01 aprel 2023 13:34
251

İfşa olunan “5-ci kolon”lar - yenilərini yaratmaq uğrunda cəhd

Ermənistanla sərhədyanı bölgəyə Avropa İttifaqının mülkü müşahidə missiyasının birtərəfli qaydada yerləşdirməsi Qərbin regiona, Azərbaycanın irəli sürdüyü təkliflərə münasibətinin göstəricisidir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin hərbi birləşmə saxlamasına, işğal illərində mina basdırılan ərazilərin xəritəsinin təqdim edilməməsinə, habelə sülh və normallaşma prosesinə mane yaratdığı üçün Ermənistana təzyiqlər edilmədiyi halda Qərb bloku mücərrəd məsələlərlə Azərbaycana təzyiqlər etməyə çalışır.

Heç sirr deyil ki, ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər və onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirilər. İstənilən dövlət bu tip məsələdə sağlam tərəfdaşlıq və əməkdaşlığa üstünlük verir. Azərbaycan da sağlam əməkdaşlıq prinsiplərinə və vətəndaş cəmiyyəti ənənlərinə sadiq qalaraq onların fəaliyyətinə daim imkan yaradıb. Ancaq təcrübə göstərir ki, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına tövhə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. Bir qayda olaraq, bu cür təşkilatlar Azərbaycan dövləti ilə müəyyən istiqamətlərdə əməkdaşlıq etsələr də, onların əsas fəaliyyət istiqaməti, özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək vermək olub.

USAİD-lə yanaşı Fridrix Nauman, NED, İREX, Marşall və başqa bu kimi qurumlar Azərbaycanda “5-ci kolon” formalaşdırmaq, onlardan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. 2000-ci ilin əvvəllərindən başlayaraq postsovet məkanında rəngli inqilablar, sonralar isə Yaxın Şərqdə “ərəb inqilablar”ı ilə siyasi kataklizmlər həmin şəbəkələrin yaxından iştirakı ilə baş tutub.

“5-ci kolon”un xaricdən maliyyələşdirilməsi onların mahiyyətini təsdiqləyən amillərdəndir.

Məhz bu cür milli mənafeyə zidd fəaliyyətlərin qarşısını almaq məqsədilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşməsinin qarşısı alındı. Ötən illərdə ölkədə QHT-lər vasitəsilə siyasi partiyaların maliyyələşdirilməsi adi praktikaya çevrilmişdi. Zaman-zaman “SİDSUH”, “Demblok”, “İctimai Palata”, “Milli Şura” və başqa adlar altında yaradılan qurumlar Qərbin dəstəyi sayəsində fəaliyyət göstərirdi. Ancaq bu yolla müxalifətin birliyini təmin etmək, ondan güclü alternativ formalaşdırmaq cəhdləri uğursuzluğa düçar oldu.

Son dövrlərdə İrana məxsus “5-ci kolon”un sıradan çıxarılması istiqamətində görülən tədbirlərlə bunu müqayisədə etmək olar. Tehran rejimi Azərbaycanda buyruqlarını yerinə yetirəcək bir təbəqə formalaşdırmışdı. Həmin “təbəqə” Azərbaycan dövlətinin əsaslarına qarşı çıxır, cəmiyyət parçalamağa səy göstərərək, onun gücünü zəiflətməyə, ölkədə xaos yaratmağa səy edirdi.

Odur ki, Azərbaycan əvvəlcə Qərbin, Rusiyanın, daha sonra isə İranın şəbəkələrini aşkarlayaraq fəaliyyətlərinin qarşısını alıb. Sanki boşluq yarandığını düşünən Qərb təsisatları yenidən iş başındadır. Bu istiqamətdə fəaliyyətə indi USAİD və onun qatı ermənipərəst rəhbəri Samanta Pauer başçılıq edir. Yazdığı “Amerika soyqırımı əsrində” kitabı onun fəaliyyətinin və düşüncəsinin göstəricisidir. Samanta Pauer bu kitabında “erməni soyqırımı”ndan da bəhs edərək Osmanlı dövlətinə qarşı təbliğat aparır, ancaq 20-ci əsrin sonlarında 1992-ci il fevralın 26-də Xocalı şəhərində, Azərbaycanın başqa bölgələrində ermənilərin törətdiyi soyqırımından bəhs etmir. Xəbəri olmayıb deyən tərəfdaşları da tapıla bilər. Ancaq Samanta xanım və onun kimilərin o zaman bölgədə nə işi var?

44 günlük müharibə zamanı və ondan sonrakı günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Qərb dövlətlərini təmsil edən KİV nümayəndələrinə müsahibələri də bu məqamda yada düşür. Həmin jurnalistlərin suallarından elə çıxırdı ki, Azərbaycan öz torpaqlarını işğaldan nahaq yerə azad edib. İndi bu kimi düşüncənin daşıyıcıları yenidən iş başındadırlar.

USAİD 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” quruculuğuna 9,5 milyard dollar vəsait ayırıb. Bu yaxınlarda açıqlanmış “Demokratiya doktrinası” çərçivəsində bu vəsaitin müxtəlif ölkələrdə çevriliş planlarının reallaşdırılmasına yönəldiləcəyi ehtimal edilir.

Rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərən bu qurum 1991-ci ildən Azərbaycanda da fəaliyyət göstərir. Bu baxımdan təşkilatın həmin illərdə Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan sayılır. Ancaq indi Azərbaycan bir çox dövlətə yardım edir və bir çox iri layihələr üçün donor funksiyasını yerinə yetirmək gücündədir. Məsələn, Azərbaycan pandemiyanın törətdiyi iqtisadi fəsadların aradan qaldırılması ilə yanaşı, bir sıra xarici ölkələrə yardım da edib. Prezident İlham Əliyev 2020-ci il mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışındakı çıxışında həmin dövrdə Azərbaycanın 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım etdiyini bildirmişdi. Yaxud müharibə zamanı Ukraynaya edilən humanitar yardımları və s. örnək göstərmək olar. Bu kimi faktlar USAİD-ın Azərbaycanda fəaliyyətinə ehtiyacı azaldır. Hazırda Azərbaycanın daha çox ərazi bütövlüyünün təmin olunması, Ermənistanla sərhədlərin müəyyənləşməsi, münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində beynəlxalq dəstəyə ehtiyac var.

Bu həm də regionun inkişafı, təhlükəsizliyin təmin olunmasına, elə demokratiyanın inkişafına da töhvə olar. Regionda bu kimi məsələlər öz həllini tapmadan demokratiya və demokratik təsisatlar daim təhdid ediləcək. Belə şəraitdə qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin inkişafı da ləngiyər. “Erməni soyqırımını” təbliğ edənlərin isə Azərbaycanda fəaliyyəti heç arzu edilən deyil...

Sədrəddin İsmayılov