28 yanvar 2023 02:35
1574

Təbiətin möcüzələri... - FOTOLAR

Planetimizdə elə yerlər var ki, bu ərazilərə gedəndə insanın üzündə təbəssüm yaranır. Bu yazıda Yer kürəsinin ən gözəl təbiəti ilə hər kəsi təəccübləndirən məkanları haqqında bəhs edəcəyik.

Türkmənistanın “Cəhənnəm qapısı”

“Cəhənnəm qapısı” Türkmənistanda yerləşən qaz krateridir. Ərbənt aulundan 90 km məsafədə yerləşir. Kraterin diametri 60 metr, dərinliyi təxminən 20 metrdir.

1971-ci ildə sovet geoloqları Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların toplaşdığı yer aşkar etmişdilər. Qazma işləri nəticəsində geoloqlar yeraltı boşluqla qarşılaşmışdılar və nəticədə yer qatında  böyük bir çuxur əmələ gəlmişdi. Qazma qurğuları və nəqliyyat vasitələri çuxura düşmüş, buna baxmayaraq insan tələfatı qeydə alınmamışdı. İnsan səhhəti üçün təhlükəli olan qazın ətrafa yayılmaması üçün, alimlər həmin qazları yandırmağı qərara alırlar. Geoloqlar hesab edirdilər ki, yanğın bir neçə günə sönəcək, lakin onlar səhv etmişdilər. Belə ki, 1971-ci ildən indiyə qədər kraterdən çıxan qazlar gecə-gündüz fasiləsiz olaraq yanmağa davam edir.

2010-cu ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov "Cəhənnəm qapısı"nı ziyarət etmiş və regionun digər qaz yataqlarındakı hasilata zərər gəlməsin deyə  çuxurun doldurulması ilə bağlı göstəriş vermişdir. 2013-cü ilin noyabr ayında məşhur kanadalı səyyah və tədqiqatçı Corc Koronis nümunələr götürmək və araşdırma aparmaq məqsədilə çuxurun dibinə enmişdir. O, kraterin dibində yüksək temperaturda yaşaya bilən bakteriyalar aşkar etməyə müvəffəq olmuşdur. Bu bakteriyalara yer üzünün digər nöqtələrində rast gəlinmir və həmin bakteriyalar kraterin dibindəki kiçik ekosistemdə rahatlıqla mövcud olurlar.

“Böyük Mavi Delik” - Beliz

“Böyük Mavi Delik”, Beliz sahillərindəki nəhəng dəniz çuxurudur. Beliz şəhərindən 70 km (43 mil) məsafədə yerləşən kiçik bir atol olan "Lighthouse Reef" mərkəzinin yaxınlığında yerləşir. Sözügedən  çuxur dairəvi formadadır, eni 318 m və 124 m  dərinliyə malikdir. “Böyük Mavi Delik”də tapılan stalaktitlərin təhlili göstərir ki, onlar 15.000 il əvvələ aiddirlər. Qeyd edək ki, bu təbii memarlıq möcüzəsi" Beliz Bariyer Reef Rezerv" sisteminin bir hissəsidir.

“Wulingyuan” Dağları - Çin

"Avatar" filmindəki Pandora planetində yerləşən qeyri-adi gözəlliyə malik olan  uçan dağlar rejissorların ixtirası deyil. Əslində bu dağlar təbiətin bir möcüzəsidir. Çinin "Zhangjiajie Milli Parkı"nın bir hissəsi olan bu dağ massivinin adı " Wulingyuan"dır. Burada yerləşən qayaların sayı 3000-dən çoxdur və hündürlüyü 800 metrə qədərdir. "Avatar"  filminin  sayəsində turistlər buranı ziyarət etməkdən zövq alırlar.

Erebus vulkanı - Antarktida

Erebus  Antarktidanın Cənub qütbündə yerləşən  ən fəal vulkanlardan biridir. Dəqiqliyi ilə desək, bu vulkan Ross adasında yerləşir. Erebusun hündürlüyü 3794 metr təşkil edir. Erebus vulkanı 28 yanvar 1841-ci ildə İngilis ekspedisiyasının rəhbəri Ceyms Ross tərəfindən kəşf edilib. Vulkanın aktivliyi 1972-ci ildən müşahidə edilir. Hal-hazırda Nyu-Meksiko ştatının texnologiya mühəndisləri tərəfindən  vulkanda müşahidə stansiyası qurulur. Vulkan kraterində lava gölü vardır. Qeyd edək ki, Erebus vulkanı qədim yunan mifalogiyasında tanrılardan biri olan Erebin şərəfinə adlandırılıb.

“Şokolad təpələri” - Filippin

“Şokolad təpələri” Filippinin Bohol əyalətində sayı 1500-ə yaxın olan əhəngdaşı kurqanlarıdır. Təpələr adətən yaşıl ot ilə örtülü olur, quru mövsüm zamanı isə sahə tünd-qəhvəyi rəngə çevrilir. Bu səbəbdən də təpələr “Şokolad təpələri” adlanır.

Üstü hamar olan təpələrin hündürlüyü 50 metrdən 150 metrə çatır. Təpələr ümumi 50 kvadrat kilometr sahəni əhatə edir.

1988-ci ildə “Şokolad təpələri” Filippinin üçüncü Milli Geoloji abidəsi elan edilib. Onların  UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi nəzərdə tutulur.

“Şokolad təpələri”nin mənşəyi hələ də dəqiqləşdirilməyib. Məşhur dünya alimlərinin bu mövzuda fikirləri fərqlidir. Bəziləri təpələrin qeyri-adi bir formada olmasının səbəbini məhz aktiv vulkanların fəaliyyəti ilə izah edir, digərləri isə təpələri mərcan çöküntülərinin məhsulu hesab edirlər. Bu barədə hələ də araşdırmalar aparılmaqdadır. Yerli əhali isə təpələrin yaranma səbəbini müxtəlif: sevgi, müharibə, nəhənglər haqqında əfsanələrlə əlaqələndirirlər. Qeyd etmək lazımdır ki, bu geoloji formasiyalar Filippinin ən vacib turizm yerləri siyahısına daxil edilmişdir.

"Kasha-Katuwe" Çadır Qayaları abidəsi - ABŞ

Bu milli abidə, Santa Fe şəhərindən 60 kilometr məsafədə, Nyu- Mexico əyalətində yerləşir və vulkanik qayaların çökməsi səbəbindən meydana gəlmişdir.

“Ischigualasto Təbii Parkı” - Argentina

Qeyri-adi, ekzotik mənzərələri ilə Argentina dünyanın hər yerindən turistləri və səyahətçiləri cəlb edir. Argentinanın incisi kimi tanınan "Ischigualasto Təbii Parkı"  yerli sakinlər tərəfindən  ay vadisi adlandırılıb. Parkın tam mərkəzində 80 metr hündürlüyündə yerləşir. 2700 metr enində olan bu möcüzə  bir neçə müxtəlif  şəlalədən ibarətdir.

“Sokotra adası” - Yəmən

Sokotra adası  Hind okeanının şimal-qərbində yerləşir. Ada Sokotra arxipelaqının ən böyük adasıdır.  Ada Ədən körfəzinin şərq girəcəyində Afrika buynuzu yarımadasından 250 km şərqdə, Ərəbistan yarımadasından 350 km cənubda yerləşir. Uzunluğu 133 km, eni 42 km, sahəsi 3625 km² təşkil edir. Maksimal hündürlüyü 1505 metrdir.Adanın əsas şəhəri Habeydodur. 2004-cü il məlumatına görə, adada 42 442 nəfər yaşayır.

1880-ci ildə adaya ilk dəfə İsaak Valfuronun başçılığı ilə Britaniya ekspedisiyası göndərilib və  adada cəmi 48 gün olan ekspedisiya 200-dən çox elmə məlum olmayan bitki aşkarlayıb. Məhz bu səbəbdən  ada "Hind okeanının Qalapaqosu" adını qazanıb.

Ada ərazisində yaşayan əhalinin böyük qismini çobanlar, torpaq sahibləri və balıqçılar təşkil edir.Əsəs məşğuliyyətləri qoyunçuluq və davarçılıqdır.

Samirə Tağıyeva, “İki sahil”