Leonardo da Vinçi - "Dünyanın Xilaskarı"
Leonardo da Vinçinin əl işi və yaşı 500 il olan İsa Məsihin portreti 2017-ci ildə Nyu- Yorkda keçirilmiş hərracda bütün rekordları qıraraq 450 milyon dollara satılıb. Əslində əsərin adı "Salvator Mundi"dir, yəni Dünyanın Xilaskarı. İndiyədək keçirilmiş hərraclarda incəsənət nümunəsi üçün bu məbləğdə pul ödənilməmişdi. Əsərin rekord qiymətə satılması müştərilərlə dolu olan "Christie" hərrac zalında alqışlarla qarşılanıb.
"Salvator Mundi" əsəri, güman edildiyinə görə, 1505-ci ildən sonra yaradılıb və Leonardo da Vinçinin fərdi kolleksiyasında qalan yeganə əsəridir.
Nyu-York hərracında əsərin ilkin təklif qiyməti 100 milyon dollar olub, son qiymət isə 400 milyon dollara çatıb. Vergi ödənişi də nəzərə alınmaqla portretin tam qiyməti 450,3 milyon dollar təşkil edib. Əsərin anonim qalan alıcısı hərracda telefon vasitəsilə iştirak edib və cəmi 20 dəqiqəyə alqı-satqı sövdələşməsinin bağlanmasına nail olub.
Rəsmdə İsa Məsih bir əlində şüşə kürə, digər əlini isə qaldırdığı vəziyyətdə təsvir olunub.
Əlavə edək ki, 1958-ci ildə həmin əsər London hərracında o vaxtın pulu ilə cəmi 45 ingilis funt sterlinqə satılmışdı. O zaman güman edilirdi ki, bu əsəri yaradan Leonardo yox, onun şagirdi olub.
"Dünyanın Xilaskarı" əsəri 1600-cı illərdə kral I Charles-ın kolleksiyasında olub, sonra yoxa çıxıb və 2005-ci ildə yenidən "tapılıb". Hərraca qədər bu əsərə rusiyalı milyarder Dmitri Rıbolovlev sahib olub. Deyilənlərə görə, o, bu portret üçün 2013-cü ilin may ayında 127,5 milyon dollar ödəmişdi.
Villem de Kunninq - "Mübadilə"
Villem de Kunninq XX əsrin ikinci yarısının aparıcı rəssam və heykəltəraşı, abstrakt ekspressionizmin liderlərindən biri olub. 1997-ci ildə vəfat esdən rəssamın ən məşhur əsərlərindən biri "Mübadilə" olub. Kətan üzərində yağlı boya ilə çəkilmiş “Mübadilə” tablosu 1955-ci ildə tamamlanıb. Dəyərli tablo 2015-ci idə amerikalı iş adamı və milyarder Kennet Griffit tərəfindən 330 milyon dollara satın alınmışdır. Milyarderin sözlərinə görə, həmin əsər müharibədən sonrakı dövrlərin çirkin reallığını əks etdirir və məhz bu səbəbdən onu özünə cəlb etmişdir.
Paul Sezan-"Kart oyunçuları"
Postimpressionizm cərəyanının yaradıcısı, fransız rəssamı Pol Sezanın ən məşhur əsərlərindən biri kimi tanınan "Kart oyunçuları"dır. 5 müxtəlif rəsmlərdən ibarət bir seriyaya daxil olan "Kart oyunçuları" məhz 1890–1895-ci illərdə yaranıb. Bu möhtəşəm əsərlərin dördü dünyanın müxtəlif muzeylərində sərgilənsə də, yalnız "Kart oyunçuları"əsəri rəssamın şəxsi kolleksiyasında qalmışdı. Rəsmin birinci sahibi yunan milyarderi Georgi Embirikos olub. O, əsəri 2011-ci ildə ölümündən öncə satışa çıxarıb və tablonu Qətərdən olan çox zəngin bir iş adamı satın alıb. Sənətsevər milyarder rəsm əsərini 250 milyon dollara əldə etmişdi. Yayılan şayiələrə görə, məlum olub ki, hal-hazırda əsər kral ailəsinin kolleksiyasındadır.
Paul Qogen - "Nə zaman evlənəcəksən?"
Postimpressionizm və primitivizm cərəyanının nümayəndəsi olan dahi fransız rəssam Paul Qogen “Nə zaman evlənəcəksən?” tablosunu 1891-ci ildə Taitidə yaşadığı dövrlərdə yaradıb. Sənətçi kətan üzərində on üç yaşlı arvadını təsvir edib. Qeyd edək ki, Paul Qogen gələcək həyat yoldaşı ilə məhz Taiti səfərində tanış olmuşdu.
Məşhur rəsm əsərini auksionların birində 210 milyon dollara alan Qətər şeyxlərindən biri idi. Hal-hazırda əsərin sahibi Rudolf Stehlindir.
Jekson Pollok - "Nömrə 17A"
Məşhur Amerika rəssamı, abstrakt ekspressionizm cərəyanının görkəmli nümayəndəsi Cekson Pollok özünəməxsus drip-peyntinq üslubu ilə tanınmışdı. Rəsm əsərlərinin əksəriyyətini o, fırçarlarla, deyil xüsusi iplər ilə çəkirdi. Belə əsərlərdən biri də rəssamın 1948-ci ildə çəkdiyi “Nömrə 17A” tablosudur. Həmin əsər 2015-ci ildə iş adamı Devid Qeffen tərəfindən 200 milyon dollara alınıb.
Qustav Klimt - "Su ilanları II"
Avstriyalı simvolist Qustav Klimtin yağlı boya ilə çəkdiyi “Su ilanları II” əsəri 1907-ci ildə tamamlanıb. Bu əsərdə rəssam ilanlara bənzər zərif qızları təsvir edib. Qustav Klimtin sözlərinə görə, " Su ilanları II"onun kolleksiyasında olan şah əsərdir. Əsər İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən müsadirə olunub. Belə ki, əsərin sahibi yəhudi əsilli Cenni Steyner 1938-ci ildə Portuqaliyaya mühacirət etdiyindən, əsər bu ölkədə qalıb. 2012-ci ildə qapalı hərracda satışa çıxarılan tablo 187 milyon dollara satılıb və onu tam olaraq kimin aldığı hələ də məlum deyil.
Mark Rotko - "Bənövşəyi, Yaşıl və Qırmızı"
Latviyalı Mark Rotko ekspressionist rəssamlardan biri idi. Rəssamın ən məşhur əsərlərindən biri "Bənövşəyi, Yaşıl və Qırmızı" tablosu 1951-ci ildə tamamlanmışdı. Rəssamın sözlərinə görə, bu 3 rənglə o, əsl hisslərini sevənlərinə çatdırmaq istəyirdi. Rəsm əsərini 2014-cü ildə rus iş adamı Dmitri Ribolovlev 186 milyon dollara alıb.
Pablo Pikasso - "Əlcəzairli qadınlar"
İspan rəssamı Pablo Pikasso XX əsr təsviri sənətinin ən parlaq nümayəndələrindəndir. Rəssamın “kubizm” üslubunda işlədiyi “Əlcəzairli qadınlar” tablosu 1955-ci ildə çəkilib. O, bu rəsm əsəri üzərində bir ildən çox çalışıb. 15 rəsmdən ibarət “Əlcəzairli qadınlar” silsiləsini təmsil edən “Version O” tablosunu 2015-ci ildə Qətərin kral ailəsi 180 milyon dollara əldə edir. Hal-hazırda isə onun sahibi Qətərin Baş nazirinin müavinidir. Xatırladaq ki, "Əlcəzairli qadınlar"ın əvvəlki qiyməti 32 milyon olsa da, sonradan qalxaraq 180 milyona çatıb.
Amedeo Modilyani - "Çılpaq uzanan"
Yəhudi əsilli İtaliya rəssamı və heykəltəraşı Amadeo Modilyaninin 1917-1918-ci illərdə çəkdiyi “Çılpaq uzanan ” tablosu dünyanın ən çox sərgilənən rəsm əsərlərindən sayılır. Modilyani bu əsərdə öz həyat yoldaşını canlandırmışdı. Məşhur əsər 2015-ci ildə Nyu-Yorkdakı “Kristis” hərracında 170 milyon dollara satılıb. Rəsm əsərini çinli milyarder Liu Yiqian alıb.
Roy Lixtenşteyn - "Şedevr"
Roy Lixtenşteynin "Şedevr" adlı rəsm əsəri pop-art üslubunda çəkilən ən bahalı tablolar sırasına daxildir. Roy Lixtenşteynin əsərlərinin satılmasından əldə edilən gəlirin böyük hissəsini ədalət mühakiməsi islahatlarının dəstək fonduna göndərirdi. Onun ölümündən sonra " Şedevr" əsəri 165 milyon dollara satılmışdı.
Rembrandt “Sulmans və Koppitin ayaq üstə portretləri”
Məşhur holland rəssamı və qrafiki Rembrandtın adı tarixin 100 ən məşhur insanları siyahısına daxil edilib. Uşaqlıqdan incəsənət ilə məşğul olan rəssamın ən məşhur əsərlərindən biri “Sulmans və Koppitin ayaq üstə portretləri”dir. 1964-cü ildə çəkilən bu rəsm əsəri əvvəllər Rotşildlər ailəsinə məxsus olub. Sonradan tablo satışa çıxarıldıqdan sonra “Luvr” və “Rijk” muzeyləri tərəfindən 180 milyon dollara alınmışdı.
Pablo Pikasso - "Yuxu"
Pablo Pikassonun digər məşhur əsəri olan "Yuxu " cəmi bir gün ərzində çəkilmişdi. Bu rəsm əsərini Pikasso məşuqəsinə həsr etmişdi. Əsər cəmi bir gündə çəkilsə də , lakin bir gecədə sürrealizmin şah əsərinə çevrildi. Hal -hazırda 150 milyon dollara alınan "Yuxu " məşhur kolleksioner Stephen Coheninin kolleksiyasında saxlanılır.
Samirə Tağıyeva, “İki sahil”