28 aprel 2023 00:12
800

İnanclarda doğruluq varmı?

Elm və texnologiya əsrində yaşadığımıza baxmayaraq, elə indi də bir çox insanlar əgər qarşısından qara pişik keçərsə yolunu dəyişəcək, yaxud da mətbəxdə duzu dağıtdığına görə üzüləcək. Əksər insanların düşüncələrinə görə, xalq inanclarında bir doğruluq var və əcdadlarımız bunları əsrdən əsrə toplayıblar. Bəziləri isə bunlara ümumiyyətlə, inanmır. Bəs sizcə xalq inanclarında bir doğruluq var mı?

Sınmış güzgü

Hesab olunurdu ki, güzgü bizdən ruhumuzu qoparan əşyadır. Bəs güzgü sınsa nə baş verər? Deyilənə görə əlbəttə ki, bədbəxtlik. Belə deyirlər ki, güzgü tərəfindən qoparılan ruhlar bizim taleyimizə mənfi təsir göstərir. Sınmış güzgü və qabları heç bir halda evdə saxlamaq doğru deyil. Rusiyalı bioenergetika üzrə mütəxəssislər bunun səbəblərini aydınlaşdırıblar. Məsələ ondadır ki, hər cür deşiklər, sınıqlar, çatlar mənfi enerjini özünə cəlb etmək kimi qəribə xüsusiyyətə malikdir. Əgər evdə qırılmış, sınmış və ya korlanmış hər hansı əşya varsa, o zaman onlar mənfi enerjini özünə cəlb edərək evin sakinlərinin sağlamlıq durumuna və psixoloji vəziyyətinə pis təsir edəcək. Nəticədə evdəkilərin hər hansı bədən orqanı ağrımağa başlayacaq, özünü narahat hiss edəcək, ya da ard-arda gələn uğursuzluqla mübarizə aparmalı olacaq.

Geri qayıtmaq olmaz

Bəzi insanların düşüncələrinə görə, yolundan qayıdan insan istiqamətini dəyişərək, enerjisini itirmiş olur və istədiyi istiqamətə dönmək üçün mütləq güzgüyə baxmalıdır.

Qara pişik

Demək olar, hər kəs bilir ki, qara pişik sizin qarşınızdan keçəndə bu, uğursuzluğa yozulur. Bu mövhum bizə orta əsrlərdən gəlib. Pişiklərlə yaşayan (adətən yaşlı) tənha qadınların ifritə hesab olunması və özlərinin də pişiyə çevrilə bilməsi ilə bağlı inancın yaranmasına səbəb olub.

Quş nəcisi

Qədim inanclara görə, üzərimizə və yaxud asılan paltara düşən quş nəcisi sahibinə var-dövlət gətirir. Quşlar hər zaman Allaha və mələklərə yaxın olan varlıq hesab olunurdu. Ona görə, qədim zamanlardan bəri quşlar ilə bağlı hər şeyin lütf olduğunu düşünürdülər. Quş nəcinin xüsusi gücə malik olduğunu düşünürdülər. Məhz buna görə, köynəyinin üstündə belə ləkəni görən insanlar bunun yaxşı bir əlamət olduğuna inanırlar.

Barmaqları qatlamaq

Barmaqları “xaç” formasına salmaq qədim bir inanclardan biridir və bu hərəkət xeyirə yozulur. Bu jestin maraqlı bir tarixçəsi var. Xristianların təqib olunduqları zamanlarda, onlar bir-birini bu jest vasitəsilə tanıyırdılar. Bu gün barmaqların qatlanması yalan deyərkən özünü qorumaq mənasında istifadə olunur. Çox güman ki, bu mövhumat xristian xaçının insanı yalana görə cəhənnəmə vasil olmaqdan xilas etdiyinə inamla bağlıdır.

Taxtaya vurmaq

Bunu adətən alınan xoş xəbərdən sonra edirlər. Hesab olunur ki, bununla siz öz uğurunuzu bəd nəzərdən gizlədirsiniz. Deyilənə görə, bu qədim inanc bizə insanların ağaclarda yaxşı ruhların yaşadığına inandıqları dövrdən gəlib. Hər hansı ağacı taqqıldatmaqla insan həmin ruhları köməyə çağırır.

Tayı olmayan əşyalar

Bir çox insan ehtiyat əşya saxlamağı xoşlayır. Əgər corabın bir tayı itibsə, başqası əldə edilə bilər. Tək tay corabı saxlamayın. Eyni məsələ sırğa və digər əşyalar üçün də vacibdir. Bu əşyalar sizə lazım deyil və bəzən mənfi enerji daşıyan əşya rolunu oynayır. Beləliklə, bu cür əşyaları zibilliyə atmaq lazımdır, yoxsa problemdən xilas ola bilməyəcəksiniz.

Bıçağın üzərindən yemək olmaz

Qəribə bir inanclardan biri də odur ki, bıçağın üzərindən yemək məsləhətli deyil. Qədim inanclara görə, bıçaq soyuq silah növünə aid olduğundan mənfi enerjisi var. Ona görə də bəzi insanların düşüncələrinə görə bu yad cisimdən gələn mənfi impulslar insana ötürülərək onu qəddarlaşdıra bilər.

Dayanmış saatlar

Bir neçə evlərdə dayanmış qədim saatlara rast gəlmək olar. Bu, çox pis əlamətdir, çünki zamanın dayanması həmin evin sakinləri üçün heç yaxşı deyil.

Qulaq qaşınması

Əvvəllər insanlar inanırdılar ki, bizim sağ çiynimizdə mələk oturub, sol çiynimizdə isə şeytan. Sahibinin həyatını idarə etmək üçün hər biri insanın qulağına nəsə pıçıldamağa çalışır. İnsanlar qulaq qaşınmasının bununla əlaqədər olduğunu düşünürdülər.

At nalı

Bəzi insanlar qapının üstünə nal asmağın evə xeyir gətirdiyini və insanı gecə kabuslarından xilas etdiyini düşünür. Bu inanc nalda 7 dəliyin olması ilə bağlıdır. Əksər ölkələrdə 7 uğurlu rəqəm sayılır. Bundan başqa, nalın hazırlandığı dəmir, inanca görə, gecə kabuslarımızda gördüyümüz qorxulu ruhları qova bilir.

13 rəqəmi

Əksəriyyətimiz 13 rəqəmini nəhs rəqəm kimi qəbul edirik. Bəzi inanclara görə, 13 ölüm rəqəmidir. Yer kürəsində yaşayan insanların böyük hissəsi inanır ki, ayın 13-ü və həftənin cümə günlərinin üst-üstə düşməsi fəlakət və uğursuzluq gətirir. Ayın 13-nün cüməyə təsadüf etməsi ta qədimdən mistik məna daşıyıb. Bu günün mistik cazibəsi insanlara indi də rahatlıq vermir. Alimlər isə bunu zarafat sayırlar. Astroloqların fikrincə, xurafatçı inanclara görə, ayın 13-ü cüməyə düşəndə qaniçənlər, əcinnələr və s. şeytani qüvvələr bir yerə yığışıb demonik toplantı, şabaş keçirirlər. Gecəyarısı olanda isə onlar dəhşətli əməllər törədirlər. Bu xurafata inamın güclü olmasına görə keçmişdə ayın 13-ü cüməyə düşəndə toy etməz, gəmilər limanlardan ayrılmaz, heç bir saziş bağlanmazmış. Hətta insanlar evdən bayıra çıxmamağa çalışarmış. "Bəzi versiyalara görə, ayın 13-ünün cüməyə düşməsinin nəhs sayılması İsa Peyğəmbərlə (ə) bağlıdır. Onu məhz ayın 13-də, cümə günü çarmıxa çəkiblər. Üstəlik, peyğəmbəri satan mürid İuda gizli gecədə keçirilən toplantıda 13-cü iştirakçı olub". Elə bu səbəbdən bir çox memarlar binaların 13-cü mərtəbəsini, yaxud pilləkənlərdə 13-cü pilləni işarələməkdən imtina edirdilər. Bu rəqəm qarşısında qorxu o qədər realdır ki, psixoloqlar bunu bir fobiya adlandırıblar.

Samirə Tağıyeva, “İki sahil”