Bugünə kimi uzun və qısa boylu olmaq bir zahiri əlamət kimi bilinirdi. Lakin boyunuzun nə qədər qısa və uzun olmağının sağlamlığınıza təsiri olduğunu bilirdinizmi? Aparılan tədqiqatlar göstərir ki, hündürboylu olmağın ilk mənfi cəhəti xərçəng xəstəliyinə tutulma riskinin daha çox olmasıdır. Lakin, bu o demək deyildir ki ortaboylu insanlarda bu risk yoxdur. Sadəcə olaraq uzunboylularla müqayisədə ortaboylu insanlarda xərçəngin müəyyən növlərinə daha az rast gəlinir. Məsələn “Avropa və Şimali Amerikada” 100.000 qadın üzərində aparılan araşdırmalar qısa boylu qadınların yumurtalıq xərçənginə tutulma ehtimalının daha az olduğunu göstərdi. Eyni zamanda uzunboylu qadınlarda süd vəzi və yoğun bağırsağın bədxassəli şişlərinin inkişaf riski 17%, böyrək xərçənginin isə 29% artdığı araşdırılmışdır.
O cümlədən uzunboylu insanlar ürək-damar xəstəliklərindən daha az əziyyət çəkirlər. Elm adamları bunun dəqiq səbəbini bilməsələr də, ümumiyyətlə, boyu 1.60 sm-dən aşağı olan insanlarda ürək xəstəliyi riski digərlərinə nisbətən təxminən 50% yüksəkdir. Bunun səbəbi isə zəif qidalanma və bəzi infeksiyalarla əlaqəli ola bilər. Alimlərin araşdırmalarına əsasən, boyu 167 sm-ə kimi olan kişilərdə demensiyanın (qocalıqda ağıl zəifliyi) inkişafının riski boyu 177 sm və bundan artıq olan kişilərlə müqayisədə daha çoxdur. Həmçinin, 5 il ərzində 6000-dən çox insan üzərində aparılan araşdırmalar müəyyən edib ki, ortaboylu insanların diabetə tutulma riski daha çoxdur. Bunların nə ilə bağlı olduğu tam aydın deyil, lakin belə bir fikir vardır ki bu, uşaqlıq dövründə zəif qidalanma və digər metabolizma problemləri ilə bağlıdır. İstər qadınların, istərsə də kişilərin çox əziyyət çəkdiyi saç tökülməsi problemi təəssüf ki, ortaboylu insanlarda daha çoxdur. Yeddi ölkədə aparılan araşdırmalarda alimlər orta boyluların uzunlara nisbətən daha tez saç tökülməsindən əziyyət çəkdiyi məlum olmuşdur. Digər bir maraqlı məqam isə odur ki, alimlər qısa boylu insanların daha çox yaşadığını düşünürlər və bununla bağlı inandırıcı bioloji izahatlar da var. Məsələn, uzunboylu insanların ağciyərləri qısaboylulara nisbətən daha zəif işləyir. Uzunboylu insanlarda daha çox hüceyrə var ki, bu da bəzilərinin xərçəngə səbəb olmasını artırır. Sürətli böyümədə iştirak edən hormonlar da buna təsir edə bilər. Beləliklə boy haqqında danışarkən onu sadəcə zahiri əlamət kimi deyil, o cümlədən sağlamlığımızın bir parçası kimi qiymətləndirməliyik.
Nazənin Xaliqverdiyeva,
Azərbaycan Universitetinin tələbəsi