24 aprel 2018 19:57
2071

Bakıda yürüşə yenidən nəzər salmalı olacağıq

“Pirelli” şirkətinin avtoyürüş bölməsinin rəhbəri Mario İzola qarşıdakı yürüş barədə fikirlərini bölüşüb. O deyib: “Bu mövsümdə şin ustaları Bakıya yetərincə yumşaq tərkibli rezin gətirəcəklər. Əvvəlki iki ildə komandalar bu şəhər trasına hədsiz mühafizəkar yanaşmadan gileylənirdilər. Digər tərəfdən, Formula 1 Azərbaycan Qran-Prisi əvvəllər iyun ayında keçirilirdi. Bu dəfə isə həmin tədbir apreldə keçiriləcək. Hava çox da isti deyil, buna görə şinlərin özünü necə göstərəcəklərini faktiki olaraq heç kəs bilmir.

AZƏRTAC xəbər verir ki, Mario İzolanın fikrincə bu dəfə hamı Azərbaycan Qran-Prisinə yeni mövqedən baxmalı olacaq, çünki indi yürüşlər əvvəlki ilə müqayisədə iki ay tez keçirilir. Hava şəraiti baxımından, yəqin ki, müəyyən təzadlar olacaq, çünki əvvəlki yürüşlərdə trasın hərarəti bəzən 50 dərəcədən yüksək olurdu.

Mario İzola daha sonra deyib: “Keçən il şinlər üçün yeni reqlament ilk dəfə tətbiq ediləndə başa düşdük ki, şinlərin tərkibinin seçilməsində hədsiz mühafizəkarlığa yol vermişik, faktiki olaraq heç kəs “Medium” şinlərindən istifadə etməmişdi. Ona görə başa düşürdük ki, bu il daha ciddi seçim etməliyik. Bunun sayəsində yürüşdə üç tərkibin hər hansı birindən istifadə etmək üçün real imkan olmalıdır. Bu halda biz Bəhreyndə və Çində keçirilmiş son iki Qran-Pri yürüşlərində olduğu kimi maraqlı strategiyaların şahidi ola biləcəyik”.