13 yanvar 2023 17:00
895

Həqiqətənmi 13 rəqəmi lənətlənib?

Əksəriyyətimiz  13 rəqəmini nəhs rəqəm kimi qəbul edirik. Bəzi inanclara görə, 13 ölüm rəqəmidir. Yer kürəsində yaşayan insanların  böyük hissəsi inanır ki, ayın 13-ü və həftənin cümə günlərinin üst-üstə düşməsi fəlakət və uğursuzluq gətirir. Ayın 13-nün cüməyə təsadüf etməsi ta qədimdən mistik məna daşıyıb. Bu günün mistik cazibəsi insanlara indi də rahatlıq vermir. Alimlər isə bunu zarafat sayırlar. Astroloqların fikrincə, xurafatçı inanclara görə, ayın 13-ü cüməyə düşəndə qaniçənlər, əcinnələr və s. şeytani qüvvələr bir yerə yığışıb demonik toplantı, şabaş keçirirlər. Gecəyarısı olanda isə onlar dəhşətli əməllər törədirlər. Bu xurafata inamın güclü olmasına görə keçmişdə ayın 13-ü cüməyə düşəndə toy etməz, gəmilər limanlardan ayrılmaz, heç bir saziş bağlanmazmış. Hətta insanlar evdən bayıra çıxmamağa çalışarmış. "Bəzi versiyalara görə, ayın 13-ünün cüməyə düşməsinin nəhs sayılması İsa Peyğəmbərlə (ə) bağlıdır. Onu məhz ayın 13-də, cümə günü çarmıxa çəkiblər. Üstəlik, peyğəmbəri satan mürid İuda gizli gecədə keçirilən toplantıda 13-cü iştirakçı olub".

Ona görə də, bəzi xristian ölkələrində 13 rəqəmi lənətlənmiş hesab edilir.

Skandinaviya mifologiyasında 13-ün uğursuz sayılmasının da bənzər bir səbəbi var. Tanrı Lokinin digər 12 tanrının qatıldığı bir mərasimə 13-cü olaraq getməsilə əyləncə pozulmuş və bu hadisə Skandinaviya xalqlarının ən sevimli tanrısı Balderin ölümü ilə nəticələnən davaya yol açmışdır.

Yunan mifologiyasına görə isə  tanrıların evi Olimp dağında 12 tanrı oturur. Qədim rəvayətlərə görə, ən son  tanrı Dionis Olimpə gələndə Hestia adlı ilahə Olimpdən ayrılaraq insanlar arasında yaşamağa başlayır. Beləliklə, Olimpdə tanrı sayı pis qəbul edilən 13-ə çatmır.

Məsələn, bəzi ölkələr 13 rəqəmindən tamamilə istifadə etmirlər. İngiltərədə binalarda 13 saylı mənzil, kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kürsü də qoyulur, ona maneken otuzdurur, qarşısına hətta yemək-içmək də qoyurlar. Almaniya, Avstriya və Skandinaviya ölkələrinə məxsus hava yolları şirkətlərinin təyyarələrində 13 saylı kreslo olmur. Həmçinin Yaponiyada  liftlərdə 13 rəqəmli düymə olmur. Yunanıstanda 13 rəqəmli tarixə düşən çərşənbə axşamı günü pis gün hesab edilir. Amerikanlar 13 rəqəmli tarixə düşən cümə günündən ehtiyat etdikləri kimi yunanlar da belə çərşənbə axşamından qorxurlar. Yunanlardakı bu qorxu 1204-cü il 13 aprel tarixində Konstantinopola xaç yürüşlərindən qaynaqlanır. XIX əsrin səyyahlarından biri öz qeydlərində bildirir ki, yunanlar ayın 13-nə təsadüf edən çərşənbə axşamında hətta üzlərini belə qırxmırlar. Britaniya həkimlərinin iddialarına görə isə cümə günü ayın 13-nə təsadüf edəndə həmin gün xəstələrin sayı dəfələrlə çox olur, aparılan əməliyyatlar əksərən uğursuz keçir. Xəstələrdə qəribə hallar olur, onlar narkozdan gec ayılırlar və sairə. Bu səbəbdən cərrahlar maksimum çalışırlar ki, “qorxulu gün”ə əməliyyat salınmasın.

Yəhudilərin əlifba sırasındakı 13-cü hərf  isə “m”dır. Bu hərf isə “mavet” (ölüm) sözünün baş hərfidir.

Samirə Tağıyeva, “İki sahil”