19 may 2023 19:36
978

Şəhidlik zirvəsinə ucalan igid - Rəşad Hüseynli

Culfa şəhər Mədəniyyət Sarayında şəhid baş çavuş Hüseynli Rəşad Ramiz oğlunun doğum günü qeyd edilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev, şəhid ailələri, qazilər, Culfa şəhər və Yaycı kəndinin sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidimizin əziz xatirəsini yad edərək qeyd ediblər ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci il sentyabrın 12-14-də sərhəddə törətdiyi təxribatların qarşısını alarkən qəhrəman Azərbaycan Ordusunun hərbçiləri arasında şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Hüseynli Rəşad Ramiz oğlu olub.

Nümunəvi xidməti ilə çavuş və baş çavuş rütbələrinə yüksələn Rəşad Hüseynli komandirlərinin dediyi kimi, bölüyün görən gözü idi. 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadət Rəşad Hüseynli üçün hər zaman örnək olub. Qəhrəman şəhidlərimizin şərəfli yolunu davam etdirib.

Qeyd edək ki, 21 may 2000-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olan Rəşad 2006-2017-ci illərdə Yaycı kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb, orta məktəbi bitirdikdən sonra 2018- 2020-ci illərdə həqiqi hərbi xidmətə yollanıb. Xidməti dövründə atıcı silahların sirlərinə dərindən yiyələnən qəhrəmanımız nümunəvi xidməti ilə seçilib. Xidmətini başa vuraraq geri qayıtdıqdan sonra 2021-ci ilin aprel ayında Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmətə başlayan igidimiz bir müddət Şəki şəhərində kurs keçmiş, sərrast atıcılıq qabiliyyəti olan Rəşad Hüseynli snayper kimi xidmətini davam etdirmişdir. Cəlilabadda, Cəbrayılda, Zəngilanda xidmət edən Rəşadın arzusu hər zaman Vətəni bütöv, azad görmək olub.

Nəzərə çatdıraq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş qəhrəmanımız baş çavuş Hüseynli Rəşad Ramiz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Tədbirin bədii hissəsində Culfa şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərimizə həsr olunmuş şeirlər söyləmiş və səhnəciklə yekunlaşıb.

Sonda şəhidin ailə üzüvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.

Səriyyə Salahova,
Jurnalist