Sakaryada yaşayan bir şəxs 1999-cu ildə Kocaelinin Gölcük rayonunda baş verən zəlzələdən sonra ona verilən oyuncaq ayını "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkmiş bölgədəki uşaqlara göndərib. İllər əvvəl oxşar faciəni yaşayan şəxsin zəlzələ qurbanlarına göndərdiyi oyuncaq ayının üzərindəki qeyd hər kəsi kədərləndirib.
Qeyd edək ki, Türkiyə fevralın 6-da səhər saatlarında Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ ilə gözlərini yeni günə açdı. Kahramanmaraş və ətraf 10 vilayətdə baş verən zəlzələdən sonra bu dəfə günorta saatlarında eyni bölgədə 7,6 bal gücündə daha bir zəlzələ baş verib. Bütün bu kədərli günlərdə ölkənin hər yerindən, o cümlədən digər dövlətlərdən zəlzələ bölgələrinə yardımlar gəlməyə başlayıb. Sakarya İnsan Haqq və Azadlıqları (İHH) Humanitar Yardım Dərnəyi sosial şəbəkə hesabından kədərli paylaşım edib. Paylaşımda 1999-cu il zəlzələsində 6 yaşlı uşağa hədiyyə edilən oyuncaq ayının zəlzələ bölgəsindəki uşaqlara göndərildiyi bildirilib.
Oyuncağın zəlzələ bölgəsində yeni sahibinə çatması üçün Sakarya İHH Arifiye İlçe Nümayəndəliyinə gətirilib. Onun üzərində bunlar qeyd olunub: 1999- cu il zəlzələsində 6 yaşında olarkən bir tırdan mənə verilən bu oyuncaq artıq sənindir. 23 il sənin üçün saxladım, amma İnşallah səndə ömürlük qalar. Oyuncaq ayının qruplar tərəfindən zəlzələ bölgəsinə göndəriləcəyi bildirilib.
Vüsal Cahanov, “İki sahil”