03 fevral 2023 02:36
391

Qəddar İran molla rejiminin repressiv siyasəti

Bu, açıq-aşkar Xoydakı soydaşlarımıza qarşı soyqırımıdır

Azərbaycan xalqına qarşı düşmən münasibət göstərən molla rejimi soydaşlarımızı acınacaqlı vəziyyətdə qoymaqla onlardan qisas alır

İranın Azərbaycana qarşı uzun illər davamlı təhdidləri, kin-küdurəti artıq həddini aşmış durumdadır. Bunun bariz nümunəsi kimi rəsmi Tehranın son vaxtlar Ermənistana etdiyi humanitar, siyasi, iqtisadi, hərbi yardımlarını daha da genişləndirməsini, molla rejiminin özü kimi terrorçu ölkəyə bir qara qəpiksiz kamikadze dronlar, raketlər verməsini göstərmək olar. Son olaraq Tehrandakı səfirliyimizə edilən terror hücumu və ortaya çıxan mənzərədən də aydın oldu ki, İran rejimi Azərbaycana açıq-aşkar nifrət bəsləyir, təhdid, hədə-qorxu gəlməkdən çəkinmir. İran mətbuatının anti-Azərbaycan təbliğatı, sərhədlərimizdə hərbi təlimlərin keçirilməsi, son olaraq ölkəmizin səfirliyinə silahli hücum və törədilən terror aktı molla rejiminin Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik hissindən qaynaqlanır. Məlumdur ki, 1985-ci ildən başlayaraq bir çox beynəlxalq hesabatlarda İran məhz terrorizmi dəstəkləyən, terrorçu dövlət kimi qeyd edilib. Bir çox ölkələrdə törədilən terrorlarda İranın xüsusi xidmət orqanlarının iştirakı təkzib edilməz sübutlarla öz təsdiqini tapıb. Eyni zamanda, İranın müxtəlif bölgələrdə terrorçu qruplar formalaşdırmaq və onların maliyyələşdirilməsini həyata keçirməsi artıq sübut olunub. Bütün bunlar onu göstərir ki, İran özü terrorçu, eyni zamanda terrorizmi maliyyələşdirən, dəstəkləyən, özünü müdafiə alətinə, vasitəsinə çevirən bir dövlətdir.

Son iki gündə ölkəmizdə İranın casus şəbəkəsinə xidmət edən xeyli sayda şəxsin ələ keçirilməsi də deməyə əsas verir ki, molla rejimi Azərbaycanı parçalamaqda, onu bölməkdə tarixən olduğu kimi, indi də ən çox maraqlı olan qüvvələrdən biridir. Bu, sadəcə dövlətə, dövlətçiliyə, rejimə, onun mövcudluğuna qarşı yox, xalqa, millətə qarşı yönəlmiş düşmənçilik siyasətidir. Günlər öncə Güney Azərbaycan ərazisində baş verən güclü zəlzələ fonunda ortaya çıxan mənzərə isə dediklərimizi bir daha təsdiq etmiş oldu. Belə ki, güclü zəlzələ nəticəsində evləri dağılan soydaşlarımız küçələrdə yaşamağa məcbur olub. Bəziləri çadırlara sığınsalar da, böyük əksəriyyəti sığınacaqsız vəziyyətdədir. Bir tərəfdən soyuq, bir tərəfdən aclıq soydaşlarımızı əldən salıb, uşaqların vəziyyəti də çox acınacaqlıdır. Soydaşlarımızın molla rejiminə səslənməsinə baxmayaraq heç bir tədbir görülmür. Hətta Güney Azərbaycandan olan məşhur kinorejissor Məhəmməd Əlimuradi Xoyda zəlzələdən əziyyət çəkən əhalinin vəziyyəti ilə maraqlanıb və rejim rəsmilərini modul tipli sığınacaqlar quraşdırmağa çağırıb. Azad İran teleqram kanalında yayılan görüntülərə görə, Xoy şəhərinin Var kəndində zəlzələ nəticəsində evsiz-eşiksiz qalan insanların vəziyyəti ürək dağlayır. Hazırda çarəsiz soydaşlarımız şaxtalı qış günlərində küçələrdə qalmağa məhkum olub. Azad İran yazır ki, molla rejimi zəlzələdən əziyyət çəkən soydaşlarımıza ögey münasibət göstərir. Bu azmış kimi mollalar özlərini elə göstərirlər ki, guya soydaşlarımızın “qayğısına” qalırlar, amma heç bir tədbir görmürlər. Azərbaycan xalqına qarşı düşmən münasibət göstərən molla rejimi soydaşlarımızı acınacaqlı vəziyyətdə qoymaqla sanki onlardan qisas alır. Bütün bunlar azmış kimi qəddar İran molla rejimi Qızıl Aypara Cəmiyyətinin Türkiyənin Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində zəlzələdən zərər çəkənlərə kömək etmək təklifini də qəbul etməyib. İran rejimi zəlzələnin ağır fəsadları ilə üzləşən Xoy sakinlərinə etinasız yanaşsa da, soydaşlarımız özü yardımlar təşkil etməyə çalışır. Xüsusilə də Təbrizdən, Ərdəbildən yardımlar təşkil olunur. Sosial mediadan da gördüyümüz kimi, Təbrizin bir çox meydanlarında yardım çadırları qurulub, hər gün 20-30 maşın Xoy şəhərinə yola düşür. Lakin çox təəssüf ki, İran rejimi Güney Azərbaycan xalqının bu yardımının da qarşısını almağa, maneələr törətməyə çalışır. Hətta insanlar bu yardımları çatdırmaq üçün İran qüvvələrinə müqavimət göstərir, döyülürlər. Bu barədə də sosial şəbəkələrdə xeyli sayda videogörüntülər, informasiyalar yayılıb. Bu, açıq-aşkar Xoydakı soydaşlarımıza qarşı keçirilən soyqırımdır.

İranın bu cür davranışlarının nəyə əsaslandığını təxmin etmək o qədər də çətin deyil. Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaratdığı yeni reallıqlar İranın qorxulu röyalarından olan Türk dövlətlərinin daha sıx birləşməsi üçün imkanları artırıb. Ölkəmiz hüdudları və iqtisadi potensialı kifayət qədər geniş olan tarixi Türk coğrafiyasının bərpasında mərkəzi aktorlardan biri qismində çıxış edir. “Azərbaycanlı” kəlməsindən uzaq durmağa çalışan rejim İranı Azərbaycana münasibətdə əndişələndirən ən mühüm faktorlardan biri də bu ölkədəki azərbaycanlılar xofudur. İranın ərazisinin böyük bir hissəsində sayları təxminən 40 milyona çatan Azərbaycan türkü yaşayır. Onlar bu yerlərin aborigen sakinləridirlər. Azərbaycanlıları özlərinin qorxulu röyaları sayan mollalar soydaşlarımıza qarşı repressiv siyasət həyata keçirirlər. Təəccüblü haldır ki, bu ölkədə bir ovuc gəlmə erməni əhalisi üçün ana dilində təhsil almaq, qəzet və jurnallar buraxmaq imkanları yaradılıb. Böyük bir toplum olan aborigen azərbaycanlılar isə bütün bu hüquqlardan məhrum qalıblar. Belə qara niyyəti doğuran səbəblər bəllidir. Daxildə 40 milyonluq Azərbaycan türkü və qonşuluğundakı müstəqil Azərbaycan dövlətinin mövcudluğuna görə rejim iranlı soydaşlarımızın ən adi hüquqlarını belə tanımaq istəmir. İranda çoxmilyonlu azərbaycanlılar xofu o həddə çatıb ki, rejim “azərbaycanlı” sözündən “ilan vuran ala çatıdan qorxar” kimi ehtiyatlanır.

Sevinc Azadi, “İki sahil”