşayacaqlar.

"Alyaska üçbucağı"

Amerika Birləşmiş Ştatlarının ən böyük ştatlarından biri olan əsrarəngiz Alyaskada  ən çox insanın itkin düşdüyünü bilirdiniz?

Alyaskanın əhalisi təxminən 600.000 nəfərdir və 1998-ci ildən bəri burada 53.000-dən çox insan itkin düşüb.

Hətta qorxunc və vahiməli Bermud üçbücağında belə  Alyaskada olduğu qədər insan itkin düşməyib. Məsələnin ən qəribə tərəfi isə itən insanların ölüsünün və ya dirisinin tapılmamasıdır. Məsələn, kriptozooloq Ken Gerhard hər şeydə UFO-ların günahkar olduğuna əmindir.  O, nümunə olaraq 1950-ci ildə baş vermiş bir hadisəni misal çəkib. Həmin il  göyərtəsində 44 nəfər olan hərbi təyyarə “ Alyaska üçbucağı” ərazisi üzərində itkin düşüb. Geniş axtarışlara baxmayaraq, təyyarənin və onun sərnişinlərinin izi tapılmayıb.

Jatingada "Quşların  kütləvi  intiharı".

Jatinga kəndi Hindistanın şimal-şərqindəki Assam ştatında yerləşir. Bura yaşıllıqlar və dağlarla əhatə olunmuş gözəl yerdir. Ancaq hər il burada dəhşətli bir hadidə  baş verir. Belə ki,  burada hər il sentyabr-noyabr ayları arasında, günəş batdıqdan dərhal sonra yüzlərlə quş səmaya qalxaraq özlərini  qəsdən ağaclara və binalara çırparaq intihar edirlər.

Alimlər hələ də bu fenomenin əsl səbəbini heç cür araşdıra bilmirlər. Baş verənlərlə bağlı irəli sürülən fikirlər çoxdur.  Bəziləri   quşların mussonların gətirdiyi dumanların onların  oriyentasiyasını itirməsindən şübhələnirlər. Digərləri isə göylərdə yaşayan  pis ruhların onlara mənfi təsir göstərməsindən danışırlar. Qeyd edək ki, "quşların kütləvi intiharı"ilk dəfə  1900-cü illərdə müşahidə edilib. Bu fenomenlə bağlı elmi araşdırmalar davam etməkdədir. Quşların kütləvi intiharı  bir çox səyyahın marağına səbəb oldu. Olar öz gözləri ilə bunun şahidi olmaq üçün bu  yerə gəlirlər.

Mistik Vaxan dəhlizi

Əfqanıstanda yerləşən, “dünyanın tavanı” adlandırılan və Hindukuş dağlarının əhatəsində olan Vaxan dəhlizi xalqı və özünəxas təbiəti ilə fərqli bölgədir.

İpək Yolunun ən gözəl nöqtələrindən biri olan Vaxan dəhlizi sivilizasiyanın ən ucqar yerlərindən biridir.  Vaxan dəhlizi Əfqanıstanın Tacikistan, Pakistan və Çinlə sərhədlərində yerləşir. Ölkənin ən ucqar bölgəsi sayılan Vaxan fərqli qəbilələrin ünvanıdır. Burada bölgə sakinləri dünyadan təcrid olunmuş formada öz həyatlarını yaşayırlar.

Vaxan öz adını Pamir dağlarının Əfqanıstanda yerləşən hissəsindən alır. Bölgədə iki qəbilə yaşayır: vaxanlar və qırğızlar. Vaxanlar oturaq həyat sürən qəbilədir, heyvandarlıq və əkinçiliklə məşğuldurlar. Bölgənin ən yüksək ərazilərində yaşayan qırğızlar isə sadəcə heyvandarlıqla məşğuldur, köçəri həyat keçirirlər.

İllərdir Əfqanıstanda davam edən müharibə hələlik bura gəlib çatmayıb. 240 kilometr uzunluğunda olan vadidə 12 min nəfərin yaşadığı ehtimal olunur. Burada  yaşayan insanların dünyada baş verənlərdən xəbərləri yoxdur.

Vaxanda qış çox sərt keçir. Heyvanlar belə çox hərəkət etmirlər. Bölgədə insan həyatını davam etdirməyə şərait yaradan əsas qida mənbəyi də bu heyvanlardır.

Araşdırma aparmaq üçün Vaxana gələn amerikalı fotoqraf Frederik Laqrancın bölgə sakinləri haqda qeydləri maraqlıdır.

Fotoqraf  yazır ki, qırğızlar bölgədə “otaq” adlanan bu ərazilərdə yaşayır, amma burada nə müəllim, nə də həkim var. Bölgədə yaşayan bir nəfərlə danışan Laqranc neçə yaşının olduğunu soruşanda “bilmirəm” cavabını aldığını deyir. 40 yaşlarında olduğu ehtimal edilən həmin şəxs bölgədə hər kəsin təhsilsiz olduğunu  qeyd edir.

Burada, həmçinin Vranq kəndinin üstündə Vrang Piramidası kimi tanınan artefakt aşkar olunub. Bu tikilinin Orta Asiyanın ən qədim dini yerlərindən biri olduğuna inanılır. Deyilənlərə görə,o təxminən  və IV əsrdə tikilmiş ola bilər. Qədim  tikilinin  nə məqsədlə inşa olunması hələ də aydın deyil.

Bəzi tarixçilər bunun buddistlərin ehramı olduğuna inanır, digərləri isə daha çox Zərdüştün od məbədi olduğunu söyləyirlər.

Samirə Tağıyeva, “İki sahil”