Planetimizin müxtəlif yerlərində qadağan olunmuş bir çox qəribə qanunlar mövcuddur. Onlar haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.
Yunanıstan
2009-cu ildən bəri Yunanıstanda ölkənin tarixi məkanlarında dikdaban ayaqqabı geyinmək qadağan edilib. Yunanların düşüncələrinə görə, dikdaban ayaqqabılar qədim memarlıq strukturlarının səthinə mənfi təsir göstərir.
Roma
İtaliyanın paytaxtı Romada qızıl balıq yetişdirmək qanuni olsa da, onları şüşə qabda saxlamaq qəti qadağandır. Bu qabın balıqların oksigen qəbulunu məhdudlaşdırdığı və onlara zərər verə biləcəyini nəzərə alan romalılar bunu qadağan ediblər.
Tailand, Yaponiya, Honq- Konq və Sinqapur
Durianın bir çox sinqapurlular və bu ölkəyə gələn turistlər tərəfindən sevilməsinə baxmayaraq, hökumət və özəl sektor bu meyvənin iyrənc qoxusuna görə qadağan etmək məcburiyyətində qalıb. Burada “Duriana yox” işarəsini demək olar ki, hər yerdə görmək olar. Durian meyvəsi, həmçinin Tailand, Yaponiya və Honq- Konqda müxtəlif ictimai yerlərdə və nəqliyyatda qadağandır.
İtaliya
İtaliyanın məşhur Kapri adasında isə “flip flop”, yəni rezin şəpiklərlə gəzmək qadağandır. Çünki onlar çox səs-küy yaradır. Bununla belə, turistlər bu “səsli” ayaqqabıları çox sevirlər. Maraqlıdır ki, bu ev ayaqqabıları İtaliyanın digər bölgələrində qadağan edilməyib.
Kanada
2004-cü ildə Kanada hökuməti uşaqları qorumaq üçün uşaq gəzdirənləri ( xodunokları) qadağan etdi.
Çin
2011-ci ildə Çində "Böyük Çin demokratik yasemin inqilabı" kimi tanınan demokratik etirazlardan sonra "yasəmən”sözü “China Mobile” və “China Unicom” telekommunikasiya şirkərləri tərəfindən bloklanıb. Burada heç bir internet istifadəçisi ondan istifadə edə bilməz.”The New York Times” qəzetinin 10 may 2011-ci il tarixli məlumatına görə, Çində çiçək bazarlarında yasəmənlərin satışı da qadağan edilib.
Sinqapur
Sinqapurda ictimai yerlərdə saqqız çeynəmək qadağandır. Bunun kiçik bir pozuntu olduğunu düşünməyin. Bu ölkə saqqızın idxalını və satışını qadağan edir. Qanunu pozan idxalçı həbs cəzası ala və böyük həcmlə cərimə oluna bilər. Burada yalnız müəyyən saqqız növlərindən tibbi səbəblərdən istifadə edə bilərsiniz. Sinqapurda saqqız çeynənilməsinə qoyulan qadağanın əsas səbəbi turistlər və yerli sakinlər tərəfindən saqqızın həddindən artıq istifadəsinin ətraf mühiti çirkləndirməsidir. Eyni zamanda, Sinqapurda ictimai yerlərdə yemək də xoş qarşılanmır.
Əfqanıstan
Əfqanıstan da qəribə qanunları ilə məşhur bir ölkədir. Burada kişi dərzilər qadın müştərilərindən ölçü götürə bilməzlər. Burada tətbiq olunan qanunlara görə, bu qaydaya əməl etməyən şəxsləri həbs cəzası gözləyir. Əfqanıstanda qadınlara dırnaq boyası istifadə etmək olmaz. Dırnaq boyasından istifadə edən qadınların barmaqları kəsilə bilər.
Yenə də Çin
2007-ci ildə qüvvəyə minən qanun Çin qanunları buddist kahinlərin dövlətin razılığı olmadan qeyri-qanuni reinkarnasiya etməsini qadağan edib.
Reinkarnasiya və ya ruhun bir bədəndən digər bir bədənə keçməsini qəbul edən inanca deyilir. Bu inanca görə, insan ruhu cəsədini tərk etdikdən sonra quruda, havada, yaxud dənizdə yaşayan hər hansı bir heyvanın bədəninə girməkdə, oradan da başqa bir heyvanın bədəninə, sonra təkrar digər bir insanınkına girərək varlığını davam etdirməkdədir. Çoxları hesab edir ki, qanun yalnız Dalay Lamanın adına ləkə gətirmək və onun haqqında ictimai rəyi pisləşdirmək üçün qəbul edilib.
Avstraliya
Avstraliyanın Viktoriya ştatında sakinlərə müəyyən edilmiş saatlarda səs-küy salmaq qadağandır. Bazar ertəsindən cümə günü saat 20:00-dan 7:00-a qədər, həftə sonları və bayram günlərində isə saat 20:00-dan 9:00-a qədər bu qayda qüvvədədir.
Nigeriya
Nigeriyada şarik qələmlərlə yanaşı, bütün növ ayaqqabıların, diri və ya ölü quşların, spagetti və ya əriştələrin, xalçaların və kakao yağının idxalı da qadağandır.
Monako
Monte-Karlo kazinosunun Monakonun simvolu hesab edilməsinə baxmayaraq, vətəndaşların özlərinə kazino oynamaq qadağandır. Qanun 1860-cı ildə şahzadə III Karl tərəfindən qəbul edilib. Lakin bu qanun əcnəbilərə şamil edilmir.
Malayziya
2016-cı ildə sarı köynək geyinmiş minlərlə etirazçı Kuala Lumpur küçələrinə hücum edərək baş nazirin istefasını tələb edəndə Malayziya hökuməti sarı paltarı qadağan etmişdi. O, vaxtdan bəri sarı paltar geyinən hər kəs həbs edilir.
Danimarka, İslandiya və Portuqaliya
Portuqaliyada uşaqlara əcnəbi ad qoymağa icazə verilmir. Məhz buna görə də burada Eşli, Brüs, Şarlot, Dilan və Cenni tipli xarici adlar yoxdur. Qanun həm də uşağa qanuni ad kimi ləqəb verilməsini qadağan edir. Məsələn, Tom adı istifadə edilə bilməz, lakin Tomas adı qoyula bilər.
İslandiyada isə uşağa C, Q və W hərfləri ilə ad vermək qeyri-qanunidir, çünki bu hərflər İslandiya əlifbasında yoxdur.
Danimarkada hətta 7000-ə yaxın qanuni adların siyahısı mövcuddur.
Yaponiya
Yaponiyada klublarda rəqs etmək qadağandır. Bu qanun Tokio kimi gecə həyatı ilə məşhur olan bir şəhərə sahib ölkə üçün qəribə səslənə bilər. Lakin bu həqiqətdir. Qanun 1948-ci ildə qəbul edilib və ictimai yerlərdə rəqs etməyi qadağan edir. Rəqs etməyə isə xüsusi lisenziyalı məkanlarda və yalnızca gecə yarısına qədər icazə verilir.
Karib dənizinin adaları
Karib dənizində yerləşən Müqəddəs Lusiya adasında isə Yaponiyanın istehsal etdiyi təraş fırçaları qadağandır. 1900-cü illərin əvvəllərində orada yayılan qarayara xəstəliyindən sonra onlar Yaponiyada istehsal edilən və ya ixrac edilən təraş fırçalarının idxalını qadağan etdi.
Hindistan
90-cı illərin sonunda Hindistanda istənilən spirtli içki reklamı qadağan edilmişdir. Hətta üzərində spirtli içki simvolunu daşıyan istənilən reklama yol verilmir.
Dubay
Dubay çox müasir şəhərlərdən biri olsa sa, burada hələ də ictimai yerlərdə öpüşmək olmaz.Bu incə məqam bir çox turistləri narahat etsə də,lakin hələ də qüvvədədir. Burada tərtib olunan qanunlardan biri də odur ki, evli olmayan cütlük qapalı bir məkanda qala bilməz. Bu qanunlara riayət etməyən insanlar isə cəzalandırılır.
Burada, həmçinin son illər ərzində 600 mindən çox erotik məzmunlu saytlar bloklanıb. Burada nəinki erotik saytlar, həmçinin qumar və hətta tanışlıq saytlarının hər hansı bir təzahürü qadağandır.
Türkmənistan
Türkmənistanda isə fonoqramma ilə mahnı oxumaq qadağandır. Bu qadağa növü əsasən genişmiqyaslı mədəni tədbir və televiziya proqramlarına şamil edilir. 2005-ci ildə o zaman prezident olan Saparmurad Niyazov( Türkmənbaşı) incəsənəti qorumaq məqsədilə bu qanunu qəbul etmişdi. Çox maraqlıdır ki,o, həmçinin opera və baleti də “lazımsız” bilərək qadağan edib.
Samirə Tağıyeva, “İki sahil”