13 dekabr 2022 17:30
663

İnsan fantaziyasının həddi-hüdudu yoxdur... - FOTO

İnsanlar dayanmadan  yeni yaradıcı rekordlara imza atmağa  çalışırlar. Onlar  bunun üçün nə vaxtlarını, nə də ki, pullarını əsirgəmirlər. İnsan fantaziyasının həddi- hüdudu yoxdur.  Bu yazıda insan əqlinin və əlinin yaratdığı  saatlar haqqında məlumat verəcəyik.

 Qroznı şəhərində saat (Rusiya)

Qroznı şəhərinin ən hündür bina kompleksi olan 45 mərtəbəli “Olympus Tower”in yuxarı mərtəbələrində diametri 13,6 metr olan siferblatlı saat quraşdırılıb. Saatın üz tərəfi alüminium bazaya quraşdırılmış LED panellərdən hazırlanmışdır.

Gül saatı (Tehran)

2005-ci ildə Tehranın iki böyük magistral yolunun kəsişməsində diametri 15 metr və 7,5 metrlik  əqrəbi olan gül saatı quraşdırılıb.  Saat 70 tonluq  beton bazaya əkilib. Şəhər rəhbərliyi bu saatı  həm yerli əhalini , həm də əcnəbiləri cəlb etmək üçün  hazırlayıb. Açılış zamanı bu saat  dünyanın ən böyük gül saatı kimi bütün dünyada məşhurlaşıb.

Tokionun ən böyük saatı ( Yaponiya)

240 metr olan “NTT Docomo Yoyogi” binası 2000-ci ildə tamamlandı. 2002-ci ildə Yaponiyanın ən böyük mobil operatoru “NTT Docomo Yoyogi”nin  10 illik yubileyi şərəfinə xüsusi  saat hazırlandı. Bu saatın   diametri 15 metrdir. O zamanlar bu saat  ən hündür binada inşa edilən saat kimi tanınmışdı.

“Colgate Clock”( ABŞ)

Colgate saatı 1924-cü ildə “Colgate-Palmolive” şirkəti üçün hazırlanmış və Cersi şəhərindəki fabrikdə yığılmışdı.  Saatın səkkizbucaqlı siferblatının diametri 15,24 metr, saat əqrəbinin uzunluğu 6,1 metr, dəqiqə əqrəbinin uzunluğu isə 7,87 metrdir. 1985-ci ildə fabrik binası söküldükdən sonra saatın yeri də dəyişmişdi. Saat 400 metr aralıda  yerləşən hündür binaya quraşdırılmışdı. Qeyd edək ki, 2013-cü ildə “Colgate” saatına  LED  işıqları da  əlavə edildi.

“Duken Brewery” (ABŞ)

1933-cü ildə Con Franklin “Duken Brewer” adlı 18 metr diametrli saatın əqrəbinin uzunluğu 7,6 metr və dəqiqə əqrəbinin uzunluğu 10,6 metr olan saat  hazırladı. Bu saat 1,25 at gücündə Janett mühərriki ilə təchiz edildi. O zamanlar  bu,  dünyanın tək siferblatlı ən böyük saatı idi. 1961-ci ilə qədər saat Vaşinqtonda bir yamacda dayandılar. Bundan sonra saatı Pitsburqda şirkətə məxsus  “Duquesne” pivə zavodu aldı. Uzun müddət  bu saat  “Coca-Cola” da daxil olmaqla bütün növ içkilərin reklamı üçün fəal şəkildə istifadə olunurdu. 2017-ci ildə “Duquesne” pivə zavodunun saatı milli sərvət elan edildi və  bundan sonra daha reklam məqsədləri üçün istifadə olunmadı.

Braziliya Mərkəzi Stansiyası ( Rio-e-Janeyro)

Braziliyanın ikinci böyük şəhəri Rio-de-Janeyro şəhərinin mərkəzi dəmir yolu stansiyasının 135 metrlik qülləsində diametri 20 metr olan saat quraşdırılıb. Bu  Saat qülləsi 1943-cü ildə istifadəyə verilmişdi. Qeyd edək ki,  bu stansiya Rio-de-Janeyronun əsas nəqliyyat mərkəzidir.

Qəhrəmanlar parkında inşa edilən saat (Ukrayna)

Avropanın ən böyük saatı Ukraynanın Krivoy Roq şəhərində Qəhrəmanlar Parkında yerləşir. Çiçəkli saat 2011-ci ildə Ukraynanın müstəqilliyinin 20-ci ildönümü şərəfinə hazırlanmışdı.  Saatın siferblatın diametri 22 metr, dəqiqə əqrəbinin uzunluğu isə 13 metrdir. Saat axşamlar projektorlarla işıqlandırılan 22 min güllə bəzədilib.

Dünyanın ən böyük dekorativ saatı (Hindistan)

Hindistanın Surat şəhərindəki gül saatı dünyanın ən böyük dekorativ saatıdır. Bu saat  torpaqdan və bitkilərdən hazırlanıb. Onun siferblatının diametri 24,25 metrdir, Beton plitəyə quraşdırılan  nəhəng saatının  oxlarının hər birinin çəkisi iə təxminən 800 kiloqramdır. Saat şəhərin ən böyük parkı sayılan “Navin Fluorine” şirkətinin bağışladığı torpaq parçasının üzərində inşa edilib.

“Cevahir” ticarət mərkəzinin bəzəyi ( Türkiyə)

İstanbulun Şişli tərəfində yerləşən “Cevahir” ticarət və əyləncə mərkəzi  öz şəffaf şüşə damın içinə tikilmiş 32 metr diametrli saatı ilə məşhurlaşıb. Bu saat  Tehranda yerləşən  çiçəkli saatın rekordunu  qırmaq üçün yaradılmışdır. Saatın üzərindəki hər rəqəmin hündürlüyü 3 metrdir. Qeyd edək ki, bu  ticarət mərkəzi 2005-ci ildə açılıb və dünyanın ən böyük ticarət mərkəzlərindən biridir.

“Makkah Clock”saatı ( Məkkə)

Əbrəc əl-Beyt müsəlmanların müqəddəs Məkkə şəhərində inşa edilən  beş göydələndən ibarət kompleksdir. Onun tikintisi 2012-ci ildə başa çatdırılıb. Dünyanın ən böyük saatı məhz burada yerləşir.

Bu sənət əsərnin adı “Makkah Clock” Məkkə saatı adlanır. Saat 600 metr hündürlüyə malikdir. 21 tonluq saat mexanizmi polad və tuncrəngli detallardan hazırlanıb.

Saatın mexanizmi Səudiyyə Ərəbistanı kralının əmri ilə Ramazan ayının ilk günündə, Ayın görsənməsindən bir dəqiqə sonra işə salınıb. Saat dünyanın istənilən istiqamətinə dövr eləyən dörd siferblata sahibdir və namaz vaxtı beş dəfə zəng çalmaq kimi mexanizmə malikdir.

Küləyin təsiri nəticəsində saatın əqrəblərinin əyilməməsi üçün 90 milyon rəngli kristal mozaikadan istifadə olunub və İsveç istehsalçıları elə bir mexanizm yaradıblar ki, əqrəblər siferblatdan kifayət qədər uzaq məsafədə dayanır.

Futbol meydançası qədər nəhəng olan saatın dəqiqə əqrəbi 22 metr, saatı bildirən əqrəb isə 17 metrə bərabərdir.

Ölçüsü 43 metrə bərabər olan siferblat təxminən 2 milyon LED lampaları ilə  işıqlandırılıb. Qüllənin yaradıcıları saatın işləməsinə 500 il zəmanət veriblər.

Samirə Tağıyeva, “İki sahil”