11 aprel 2023 01:35
510

Bunlar ki inanılmazdır! - FOTOLAR

Hazırda "Ginnessin Rekordlar Kitabı" dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur.  Həm təbiətdə, həm də dünyadakı insanların qırdığı rekordların toplusu insanları hələ də təəccübləndirməyə davam etməkdədir.  Gəlin bu kitabda yer alan ən maraqlı və yaddaqalan  rekordların  bir neçəsi ilə tanış olaq.

Rekorda imza atan və bir çoxların marağına səbəb olan  Ultraman Zero konserti üçün ucaldılan nəhəng heykəlin  çəkisi 3,8 ton idi. Onun  hündürlüyü  isə 4 mərtəbəli binaya bənzəyirdi.  “Ginnesin Rekordlar Kitabı” na daxil olunan həmin heykəlin  əynində qırmızı və mavi döyüş kostyumu olub.

50 yaşlı Kaliforniyalı Ceff Ritz mütəmadi olaraq Disneylendə getdiyi üçün “Ginnesin Rekordlar Kitabı”na düşüb.  O, nə az, nə çox ömrünün təxminən üç ay 13 gününü məşhur  əyləncə parkında keçirib.

Heç bilirdinizmi ki, “Victoria Boliviya” su zanbağı böyüklüyünə görə “ Ginnesin Rekordlar Kitabı”na daxil olub? Victoria boliviana su zanbaqlarının ölçüsü 3,2 metrə çatır.  Bu su zanbaqlarını  kiçik  gəmilərə bənzədirlər.

Dünyanın ən uzun şərfini Helqa Yohansen hörüb. Onun hördüyü şərfin uzunluğu 4556.46 metrdir.

“Ginnesin Rekordlar Kitabı” na “ən hündür saç düzümü” kimi daxil olan bu qeyri-adi saç forması  bərbər Dani Hisuani yaradıb. Həmin saç düzümünün  hündürlüyü 2,90 metr idi.

İsveçrəli Jean-Francis Vernetti 1985-ci ildən bəri 189 ölkədəki otellərdən 8888 fərqli "Narahat etməyin" işarəsi toplayaraq “ Ginnesin Rekordlar Kitabı” na daxil olmuşdu.

2021-ci ildə fransalı şirniyyatçılar dünyanın ən böyük tortu – “Opera”nı hazırlayıblar. Onu hazırlamaq üçün mindən çox yumurta və 36 kiloqram şokolad lazım olub.Onlarla mütəxəssis tortu hazırlamağa üç gün sərf ediblər. “Opera” 30,73 metr uzunluğunda olub.

Hindistanlı Entoni Viktorun qulaqlarından uzanan tüklərin  uzunluğu 18,1 santimetrə çatır. O, imzaladığı bu rekordu ildən-ilə təzələməyə davam edir.

Dünyanın ən hündür inəyi Blosomdur.  Onun  hündürlüyü 1,9 metrə çatır.

Ən uzun burunlu adam isə  Türkiyədə yaşayır. 8,8 sm uzunluğundakı burunu ilə məşhur olan Artvinli Mehmet Özyurək 10  ildən çoxdur ki, "dünyanın ən uzun burunlu adamı" adını "layiqincə" daşımaqdadır.

Boyu 172 santimetrə çatan ən hündür eşşəyin adı Romulusdur.

2011-ci ildə  Fermer Aaron Şemoel tərəfindən yetişdirilən dünyanın ən ağır limonunun çəkisi 5,265 kiloqram idi.

“Ginnesin Rekordlar Kitabı”na “üzərək səyahət edən ilk insan” kimi daxil olan  Coşua Slokam bütün həyatı boyu dənizçi kimi fəaliyyət göstərib. Təqaüdə ayrıldıqdan sonra bütün dünyada məşhurlaşmağa başlayıb. 1895-ci il aprel ayının 24-də Coşua tarixdə ilk dəfə tənha səyahət etmək qərarına gəlir. Coşua üzərək çıxdığı dəniz səyahətindən 1898-ci il iyun ayının 27-də geri qayıdır. O, bu müddət ərzində 74 min kilometr üzüb.

Pizza Hut dünyanın ən böyük pizzasını hazırlayıb. 1300 kvadratmetrlik bu pizzayı hazırlamaq üçün aşpazlara üç gün lazım olub. Pizzanın hazırlanması üçün  altı tondan çox xəmir, iki tondan çox pomidor sousu, dörd tona yaxın pendir və 630496 ədəd pepperoni istifadə olunub.

Qeyd edək ki, daha öncə, yəni 2012-ci ildə italyanlar tərəfindən hazırlanan və “Ginnesin Rekordlar Kitabı”na düşən  pizzanın hazırlanması üçün 4 ton pomidor, 680 kiloqram duz, 22 kilo sirkə, 25 kilo pendir və 9 ton undan istifadə edilib. "Margarita" pizzasını hazırlamaq üçün 5 aşpaz 48 saat dayanmadan çalışıb. Pizza hazır olduğu zaman ağırlığı 16 tona çatıb. Qeyd edək ki, həmin pizzanın ümumi çəkisi 23 250 kq idi. Hazır olduqdan sonra nəhəng pizza hissələrə bölünərək, Romadakı sığınacaqlara paylanılıb.

İki yaşlı ingilis Angora dovşanı Françeska əsl rekordçudur. Françeskanın dərisinin  qalınlığı 36,5 santimetrdir. Həddindən artıq tüklü olduğundan  dovşan tez-tez Pekines adlı itlər ilə  qarışdırılır.

2012-ci ildə rumınlar bayraqlarına sevgi nümayişi olaraq 349.4*226.9 kvadrat metr həcmində bayraq hazırlayıblar. Bu da dünyanın ən böyük bayrağı olaraq “Ginnesin Rekordlar Kitab”ına düşüb.

Dünyada doğulan ən kiçik küçüyün çəkisi cəmi 45 qram olub. O, üç aylığında çəkisi 92 qrama çatıb və bundan sonra bir daha artmayıb. İtin sahibəsi polşalı qadın Anna Pohl onu xüsusi qəfəsdə saxlayır ki, təsadüfən kimsə onu tapdalamasın.

2019-ci ildə "Kemps Diary" şirkəti ABŞ-ın Viskonsin əlayətinin Sedarberg şəhərində keçirilən illik Çiyələk Festivalında dünyanın ən böyük dondurmasını hazırlandı. Nəhəng dondurmanın tutduğu ümumi sahə bir futbol meydançasına bərabərdi. 1365 kq çəkisi olan dondurma şirkət tərəfindən bölünərək, 733 konteynerə qoyuldu. Beləliklə hazırlanan dondurma "Ginnesin Rekordlar Kitabı"na daxil olmuşdu.

Qeyd edək ki, 2011-ci ildə  Kanadada  dünyanın ən böyük kremli dondurma tortu hazırlanmışdı.Onun  hazırlanmasında fasiləsiz işləyən onlarla insan 9 min kiloqramadək dondurma, 91 kiloqram biskvit və 136 kiloqram buzdan istifadə etmişdilər.

ABŞ-lı Aşa Mandela dünyanın ən uzun saçların sahibəsidir. Amerikalı qadının saçının uzunluğu 33,5  metrdir. O, 2009-cu ildə dünyanın ən uzun saçının sahibi kimi “Ginnesin Rekordlar Kitabına” düşüb. O, zaman xanımın saçlarının uzunluğu altı metr olub. Bu yaxınlarda qadın öz rekordunu yenidən təzələyərək yeni bir rekorda imza atıb.

Aşanın sözlərinə görə, o,saçlarını həftədə bir dəfə tam şəkildə yumaq üçün altı şüşə şampun sərf edir və iki günlük qurutma prosesindən keçir.

Səyahəti sevən 27 yaşlı Kasandra de Pekol iki dünya rekorduna imza atıb. Dünya turunu yenicə başa vurmuş Kasandra 193 ölkə və 3 əyaləti (Kosovo, Fələstin, Tayvan) ziyarət edərək dünyada bütün ölkələri gəzmiş ilk qadın olaraq tarixə düşüb. İkinci rekordu isə ən uzunmüddətli  gəzintisinə görə  vurub. Həmin səyahət  18 ay 26 gün olub.

Amerikalı səyyahlar Ceyms Harqis və Çarlz Kreyton  avtomobildə bütün Şimali Amerikanı dolanıblar. 1930-cu ilin 26 iyulunda başlayan səyahət ərzində onlar 11 min 555 km. yol qət ediblər. Lakin səyahətin özünəməxsusluğu onun məsafəsində deyildi. O dövrdə hər adamın şəxsi avtomobili olmasa belə, Amerikanı gəzməklə insanları heyrətləndirmək qeyri mümkün idi. Odur ki, Nyu – Yorkdan başlayaraq bütün qitəni dolaşan dostlar yol boyu maşını arxa – arxaya sürməklə səyahət etmişdilər. Bu üzdən həmin səyahət hər kəsi şoka saldı və avtomobillə arxa – arxaya gedilərək qət edilən ən uzun məsafə kimi “Ginnesin Rekordlar Kitabı”na düşdü.

68 yaşlı Cənubi Koreya vətəndaşı olan qadın Çxa Sa Sunn sürücülük vəsiqəsini yalnız 950-ci cəhddən sonra ala bilib.

Dünyanın ən böyük don formasında olan tortu İsveçrədə hazırlanıb. Yeməli paltarın çəkisi 131,15 kiloqram olub.

Samirə Tağıyeva, “İki sahil”