10 yanvar 2023 00:58
797

Başınız ağrımasın...

Baş ağrısı stress, yorğunluq, xəstəliklər, hava, aclıq səbəbindən yarana bilər. Eləcə də bəzi qidalar da baş ağrısına səbəb ola bilər. Alman alimləri  kəskin baş ağrılarının bəzi qidaların qəbulu ilə əlaqəsini aşkar ediblər. Onlar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, bəzi qidaların damarları daraldıcı təsiri baş ağrısına şərait yaradır. Məsələn, amin birləşmələri – şokoladda, pendirdə, yoqurtlarda, xamada, duzlu  balıqda, hisə verilmiş ətdə olan birləşmələrdir. Ətdən hazırlanan məhsullara, konserv, kolbasa və s. çox zaman natrium nitrit əlavə edirlər ki, bu da ona çəhrayı rəng verir. Belə ət məhsulundan hazırlanmış yemək yedikdə bəzi insanlarda üzdə ödem və qızartı müşahidə olunur. Bəzi insanlarda isə Çin mətbəxinin yeməklərini yedikdən sonra baş ağrısı tutmaları müşahidə edilir ki, bu da həmin yeməklərə natrium qlütamat maddəsinin əlavə olunması ilə əlaqədardır. Ağrı bədənin yuxarı hissəsinin qızarması, başda istilik hissi və pulsasiya ilə müşayiət olunur. Alimlər qeyd ediblər ki,  əgər qlütamat çox qəbul edilərsə, o zaman ürək bulanma, qusma, ishal, qarında ağrılar, ümumi zəiflik, ürək döyünmə müşahidə olunur.  Adətən qlütamat maddəsini  paketlərdə olan bulyonlara, kartof çipsilərinə, müxtəlif dadlı suxarılara, quru ədviyyatlara da əlavə edirlər.

Bir çox insanların orqanizmi  kofeini asan mənimsəmir. Bəzən isə buna alışmış insanlar var ki, gündəlik olaraq kofe, çay və kola içməlidirlər. Bunları qəbul etmədiyi təqdirdə onlarda əsəbilik, dağınıqlıq, həyəcan, yuxu pozğunluğu, ürək bulanma baş qaldırır. Baş ağrısı şəkərəvəzedicilərin qəbul edilməsi zamanı da baş verə bilər. Çünki onun tərkibində aspartam var. Ona görə də əgər siz tutduğunuz pəhrizə görə şəkərdən imtina etmək istəyirsinizsə, şəkərəvəzedicini ehtiyatla seçin. Bəzi insanlar sitrus bitkilərinin  (portağal, limon, qreypfrut) tərkibində olan turşulara qarşı çox həssasdırlar. Alimlərin fikrincə, bu qida məhsullarının 20% -i kəskin baş ağrılarına səbəb ola bilər.  Bəs görəsən hansı qidalar baş ağrıları ilə mübarizədə bizə kömək edə bilər? Baş ağrılarından əziyyət çəkən və həmişə dərman istifadə etmək istəməyənlər bu qidalardan faydalana bilərlər.

Göyərtilər

Miqren xəstələrinin əksəriyyətində maqnezium səviyyəsi aşağıdır. Bu elementin və digər iltihab əleyhinə antioksidantları ehtiva edən yaşıl göyərtilər bu çatışmazlığı aradan qaldıraraq baş  ağrılarını azaldır.

Qoz-fındıq

Heç bilirdinizmi ki, fındıq qan damarlarını rahatladaraq baş ağrısını sakitləşdirən maqnezium və E vitamini ilə zəngindir.

Yağlı balıq növləri

Yağlı balıqların tərkibində miqren ağrılarını nisbətən azaldan koenzim Q10, D vitamini, riboflavin  də daxil olmaqla B vitamininin müxtəlif növləri mövcuddur. Odur ki, miqrendən əziyyət çəkən insanların gündəlik rasionunda mütləq balıq olmalıdır.

Meyvə və tərəvəzlər

Bəzi meyvələr maqnezium və kaliumla zəngindir. Tədqiqatlar kaliumun sinirlərin daha sağlam işləməsinə kömək edərək miqren ağrısını aradan qaldırmağa kömək edə biləcəyini göstərir. Məsələn, banan kalium, maqnezium, B vitamini və baş ağrısını azaltmağa kömək edən kompleks karbohidratlarla zəngindir. Əgər baş ağrısı susuzluqdan qaynaqlanırsa, tərkibində su çox olan meyvələr baş ağrısı ilə mübarizədə sizə kömək edəcək.

Paxlalı bitkilər (mərcimək, lobya, noxud) qan şəkərinin səviyyəsini qoruyan zülal və lif, qan damarlarının daralmasını aradan qaldıran maqnezium və kalium ehtiva edir.

Toxumlar

Küncüt, balqabaq, günəbaxan toxumunun tərkibində iltihabla mübarizə aparan omeqa-3 yağ turşuları var. Eyni zamanda, qan damarlarının spazmlarının qarşısını almağa kömək edən əhəmiyyətli miqdarda maqnezium da ehtiva edir.

Taxıllı bitkilər

Aparılan araşdırmalar göstərir ki,  qadınlardakı dəmir çatışmazlığı ilə miqren arasında əlaqə var. Bu səbəbdən tərkibində E, B vitaminləri, dəmir, koenzim Q10, maqnezium və lif olan taxıllı bitkilər baş ağrılarını aradan qaldıra bilir. Məsələn, arpa, qarabaşaq, bulqur, yulaf özündə karbohidratlar ehtiva edir və beyində qlikogen ehtiyatlarını artırmağa çalışır.

Acı bibər

Acı bibərin tərkibində beynin triqeminal sinir blokunu keyləşdirən və miqren ağrısını aradan qaldıran kapsaisin var. Bu da  öz növbəsində gərginliyi və digər baş ağrılarını aradan qaldıra bilər.

Zəncəfil

Aparılan araşdırmalar zamanı müəyyən olub ki, zəncəfil də şiddətli baş ağrılarını əhəmiyyətli dərəcədə azaldır.

Samirə Tağıyeva, “İki sahil”