Qədim zamanlardan bəri insanlar görkəmli şəxsiyyətlərin və hadisələrin xatirəsini əbədiləşdirmək üçün müxtəlif məqbərələr və abidələr ucaldıblar. Bu gün dünyanın müxtəlif yerlərində müxtəlif ölçülü və formalı tarixi abidələr mövcuddur. Bəs görəsən tarixə düşən ən məşhur abidələr hansılardır?
Cahangirin türbəsi
Pakistanın Lahor şəhərinin şimal kənarında yerləşən və dünyanın ən məşhur türbələri siyahısında xüsusi yer tutan Cahangir türbəsi 1627-1637-ci illərdə Monqol imperiyasının dördüncü padişahı- Cahangir(1605-1627) üçün inşa edilmişdi. Ağ və sarı mərmərdən ziqzaq ilə bəzədilmiş və 4 minarədən ibarət bu tikilinin hündürlüyü təxminən 30 metrdir.
Şahi Zində
Şahi Zində (“diri şah” kimi tərcümə olunur) qəbiristanlığı IX əsrdə yaradılıb. Burada IX-XIV və XIX əsrlərə aid 20-dən artıq tarixi tikili var. Bu qəbiristanlıqla bağlı rəvayətlərdən birində deyilir ki, Məhəmməd Peyğəmbərin(S.Ə.S) əmisi oğlu Hüsam ibn-Abbas İslam dinini yaymaq üçün kiçik bir qrupla Səmərqəndə gedib. Orada yerli sakinlər tərəfindən oxla vurularaq, öldürülüb və burada dəfn edilib. Başqa versiyaya görə o, hal-hazırda iki dağ arasında yaşayır.
Bu kompleks Səmərqəndin başqa tarixi abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.
Leninin Mavzoleyi
Dünyanın ən məşhur məqbərələri siyahısına Rusiyanın Moskva şəhərində, Qırmızı Meydanda yerləşən Lenin Mavzoleyi də daxildir. Bu Mavzoley 1929-1930-cu illərdə memar Aleksey Şusev tərəfindən inşa edilmişdir.
Vladimir İliç Leninin mumiyalanmış cəsədi 1924-cü ildən burada dəfn edilmişdi. 1953-cü ildə İosif Stalinin cənazəsi də buraya gətirilsə də, lakin 1961-ci il oktyabrın 30-da Sov.İKP-nin 22-ci qurultayının qərarı ilə Stalinin cənazəsi Kreml divarının yanında, sadə qranit abidənin altında dəfn edilmişdi.
Xeops piramidası
Xeops Piramidası və ya Böyük Giza Piramidası Misir piramidalarının ən böyüyüdür, 4-cü sülalədən olan Xufu (Xeops) Misir fironunun məzarıdır. Onun eramızdan əvvəl 2645-2613-cü illərdə tikildiyi güman edilir. Deyilənlərə görə o, memar Hemion tərəfindən inşa edilmişdi.
Piramida Nil çayının sahilində, Giza şəhərinin nekropolunda yerləşir və Misir fironları dövründə qədim Memfis şəhərinin (bu gün Böyük Qahirənin bir hissəsi) bir hissəsi olan qədim abidələr kompleksidir. Demək olar ki, Xeops piramidası Gizadakı üç piramidanın ən qədimi və ən böyüyüdür. Eyni zamanda, Dünyanın Yeddi Möcüzəsindən salamat qalan yeganə tikilisidir.
Terrakota ordusu
Terrakota ordusu ilk Çin imperatoru Sin Şi Xuandinin ordusunu təsvir edən heykəllərdir. Onlara, həmçinin “yeraltı heykəllər ordusu və ya torpaq əsgərlər” də deyirlər. Heykəllərin imperator Sin Şi Xuandini axirət dünyasında qorunmaq üçün hazırlandığına inanılır. Deyilənlərə görə, bu məqbərə eramızdan əvvəl 210–209- cu ildə torpağa basdırılıb. Təxminən bizim eradan üç əsr əvvələ aid olan heykəllər 1974-cü ildə Çinin Shaanxi əyalətinin Xian bölgəsində yerli əkinçi tərəfindən aşkar olunmuşdu. Əkinçi, Li dağı ətrafında imperator Sinin türbəsindən şərqə doğru təxminən 1,5 kilometr uzaqda su quyusu qazarkən heykəlləri tapıb.
Terrakota ordusu ilə bağlı maraqlı faktlardan biri də o idi ki, tutduqları vəzifəyə görə heykəllərin hündürlüyü dəyişirdi. Boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlərin hər birinin üz ifadəsi fərqlidir. Heykəllərə döyüşçü, döyüş arabası və süvari atlı daxildir. Qeyd edək ki, Terrakota ordusu 1987-ci ildə UNESCO-nun Dünya Mədəni irs siyahısına daxil edilib.
Tac Mahal
Hindistanın Aqra şəhərində, Camna çayı sahilində yerləşən Tac-Mahal dünya memarlığının şah əsəridir. Bu abidə Böyük Monqolların türk, islam və hind memarlıq üslublarının elementlərini birləşdirən ən möhtəşəm abidəsidir. Böyük Monqollar İmperiyasının hökmdarı, Əmir Teymurun nəslindən olan Cahan şahın əmri ilə ucaldılmış Tac-Mahal həm də əbədi məhəbbətin rəmzidir.
Bəs, belə bir möcüzəni yaratmağa Cahan şahı nə sövq etmişdi? 1630-cu ildə Cahan şaha böyük kədər üz verdi. Xanımı Mümtaz Mahal Banu Bəyim 14-cü övladını dünyaya gətirən zaman gözlərini əbədi yumdu. Heç cür dərdini unuda bilməyən Cahan şah bir il sonra Mümtaz Mahala olan böyük məhəbbətini misli görünməmiş memarlıq abidəsində əbədiləşdirmək qərarına gəldi.
Türbənin tikintisi 1652-ci ildə başa çatdı. Tac-Mahalı ərsəyə gətirmək üçün minlərlə sənətkar gecə-gündüz çalışdı.
Böyük və gözəl fəvvarəli bağ içində salınmış Tac-Mahal beşgünbəzli möhtəşəm binadan və künclərindəki 4 minarədən ibarət tikilidir.
XIX əsrin sonunda Tac-Mahalın ayrı-ayrı hissələri baxımsız vəziyyətə düşdü. Türbə Britaniya əsgərləri və məmurları tərəfindən qarət edildi. Onlar binanın divarlarından qiymətli daşları söküb aparırdılar. Elə həmin vaxt lord Keyzon irimiqyaslı yenidənqurma işlərinə başladı. Bərpa işləri 1908-ci ildə başa çatdı.
Qeyd edək ki, Tac-Mahal Hindistanın hər il milyonlarla turist cəlb edən ən görməli yerlərindən biridir. Bu abidə 1983-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində Dünyanın Yeddi Yeni Möcüzəsi siyahısına salınıb.
Samirə Tağıyeva, “İki sahil”