ABŞ-ın Boston şəhərində həkimlər ana bətnində olan körpənin beyin əməliyyatını keçiriblər.
CNN-in məlumatına görə, Boston Uşaq Xəstəxanasından bir qrup həkim körpə hələ ana bətnində ikən ilk növ beyin əməliyyatını uğurla həyata keçiriblər.
Həkimlər körpə bətndə 30 həftəlik olanda "Galen damarının qüsuru" adlı nadir xəstəlik aşkar ediblər.
"Stroke in United States" elmi jurnalında dərc edilən və öz sahəsində ilk olduğu bildirilən əməliyyat ultrasəs ilə arteriya aşkar edilərək həyata keçirilib.
Həkimlər ultrasəsdən istifadə edərək uzun iynəni ananın qarnından körpənin beyninin zədələnmiş hissəsinə yönəldib, damarlara geri axının qarşısını almaq üçün damara bir maddə yeridiblər. Uğurlu əməliyyat keçirən həkimlər ana bətnindəki körpəni ürək çatışmazlığı və doğuşdan sonra ölümlə nəticələnəcək ciddi nevroloji xəstəliklərdən xilas ediblər.
Boston Uşaq Xəstəxanasının mütəxəssisi Darren Orbax bildirib ki, xəstəlik müalicə olunmasa, doğuşdan sonra körpədə ciddi beyin zədələnməsi, ürək çatışmazlığı kimi problemlər yarana bilərdi.
Orbax qeyd edib ki, bu xəstəliyə tutulan bütün körpələrin 50-60%-də doğuşdan sonra ciddi fəsadlar yaranır.
"Xəstəliyin ölüm nisbəti təxminən 40% təşkil edir. Sağ qalan körpələrin təxminən yarısı isə ciddi nevroloji və psixi problemlərdən əziyyət çəkir".
Həkimlər martın 17-də əməliyyatdan qısa müddət sonra dünyaya gələn Denver körpənin təxminən iki aydan sonra hələ də sağlam olduğunu, ürək çatışmazlığı ilə bağlı heç bir dərmana və ya əlavə tibbi müdaxiləyə ehtiyac duymadığını bildiriblər.
Nubar Süleymanova, “İki sahil”