31 may 2023 14:10
321

Azərbaycan-İsrail münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir

Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmət və ehtiramla yanaşıblar.  

Müstəqilliyimizi tanıdığı 1991-ci il dekabrın 25-dən sonra Azərbaycan ilə bu dövlət arasında münasibətlər həmişə müsbət istiqamətdə inkişaf edib. Amma son bir neçə ildə münasibətlərdə xüsusi dinamika müşahidə olunur: əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin çoxalması, ticarət dövriyyəsinin və investisiyaların artması, qarşılıqlı fəaliyyət üçün yeni sənaye sahələrinin müəyyənləşdirilməsi bunun bariz nümunəsidir.  

Dünən İsrail Prezidenti İsxaq Hersoqun Azərbaycana səfəri bir daha göstərdi ki, Azərbaycan-İsrail münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir. İ.Hersoqun Azərbaycana səfəri bir daha sübut edir ki, Azərbaycanla İsrail arasında münasibətlərin daha da yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. 

İsrail Prezidenti İsxak Hersoqun yürütdüyü siyasət də ikitərəfli münasibətlərə strateji xarakter verib. Belə ki, onun dövlət başçısı seçilməsindən sonra Azərbaycanla münasibətlər həndəsi silsilə ilə inkişaf edir. İsrail Prezidentinin 30 il əvvəl formalaşmış münasibətlərin nə qədər möhkəm olduğunu bütün dünyaya nümayiş etdirməsi də sevindirici haldır. Bu səfərdə İsrail prezidenti tək gəlməyib, böyük bir komanda ilə gəlib. Səfər çərçivəsində dövlətlərarası münasibətlərdə, müxtəlif sahələrdə sənədlər imzalandı, əməkdaşlığın, tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məsləhətləşmələr aparıldı. Əlbəttə ki, cənab Prezidentin, eləcə də jurnalistlərə bəyanatında İsrail Prezidentinin söylədiyi fikirlər onu deməyə əsas verir ki, bu dövlətlər bir çox beynəlxalq tədbirlərdə, bir çox beynəlxalq tribunalarda bir-birlərinin mövqelərini və bir-birlərinin haqq, ədalət, demokratiya uğrunda apardıqları mübarizəni dəstəkləyirlər. Belə ki İsraillə Azərbaycanın daha da yaxınlaşması hər iki dövlətin və xalqların marağına cavab verir. Bu baxımdan hesab edirəm ki, İsrail dövlət başçısının böyük heyətlə Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşlər keçirməsi əlamətdar haldır. Bunun müsbət nəticələrini yaxın zamanda görəcəyik.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalandı, bu da dövlətlərarası münasibətlərin gələcək inkişafında mühüm perspektivlər yaradacaq. Səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bildirdi ki, iki ölkə müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.  

İsrail prezidenti ilə görüş çərçivəsində iki ölkə arasında yüksəksəviyyəli dialoq və səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulandı, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edildi. İki dövlət arasında çoxşaxəli əlaqələr mövcuddur. Məsələn, ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir və onun həcmi ildən-ilə artır. Əvvəllər bu əməkdaşlıq əsasən, neft-qaz sahəsinə yönəlmişdisə, sonradan bu əməkdaşlıq şaxələndirilərək, iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlığı da əhatə edir. İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur.

Beləliklə, Azərbaycan və İsrail dövlətlərinin rəhbərləri iki ölkənin daha da yaxınlaşmasını hədəfləyən qərarlar verərkən hər iki ölkənin cəmiyyətlərinin istəyinə əsaslanırlar. Çünki xalqlarımızın münasibəti maddi maraqlar üzərində yox, səmimi dostluq və qardaşlıq üzərində qurulub. Yəhudi xalqı tarixən olduğu kimi bundan sonra da Azərbaycan xalqının və dövlətinin yanında olacaq. Hər hansı bir kənar düşmən qüvvə xalqlarımızın bu dostluğunu və qardaşlığını poza bilməz və bu münasibətlər daha da yüksək olacaq. Dövlət başçımızın söylədiyi kimi: “Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndiririk”.

Anar Məmmədov,

Milli Məclisin deputatı