19 aprel 2018 00:14
1666

Xəzər dənizində ən böyük ticarət limanı Azərbaycanda tikilir

Ölkəmizin 2018-ci il üçün əsas prioriteti qeyri-neft sektorunun sürətli  inkişafıdır. Bu ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri də bu reallığı təsdiqləyir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan öz inkişafını qoruyub saxlayır. Dövlət başçısının Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında söylədiyi kimi, Azərbaycan özünün valyuta ehtiyatlarını qoruyub saxladı və bu, çox müsbət göstəricidir.

Təbii ki, Azərbaycan zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Hazırda sənaye və kənd təsərrüfatının inkişafı xüsusi diqqət mərkəzindədir. Ölkəmiz öz resurslarından səmərəli istifadə edərək inkişafını davam etdirir. Eləcə də bölgələrimiz sürətlə inkişaf edir. Regionlarda insanların rifahının yüksəlməsi üçün tədbirlər görülür, yeni yollar çəkilir, kəndlərimiz təbii qaz, su ilə təmin olunurlar və s. Əlbəttə ki, bütün bunlar insanlarımıza xidmət edir. Hazırda həyata keçirilən islahatlar nəticəsində ölkəmiz qarşıdakı dövrdə daha sürətlə inkişaf edəcək. Bu gün Azərbaycanın məhsullarının xarici bazarlara çıxarılması üçün mühüm işlər görülür. Azərbaycan brendlərinin dünyada tanıdılması üçün görülən işlər təqdirəlayiqdir. Şübhə yoxdur ki, bu işlər gələcək inkişafımızı daha yüksək səviyyədə təmin edəcək.

Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin səbəblərindən biri də ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir. Qlobal təhlükəsizlikdən bəhs edərkən əvvəla onu bildirmək lazımdır ki, yerləşdiyi regionun təhlükəsizlik qarantı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanla əməkdaşlığın Avropa üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərdi. “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib. Qürurla deyə bilərik ki, TANAP 2018-ci ildə istismara veriləcək. 

Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında cənab İlham Əliyev vurğulayıb ki, birinci rübdə bütün infrastruktur layihələri uğurla icra edilib: “Əlbəttə ki, biz Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı çox önəmli addımlar atmışıq. Fevral ayında Bakıda 4-cü Məşvərət Şurası keçirilmişdir. Bu Məşvərət Şurasında aparılan müzakirələrin nəticəsində bəyanat qəbul edilmişdir. Bu sənəddə ölkəmizin liderliyi bir daha əksini tapır. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Biz bu istiqamətdə uğurla addımlayırıq. Bu il bu layihənin 3 önəmli hissəsi başa çatacaq - TANAP, Cənubi Qafqaz Kəməri və “Şahdəniz-2”. Yəni, bu, tarixi nailiyyətimizdir və biz bu il bu istiqamətdə önəmli addımlar atmışıq.”

Ölkəmiz Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb” kimi regional və qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda da çıxış edir. Aparılan genişmiqyaslı quruculuq işlərinin sayəsində respublikamızı qonşu ölkələrlə birləşdirən bütün magistral yollar müasirləşdirilib, ölkəmizdə altı beynəlxalq hava limanı inşa edilib, təyyarə parkı yenilənib, dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi prosesi uğurla davam etdrilir. Fəxrlə deyə bilərik ki, bu il Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı istismara veriləcək. Dövlətimizin başçısı bununla bağlı deyib ki, bu il biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin açılışını qeyd edəcəyik: “İndi Ələt limanı fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi məhz Ələt limanında olmuşdur. Ancaq yaxın gələcəkdə birinci faza tam başa çatacaq. Xəzər dənizinin 15 milyon ton yükaşırma qabiliyyəti olan ən böyük ticarət limanı Azərbaycanda - Ələtdə tikilir.”

Ümumiyyətlə, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri “Şərq-Qərb” nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcək, dəhlizlərin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yararlanmağa şərait yaradacaq. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə artacaq, Asiya ölkələri ilə Avropa arasında yükləri çatdırılma vaxtı əhəmiyyətli dərəcədə qısalacaq.

Ölkə ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı bütün işlər tamamlanıb. Bundan sonra ancaq dəmir yolunun modernləşdirilməsi ilə bağlı işlər aparılacaq. Cənab İlham Əliyev vurğulayıb ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə ciddi məşğuluq: “Onun çatışmayan hissəsi, o cümlədən Azərbaycan tərəfinin iştirakı ilə reallaşacaq. “Şərq-Qərb” nəqliyyat dəhlizi artıq reallıqdır. Biz indi mövcud olan dəmir yolu infrastrukturumuzu modernləşdirməliyik ki, sürət daha da artsın. Çünki Azərbaycan ərazisindən çox böyük yüklər daşınacaq.”

Orxan Vahidoğlu, “İki sahil”