27 yanvar 2023 23:19
516

Rəsmi Tehran baş verən terrora görə cavab verməlidir!

Azərbaycan səfirliyimizə qarşı terror hücumunu törədənlərin layiqli cəza almalarını təmin etmək üçün beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcək

İran özünün Azərbaycana qarşı dostluğa, qonşuluğa, dinimizin və beynəlxalq hüququn tələblərinə sığmayan düşmən münasibətini, qara niyyətini, ləyaqətsiz, eybəcər simasını növbəti dəfə göstərdi. Yanvarın 27-də səhər saatlarında Azərbaycanın bu ölkədəki səfirliyinə edilmiş xain hücum ən müxtəlif yalanlarla, bəhanələrlə ölkəmizi olmayan şeylərdə günahlandırmağa çalışan, gecə-gündüz qaramıza hədyanlar yağdıran şovinist fars rejiminin iç üzünü bir daha açmış oldu. Diplomatik nümayəndəliyimizə qarşı törədilmiş cinayət terror aktıdır və onun bütün məsuliyyəti birbaşa olaraq İran hökumətinin üzərinə düşür. Rəsmi Tehran baş verən terrora görə cavab verməlidir.

Qanlı terror aktı və İranın yalanları

Məlum olduğu kimi, dünən – yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinin binasına hücum edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, hücum edən şəxs “kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi, baş leytenant Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirib, xidmətin daha iki əməkdaşı isə yaralanıb. Yalnız təhlükəsizlik xidməti əməkdaşının qəhrəmalığı və cinayətkarı zərərsizləşdirə bilməsi sayəsində terror aktının daha böyük faciə ilə nəticələnməsinin qarşısını almaq mümkün olub.

Hadisədən bir neçə saat sonra İran mətbuatında qanlı terror aktını həyata keçirmiş şəxsin saxlanıldığı barədə xəbərlər yayılıb. Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi baş vermiş hadisə ilə bağlı yerli “Tasnim” xəbər agentliyinə verdiyi açıqlamada silahlı hücum edən şəxsin səfirliyə guya iki azyaşlı uşağı ilə daxil olduğunu bildirib. İlkin səbəb kimi isə “cinayətkarın şəxsi və ailə problemləri” göstərilir.

Ancaq qeyd edək ki, S.Rəhiminin əvvəlcədən planlaşdırıldığı şübhə doğurmayan terror aktının səbəbi haqqındakı dedikləri reallıqdan uzaqdır, şübhə və suallar yaradır. Çünki əvvəla, hücumun Azərbaycanın diplomatik korpusunun müşahidə kameraları tərəfindən lentə alınmış anbaan görüntülərində cinayətkarın tək olduğu aydın görünür. Eləsə Rəhimi “uşaqlar”ı harasından uydurub? Əlində “kalaşnikov”la qanlı cinayət törətməyə gedən bir insanın “azyaşlı uşaqlarını” (videogörüntülər heç bir uşağın olmadığını təsdiqləyir) öz yanınca aparması hansı molla məntiqinin məhsuludur?

Tehranın polis rəisi tərəfindən hadisənin motivinin dəyişdirilməsi cəhdləri cinayəti törədən İran vətəndaşı Yasin Hüseynzadənin bu ölkənin xüsusi xidmət orqanları, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğuna dair ciddi şübhələr yaradır.

Yeri gəlmişkən, Azərbaycanın “Caliber” kanalı etibarlı mənbələrə istinadən yazır ki, İran tərəfi izləri ört-basdır etməyə və diqqəti yayındıran informasiya hay-küyü yaratmağa çalışaraq, guya “erməni izi” ilə bağlı fikirlər səsləndirir. Amma bu, açıq-aşkar yalandır və Azərbaycan ictimaiyyətini çaşdırmağa hesablanıb: “İran təbliğatının növbəti versiyası belədir: guya iranlı Yasin Hüseynzadə hansısa səbəbdən səfirliyin ərazisində saxlanılan həyat yoldaşını “azad etmək” üçün iki uşağı ilə birlikdə buraya gəlib. Bu ağ yalan və İran xüsusi xidmət orqanlarının planlaşdırdığı terror aktını məişət cinayəti kimi təqdim etmək cəhdidir.”

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə də Türkiyənin “TRT Haber” kanalına açıqlamasında bildirib ki, Tehrandakı səfirliyimizə hücumun həyata keçirilməsinin şəxsi zəminində olduğunu düşünmürük və hücumla bağlı bütün məsuliyyəti İran daşıyır.

Bu ölkədə bütün səfirliklər təhlükədədir

Qeyd edək ki, beynəlxalq qanunvericiliyin tələblərinə əsasən, baş vermiş qanlı cinayətə görə məsuliyyət hər bir halda hadisənin baş verdiyi ölkənin, yəni, İranın üzərinə düşür. Belə ki, bu məsuliyyət 18 aprel 1961-ci ildə Vyana konqresində qəbul olunmuş, İranın da qoşulduğu Diplomatik Əlaqələr Haqqında Konvensiyanın tələbləri ilə müəyyənləşir. Həmin Konvensiyanın 31-ci maddəsinə görə, hər bir dövlətin üzərinə ərazisində olan konsulluq binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. Hətta yenə həmin maddəyə görə, yerləşmə dövlətinin hakimiyyət orqanları belə konsulluq qurumu başçısı, onun təyin etdiyi şəxs, yaxud təmsil edilən dövlətin diplomatik nümayəndəlik başçısının razılığı olmadan konsulluq binalarının sırf konsulluq qurumunun işi üçün istifadə olunan hissəsinə daxil ola bilməzlər. Ancaq terrorçu Yasin Hüseynzadənin əlindəki avtomatla sərbəst şəkildə səfirliyimizin yerləşdiyi binaya yaxınlaşa bilməsi, üstəlik bunun yerli polisin gözü qarşısında baş verməsi və polisin heç nə olmamış kimi davranması, nəhayət Azərbaycan səfirliyində törədilmiş qanlı terror aktı İranda yerləşən digər ölkələrin diplomatik korpuslarının da real təhlükə altında olduğunu göstərir.

Ətrafa terror təhlükəsi saçan İran...

Beləliklə, səbəbindən, kimin tərəfindən planlaşdırılmasından və törədilməsindən asılı olmayaraq Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına görə rəsmi Tehran cavabdehdir. Bu başqa məsələdir ki, adını İslam dövləti qoyan İranın qonşu ölkələrə qarşı terrorçuluq fəaliyyətini dəstəkləməsi, həmçinin bu ölkənin xüsusi xidmət orqanları ilə Ermənistanın terror təşkilatları arasında yaxın əməkdaşlığın olması ilə bağlı kifayət qədər faktlar mövcuddur.

Terror siyasətinin hədəfindəki dövlətlər arasında isə Azərbaycan, Gürcüstan və Türkiyə də var. Məsələn, 2022-ci il dekabrın 28-də qardaş ölkənin daxili işlər naziri Süleyman Soylu illik mətbuat konfransında İrandan hücum təlimatı alan 5 terrorçunun Türkiyənin Van bölgəsində partlayıcılarla birlikdə tutulduğunu bildirmişdi. Yalnız yerli polis idarəsinin əməkdaşlarının sayıqlığı nəticəsində partlayışı əngəlləmək mümkün olmuşdu. Özü də bu, İranın Türkiyədə terror fəaliyyəti göstərməsinə dair ilk hadisə deyildi. Ötən ilin yayında İstanbul şəhərində israillilərə qarşı hazırlanmış üç terror aktının qarşısı alınmış və müəyyən edilmişdi ki, terror aktlarını İrana aid üç ayrı-ayrı qruplar reallaşdırmağa hazırlaşırmış. Bundan başqa, bir müddət öncə qonşu Gürcüstanda bu ölkədə fəaliyyət göstərən israilli iş adamına qarşı terror aktı törətməyə hazırlaşan dəstə yaxalanmışdı və bu cinayət aktının da İranın xüsusi xidmət orqanları tərəfindən hazırlandığı müəyyən edilmişdi.

Qeyd edək ki, Azərbaycan torpaqları işğal olunduğu illərdə İran hakimiyyətinin xüsusi xidmət orqanlarının terrorçu ASALA ilə əlaqəsi və ondan Azərbaycana qarşı istifadə etdiyinə dair  də çoxsaylı təkzibolunmaz faktlar var. Bir müddət öncə, vaxtilə erməni terror təşkilatlarının “anası” sayılan, Türkiyənin müxtəlif dövlətlərdəki diplomatik nümayəndəliklərinə qarşı qanlı aksiyalar həyata keçirməsi ilə “ad qazanmış” ASALA-nın üzvü olmuş Martiros Jamkoçyan Ermənistanın “Hraparak” nəşrinə müsahibəsində İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqlarını etiraf etmişdi. M.Jamkoçyan açıqlayacağı məlumatın məxfi olduğunu gizlətmədən bildirmişdi ki, 1993-cü ildə Qubadlı rayonunun ermənilər tərəfindən işğalından əvvəl farslar (İranın xüsusi xidmət orqanlarının əməkdaşları) ASALA-nın liderlərindən biri, beynəlxalq terrorçu Monte Melkonyana zəng ediblər və görüşmək üçün Gorusa gəliblər. Keçmiş terrorçu onların Monte ilə hesablaşdığını və Qubadlı əməliyyatının hazırlığından xəbərdar olduqlarını da bildirib: “Biz onda Laçında idik. Zəngilan, Qubadlı və Horadizə hücum etmək üçün tank diviziyamızın bir hissəsini ora aparmışdıq. Farslar bu əməliyyatlardan xəbərdar idilər, onu hazırlayanı da tanıyırdılar. Həmin vaxt İran tərəfinin marağı müharibənin nəyin bahasına olursa, olsun Arazın o tayına keçməməsi idi. Ona görə də onlar bizimlə əməkdaşlıq etmək istədilər. Onlar təminat istəyirdilər və bizimlə razılaşmaq üçün gəldilər. Bu, 1993-cü il yazın əvvəlində olub. Əlbəttə, biz əsgərlərimizin və geri çəkilən azərbaycanlıların İran istiqamətində atəş açmasına imkan verməyəcəyimiz haqqında farslara təminat vermişdik. Və belə də oldu.”

Jamkoçyanın müsahibəsində bir neçə məqam xüsusilə diqqət çəkir və görünür, keçmiş terrorçu istəmədən lazım olduğundan daha artıq məxfi məlumatı açıqlayıb. Belə məlum olur ki, İran xüsusi xidmət orqanları ilə erməni terrorçularının əməkdaşlığı əvvəldən mövcud imiş. Əks halda, farslar ermənilərin Qubadlını, həmçinin Zəngilanı və Horadizi işğal etmək üçün hazırladıqları işğal planından xəbərdar olmazdılar və bu planları hazırlayanları tanıya bilməzdilər. Bu fakt başqa bir ehtimalı da gücləndirir – İran tərəfi buna qədərki digər şəhər, rayon və kəndlərimizin işğalından və yəqin ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı planından da xəbərdar olub. Ancaq nəinki qonşu və müsəlman dövləti olaraq hər hansı tədbir görməyib, əksinə susaraq Azərbaycanı bu barədə məlumatlandırmağa da ehtiyac duymayıb.

Başqa bir məqam: Keçmiş terrorçu etiraf etmişdi ki, İran xüsusi xidmət orqanlarının əməkdaşları onlarla, əsas da qatı cinayətkar Monte Melkonyanla hesablaşırdılar. Keçirilən görüşlər də Azərbaycan əleyhinə razılaşmalarla yekunlaşıb. Fars şovinistlərinin Birinci Qarabağ müharibəsi zamanı əli günahsız azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Melkonyanla əməkdaşlığı daha hansı mənfur planların həyata keçirilməsi ilə bağlı olub görəsən?

Məlumdur ki, Ermənistanın “Hnçak”ı, “Daşnaksütyun”u, ASALA-sı (“Armenian Secret Army for the Liberation of Armenia), “Geqan”ı, “Apostol”u və digər onlarla terror qrupları olduğu kimi, İranın da “Həmas”ı, “Hizbullah”ı, SEPAH-ı, “Ənsarullah”ı, ölkəmizdə din pərdəsi altında pozuculuqla məşğul olmaq istəyən “Hüseyniyyun”u və s. terror təşkilatları fəaliyyət göstərir və şovinist fars rejimi tərəfindən dəstəklənir.

Bütün qeyd edilənlər, həmçinin dünən Tehrandakı diplomatik nümayəndəliyimizə qarşı törədilmiş qanlı cinayət 2022-ci il avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumun da arxasında İranın xüsusi xidmət orqanlarının və sözü gedən terror təşkilatlarının dayandığı ehtimalını gücləndirir. Xatırladaq ki, həmin hadisə zamanı bir qrup radikal şəxs səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxmış, divarlara, pəncərələrə ərəb dilində şüarlar yazmışdılar. Dinin İranın terrorçuluq siyasətində alətə çevrildiyini də nəzərə alsaq London hadisələrinin ssenarisinin harada yazıldığını təxmin etmək elə də çətin olmaz.

Anti-Azərbaycan təbliğatının və fəaliyyətinin nəticəsi

Son aylarda da İranın ölkəmizdə terror fəaliyyətinə dair bir neçə fakt aşkarlanıb. Hətta məlum olub ki, İran səfirliyinin avtomobili belə cinayət əməlləri üçün istifadə olunub. 2022-ci ilin noyabr ayında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə Tehranın hazırlayıb göndərdiyi əvvəlcə 14 nəfərlik, bir neçə gün aradan sonra daha 13 nəfərlik terrorçu qrupun aşkarlandığını xatırlatmaq yerinə düşər. Həmin vaxt terrorçularla bağlı bütün şəxsi məlumatlar belə açıqlandı, Azərbaycanın XİN tərəfindən bu ölkəyə etiraz notası təqdim edildi. Ancaq İran məsələyə rəsmi olaraq heç bir münasibət bildirmədi. Əvəzində İran kütləvi informasiya vasitələri gecə-gündüz Azərbaycan əleyhinə təxribat xarakterli, şər-böhtan dolu məlumatlar tirajlanmağa başladı. Səfirliyimizdə törədilən terror aktı da, məhz uzun müddətdir aparılan Anti-Azərbaycan təbliğatının və fəaliyyətinin qanlı nəticəsidir.

İndi bütün bunlardan sonra terrorçuluğu dövlət siyasətinə çevirmiş, yaxın qonşularına, xüsusilə Azərbaycana qarşı açıq düşmən mövqeyi sərgiləyən İranın şər hakimiyyətinin balaca uşağın belə inanmayacağı yalan uyduraraq səfirliyimizə qarşı xain hücuma “məişət zəminində hadisə” donunu geyindirməsinə özlərindən başqa kim inanar? 

Cinayət cəzasız qalmamalıdır...

Əgər həqiqətən İranın baş verən hadisəylə əlaqəsi yoxdursa, qoy, xoş niyyətini nümayiş etdirib əsl cinayətkarı tapsınlar. Qoy İranın ali dini lideri həqiqi müsəlman kimi davransın və qətlə yetirilmiş müsəlman qardaşına görə dövləti və hökuməti adından Azərbaycan xalqından üzr istəsin. Əslində belə olmalıdır. Ancaq deyil.

Azərbaycan XİN-in hadisə ilə bağlı bəyanatında bildirilir ki, İrandakı səfirliyimizə qarşı əvvəllər də təhdid cəhdləri olub. Bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi ilə bağlı İran qarşısında davamlı şəkildə məsələ qaldırılıb. Ancaq törədilən terror aktı sübut edir ki, Azərbaycanın bu istiqamətdə təkidli müraciətləri hansı səbələrdənsə, hətta bəlkə məqsədli olaraq diqqətə alınmayıb, lazımi tədbirlər görülməyib. Odur ki, indi cavab vermək zamanıdır. Azərbaycan rəsmi olaraq İrandan sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edir. Ancaq İranın hadisənin əsl təfərrüatlarını ört-basdır etməyə çalışacağı ilə bağlı ciddi əsaslar var. Odur ki, Azərbaycan günahkarların müəyyənləşdirilməsini və layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcək. Bu həm də ona görədir ki, İran tərəfinin baş verən hadisəni obyektiv araşdıracağı inandırıcı görünmür və şübhə doğurur.

Bütün “dostluq körpülərini yandıran”, ən alçaq üsullarla ölkəmizə və millətimizə qarşı cinayətə əl atmış alçaq düşmən anlamalıdır və anlayacaq ki, törətdiyi əməl cavabsız qalmayacaq. Elə şəhidimiz Orxan Əsgərovun qanı da!..

Mahir Rəsuloğlu, “İki sahil”