08 fevral 2023 03:19
944

Zəlzələ... - Bu təbii fəlakətin qarşısında acizik...

Damğan – İran

22 dekabr 856-ci ildə  İranın Damğan rayonunda 7.9 bal gücündə  baş verən zəlzələ zamanı 200000-dən artıq insan həyatını itirmişdi. 

Ərdəbil – İran

893-cü il 23 mart tarixində baş verən  zəlzələnin gücü dəqiq məlum olmasa da, fəlakət nəticəsində 150000-dən artıq insan vəfat etmişdi.

Hələb – Suriya

1138-ci ildə baş vermiş zəlzələnin gücü hələ də məlum olmasa da onun qurbanlarının sayı 230 min nəfər olaraq hesablanır.

Şensi – Çin

Tarixin ən dağıdıcı və ən dəhşətli zəlzələsi  1556-cı il yanvarın 23-də qeydə alınıb.

Bu zəlzələ Çinin Xua dağının ətrafında yerləşən Şensi şəhərinin yaxınlığında baş verib. Həmin yeraltı təkanın gücü 11 bala çatıb. Nəticədə Şensinin bir sıra rayonlarında 1 nəfər də olsun sağ insan qalmayıb. Bu zəlzələ həlak olanların sayına görə tarixdə ən dəhşətli zəlzələlərdən biri sayılır.

Zəlzələ Şansi, Xenani, Qansu, Xebeya, Şanduna, Xubeya, Xunani, Tszyansu və Anhoya əyalətlərinin 97 bölgəsinə ziyan vuraraq, bu ərazilərdəki tikililəri məhv etdi və nəticədə təqribən 830.000 insan həlak oldu. O vaxtlar bu ərazilərdəki əhalinin böyük hissəsi meşəli təpələrin yamaclarında qurduqları qazmalarda yaşayırdırlar və zəlzələ baş verən zaman həmin qazmaların çökməsi həlak olanların sayının artmasına səbəb oldu.

Hansü - Çin

1920-ci il 16 dekabrında baş vermiş zəlzələ də ən dəhşətli zəlzələlər siyahısına daxildir. Zəlzələnin gücü 8.6 bal təşkil edirdi.  Torpaq sürüşmələrinə səbəb olan fəlakət zamanı 200000 insan həlak olub,  20000-dən artıq insan isə donaraq həyatını itirib.

Kanto  – Yaponiya

1923-cü ilin sentyabrın birində Kanto bölgəsində baş verən fəlakət Yaponiyada ən dəhşətli zəlzələ kimi yaddaşlara həkk olub. 7,9 bal gücündə olan təkanlar  Tokio və Yokohamada da ciddi fəsadlara səbəb olmuşdu. Bu zəlzələ zamanı  142000 insan  həlak olub, 380000 ev isə  tamamilə yararsız vəziyyətə düşmüşdü.

Aşqabad - Türkmənistan

1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində bir göz qırpımında Aşqabad xarabalığa çevrilmiş, 176 min türkmənin ölmüşdü.

Şəhərdə zəlzələ qurbanlarına abidə qoyulmuşdur və 6 oktyabr Türkmənistanda zəlzələ qurbanlarının anım günü kimi qeyd edilir. UNESCO Aşqabad zəlzələsini XX əsrin dağıdıcı fəlakəti kimi tanımışdır.

Tyanşan – Çin

20-ci əsrin ən çox insan itkisinə görə ən dağıdıcı zəlzələlərindən  hesab olunur. Tyanşan zəlzələsi 28 iyul 1976-cı ildə baş verib. 7,8 bal gücündə olan təbii fəlakət zamanı 255000 nəfər həyatını itirmişdi.  Yerli əhalinin sözlərinə görə, əslində  ölənlərin sayı daha çox olub. Paytaxt Pekində də hiss olunan zəlzələ zamanı 799000 ada zərər çəkib.  Dağıdıcı zəlzələ sadəcə 10 saniyə davam etsə də 180000 binanın dağılmasına səbəb olmuşdu.

Sumatra – İndoneziya

26 dekabr 2004- cü ildə İndoneziyanın Sumatra adası yaxınlığında 9,1 bal gücündə baş verən zəlzələ və onun ardından gələn sunami Cənubi Asiya və Afrikada 14 ölkədə hiss olunmuşdu. Nəticədə 227000-dən çox insan həyatını itirmiş, 50000-dən çox isə itkin düşmüşdü.

 

Haiti zəlzələsi

2010-cu il 12 yanvar tarixində  Haitidə baş vermiş zəlzələ sanki  bütün dünyanı silkələdi. Zəlzələnin gücü rixter şkalasına görə 7 bal olaraq ölçülürdü.  Bu təbii fəlakət zamanı qurbanların sayı 222570 nəfərə çatmışdı.

Türkiyə və Suriya

2023-ci il 6 fevral tarixində  Türkiyə və Suriyada  baş verən dəhşətli zəlzələ nəticəsində ölənlərin sayının 5 min ötdüyünü,  təkcə Türkiyədə 20 mindən çox yaralının olduğu deyilir, 6 minə yaxın bina isə dağılıb. Türkiyədə baş vermiş ölümcül zəlzələyə görə Prezident Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm elan edib. Hazırda axtarışlar davam etməkdədir.

Samirə Tağıyeva, “İki sahil”