11 may 2023 01:34
776

Bu qidalar “Ginnesin Rekordlara Kitabı”na düşüb

Bu yazıda insanlar tərəfindən hazırlanan ən nəhəng qida növlərindən bəhs edilir. O qidalar ki, bir çoxu hətta rekordları qıraraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Ən böyük kətə

110,8 kq ağırlığında olan tərəvəzlər ilə dolu kətə Bradford Collegi tərəfindən 2012-ci ildə İngiltərədəki " Prashad" restoranında hazırlanmışdı. Üçbucaqlı kətənin hazırlanması üçün 60 kq kartof, 25 kq soğan, 15 kq noxud, 12 dəstə keşniş, 300 çili bibəri və 250 şüşə qab yağ istifadə edilmişdi.

Nəhəng sendviç

2011-ci ildə Livanda ən uzun sendviçin hazırlanmasında 136 üzvdən və 639 könüllüdən ibarət üç komanda iştirak edib. Livan istehsalı olan bu dadlı yeməyin çəkisi 557 kq, uzunluğu 735 metr idi. Qeyri-adi sendviçin hazırlanması üçün aşpazlar nə az, nə çox 24 saat sərf ediblər.Həmin sendviç üçün nəzərdə tutulan çörək dörd sobada bişirilmişdi. Sendviçin içliyi isə toyuq əti, kahı, pomidor, turşu, mayonez, duz, sirkə, xardal və ağ bibər, limon suyu, keşniş daxil olmaqla ədviyyatlardan ibarət idi.

2008-ci ildə oxşar hadisə İranda olmuşdu.İranlılar tərəfindən hazırlanan sendviçin uzunluğu 1500 metr, çəkisi 700 kq idi. Sendviçin içliyi üçün 700 kq dəvəquşu əti və 700 kq toyuq istifadə edilmişdir.İran aşpazlarının çəkdiyi böyük əziyyətə baxmayaraq, həmin sendviç "Ginnesin Rekordlar Kitabı"na daxil olmamışdı, çünki rəsmi olaraq çəkildikdə, insanların yaratdığı izdiham bütün proseduru pozmuşdu və sendviç ac olan əhali tərəfindən parçalanmışdı.

1380 kq çəkisi olan yulaf sıyığı

2012-ci ildə İrlandiyada festival zamanı böyük bir qazanda çəkisi 1380 kq olan yulaf sıyığı hazırlanmışdı. Beləliklə, rusların əvvəlki rekordu qırılmış oldu. Çünki onların hazırladıqları sıyığın çəkisi 865 kq idi. Yeni rekorda imza atan irlandiyalılar hazırladıqları sıyıq üçün 150 kq yulaf unu, 1,21 ton su və 30 litr süd istifadə etmişdilər.

10 saata bişirilən nəhəng peçenye

2003-cü ildə ABŞ-nın Cənubi Karolina ştatında yerləşən "Immaculate Baking Company" tərəfindən dünyanın ən böyük peçenyesi hazırlandı. Bu nəhəng şirniyyatın diametri 31 m, çəkisi isə 18143 kq-dan çox idi. Əlbəttə ki, inanılmaz ölçülərdə olan bu peçenye xüsusi bir sobada təxminən 10 saat ərzində bişirilmişdi. Xırda dilimlərə doğranılaraq və xüsusi bəzədilmiş qutulara qoyulan bu şirniyyatları insanlara 10 dollara satırdılar.

Dünyanın ən böyük dondurması

2019-ci ildə "Kemps Diary" şirkəti ABŞ-ın Viskonsin əlayətinin Sedarberg şəhərində keçirilən illik Çiyələk Festivalında dünyanın ən böyük dondurması hazırlandı. Nəhəng dondurmanın tutduğu ümumi sahə bir futbol meydançasına bərabərdi. 1365 kq çəkisi olan dondurma şirkət tərəfindən bölünərək, 733 konteynerə qoyuldu."Kemps Diary" tərəfindən hazırlanan dondurma "Ginnesin Rekordlar Kitabı"na daxil olmuşdu.

Qeyd edək ki, 2011-ci ildə Kanadada dünyanın ən böyük kremli dondurma tortu hazınlanmışdı.Onun hazırlanmasında fasiləsiz işləyən onlarla insan 9 min kiloqramadək dondurma, 91 kiloqram biskvit və 136 kiloqram buzdan istifadə etmişdilər.

Bu dondurma tortu" Ginnesin Rekordlar Kitabı"na düşüb.

Dünyanın ən böyük "Snickers"i

ABŞ-ın Texas ştatının Uyeko şəhərində “Mars” şirkətinə məxsus olan fabrikdə hazırlanan "Snickers"şokoladının uzunluğu 3,5 metr, eni 60 sm-dən, çəkisi isə 2 tondan çox idi.

Nəhəng şokolad "Ginnesin Rekordlar Kitabı"na daxil olmuşdu. Qeyd edək ki,ölçülərinə görə, o, 43 min adi şokolad batonlarına bərabər idi.

Fıstıq yağının ən böyük porsiyası

2013-cü ildə ABŞ-ın Vermont əyalətində bir şirniyyat mağazasının sahibi Nik Monte 104 kq şokolad və fıstıq yağını qarışdıraraq dünyanın ən böyük fıstıq yağının ən böyük porsiyasını hazırladı.

Ən böyük vafli

2013-ci ildə dünyanın ən böyük vaflisi Hollandiyada "Stichting Gouda Oogst" şirkəti tərəfindən hazırlanmışdır. Həmin vaflinin çəkisi 50 kq, diametri isə 2,47 m idi. Onun hazırlanması üçün 60 kq xəmir və 15 kq şərbət istifadə edilmişdir. Üç tonluq bir tavada hazırlanan qeyri-adi şirniyyat şəhər bələdiyyəsi tərəfindən 3000 hissəyə bölünərək insanlara paylandı.

658 kq çəkisi olan şokolad sikkə?

Dünyanın ən böyük şokolad sikkəsinin çəkisi 658 kq-dır. Belə nəhəng şokolad parçası 2012-ci ildə İtaliyanın Bologna şəhərində" BF Servizi SRL" şirkəti tərəfindən hazırlanmışdı. Qeyd edək ki, ilk dəfə həmin şokolad sikkə "Ciocco Show" sərgisində ictimaiyyətə təqdim edildi.

Ən böyük hot-doq

Demək olar ki, amerikalılar üçün hot-doq dünyada bir nömrəli yeməkləri sırasındadır. Fast-fudların həvəskarı olan Dan Abbet 2011-ci ildə "Ginnesin Rekordlar Kitabı"na daxil olan ən böyük hot-doq hazırlamışdı. Həmin hot-doqun çəkisi 3,18 kq, uzunluğu - 41 sm, diametri isə 10 sm idi. Sonradan Dan Albert belə hot-doqları sifariş ilə hazırlayıb 40 dollara satırdı.

Dünyanın ən böyük pizzası

2012-ci ildə italyanlar tərəfindən hazırlanan və “Ginnesin Rekordlar Kitabı”na düşən bu pizzanın hazırlanması üçün 4 ton pomidor, 680 kiloqram duz, 22 kilo sirkə, 25 kilo pendir və 9 ton undan istifadə edilib. "Margarita" pizzasını hazırlamaq üçün 5 aşpaz 48 saat dayanmadan çalışıb. Pizza hazır olduğu zaman ağırlığı 16 tona çatıb. Qeyd edək ki, həmin pizzanın ümumi çəkisi 23 250 kq idi. Hazır olduqdan sonra nəhəng pizzanı hissələrə bölərək, Romadakı sığınacaqlara payladılar.

Xatırladaq ki, ilk dəfə ən böyük pizza 1990-cı ildə Afrikada hazırlanmışdı və onun ümumi sahəsi 38 kvadrat metr idi.

Samirə Tağıyeva, “İki sahil”