23 yanvar 2023 18:07
2836

Geosiyasi reallıq fonunda tranzit ölkə olmaq böyük əhəmiyyət kəsb edir

Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən etibarən, bütün ölkələrlə qarşılıqlı tərəfdaşlıq çərçivəsində qurduğu münasibətlər böyük etimada əsaslanır. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqlarını qorumaq şərti ilə beynəlxalq aləmdə xarici ölkələrlə münasibətlərin inkişafı istiqamətində xoşməramlı niyyətinin təzahürüdür.Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Təqdirəlayiq haldır ki, nəqliyyatın bütün sahələrində yeni layihələr həyata keçirilib. Azərbaycanın zəngin yol infrastrukturu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib.Çoxsaylı avtomobil yollarının çəkilişi həyata keçirilib və əvvəlki illərdə beynəlxalq və ölkə əhəmiyyətli yollar tikilirdisə, son dövrlər kəndarası avtomobil yollarının çəkilişi də sürətlə icra edilir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir.

Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtda yeni yolların salınması, yolötürücülərin, yeraltı və yerüstü piyada keçidlərinin, eləcə də mövcud yol qurğularının təmiri və yenidən qurulması sahəsində mühüm işlər görülür. Bu günədək görülən işlər nəticəsində paytaxtda və ətraf qəsəbələrdə yeni alternativ yol infrastrukturu formalaşdırılıb, şəhərin mərkəzindən bir sıra istiqamətlərə, o cümlədən ətraf qəsəbələrə rahat və sürətli gediş-gəliş təmin edilib.

Azərbaycanda beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına da mühüm əhəmiyyət verilir. Bunun sayəsində dəmir yolu vasitəsilə yükdaşımaların həyata keçirilməsində də önəmli ölkəyə çevrilirik. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu sahədə region və dünya üçün əhəmiyyət daşıyan bir sıra layihələrin reallaşmasına nail olub.Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın 100 iri layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun - Azərbaycanın növbəti beynəlxalq əhəmiyyətli layihəsinin icrası həyata keçirilib. BTQ iqtisadi layihədir, yəni əsas məqsəd Şərqdən, xüsusən Çindən Avropaya yük və sərnişinlərin daşınmasıdır.

Dövlətimizin başçısı “Şimal-Cənub” nəqliyyat dəhlizinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq demişdir: “Keçən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 10 dəfə artıb. Bu sahədə də çox böyük işlər görülür. Biz Azərbaycanın daxilində dəmir yolunun yenidən qurulması prosesinə başlamışıq. Bu il Bakı-Yalama dəmir yolunun yenidən qurulması davam etdiriləcək. Bakı-Astara dəmir yolunun yenidən qurulması üçün bu ilin investisiya proqramında da vəsait nəzərdə tutulub. Bunlar “Şimal-Cənub” dəhlizi üçün çox önəmli layihələrdir. Düzdür, bu dəmiryolu var, ancaq sürət aşağıdır”.

Bu gün Avropa ilə Asiya arasında illik ticarət dövriyyəsi 1 trilyon dollara yaxındır. Bir daha vurğulayaq ki, həmin ticarət yüklərini öz ölkələri vasitəsilə ötürmək uğrunda dövlətlər bir-biri ilə ciddi rəqabət aparır. Ölkələr arasında gedən rəqabətdə siyasi amillər deyil, iqtisadi amillər əsas rol oynayacaq. Bu səbəbdən də ölkəmizin həmin rəqabətdə üstünlük qazanacağına şübhə etmirik. Belə ki, Çinlə Türkiyə arasında yükdaşımaların müddəti bir aydan 12 günə enib. Əlbəttə, daşınmanın belə qısalmasında Azərbaycanın vaxtında icra etdiyi nəhəng infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Bizim yüklərin Xəzərin şərqindən qərbinə və ya əksinə daşınması üçün hər cür imkanımız var. Bununla yanaşı, gəmilərin yan ala biləcəyi hər cür imkanlara sahib Ələt Beynəlxalq Ticarət Limanı da fəaliyyət göstərir. Başlıcası isə, müasir dünya standartlarına cavab verən Bakı-Tbilisi-Qars dəmir yolu yükləri vaxtında Avropaya çatdırma qabiliyyətinə malikdir. Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub nəqliyyat dəhlizinin qovşağına çevrilib. Ölkəmiz mühüm infrastruktur layihələrini rəqiblərimizdən öncə yaratdığı üçün böyük üstünlüyə sahibdir.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi yeni reallıqlar yaratmışdır. Gələcəkdə Zəngəzur dəhlizi ilə daha çox yük göndərmək mümkün olacaq. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə keçirməklə yükləri tez bir zamanda Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Bir sözlə, Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Ermənistanın hər bir vəchlə buna müqavimət göstərməsi isə faydasızdır. Azərbaycan bu məsələni regionda söz sahibi olan ölkələrlə çoxdan həll edib. Ötən il oktyabrın 26-da Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş naziri arasında Soçidə keçirilən görüşün nəticəsi də  bunu aydın göstərir. İşğaldan azad edilən ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına və təzə xətlərin çəkilməsinə artıq start verilib. Hazırda Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa təzə dəmir yolu xəttinin inşası istiqamətində işlər davam edir.

Hazırda görülən işlərə paralel olaraq, Qarabağın yüksəklikdə yerləşən Kəlbəcər bölgəsinə dəmir yolu xətlərinin çəkilməsi araşdırılır. Dəliməmmədli-Kəlbəcər dəmir yolu layihəsinin ilkin konseptual variantı hazırlanıb. Şuşa və Kəlbəcərə dəmir yolu xəttinin çəkilməsi Qarabağ və Şərqi Zəngəzur bölgələrinin inkişafında müstəsna rol oynayacaq. Bu yolun hərbi-strateji əhəmiyyəti də böyükdür.

Toğrul Əliyev,
"Qeyd" İB, Sosial tədbirlər şöbəsinin sədr müavini,
“Cəmiyyətin və Medianın inkişafı” İB İdarə heyətinin üzvü