14 sentyabr 2023 00:57
607

Dinin gücü - fikrin sadəliyindədir

Özlərindən yeni dinlər icad edənlərin bundan həqiqətən xəbəri varmı?

Deyirlər ki, cənnətin açarı imandır. Əslində dünyada iudaizm, xristianlıq və İslamdan başqa, yetərincə azsaylı inanclar və dinlər mövcuddur. Hazırda müasir dövrdə yaşasaq da, bu dinlər ta qədimdən gələn etiqadlarını itirməyiblər. Bu qəribə və eyni zamanda, maraqlı olan dini inancları təqdim edirik.

Sihizm

Sihizm Hindistan tarixində siyasi və hərbi baxımdan əhəmiyyətli bir yerə sahibdir. Bu dini inancın tərəfdaşları Hinduizmi və İslamı qəbul etmirlər. Onların düşüncələrinə görə şəhvət, hirs, ehtiras və maddi bağlılıq insanların əsas düşmənləridir. Onlar hər kəsin tanrının oğlu olduğunu düşünürlər. Kəsilməmiş saç-saqqalları və ən əsası öz geyimləri ilə asanlıqla fərqlənirlər.

Pan dalğa

Yaponiya inanclar, kultlar və sektalarla zəngin bir ölkədir. Burada sözün həqiqi mənasında on minlərlə müxtəlif dini inanclar mövcuddur. Onlardan biri "Pan dalğa Laboratoriyası" adlanan dini hərəkatdır. Bu hərəkat Xristianlıq, Buddizm və Yeni Əsrin doktrinalarını birləşdirir. Cəmiyyət Yuko İno tərəfindən yaradılıb. Bu hərəkat əsasən kommunistlərin və şeytanların onları radiasiya ilə məhv etməyə çalışdığını təbliğ edir. Bunun qarşısını almaq üçün “Pan dalğası” öz üzvlərinə tamamilə ağ paltara sarılmağı, həmçinin ətrafdakı hər şeyi – ağacları, evləri və bütöv küçələri ağ parça ilə örtməyi tapşırır.

Təşkilatın məşhurlaşması Yaponiya sularına üzən Arktika suitisi ilə bağlıdır. Bu heyvan təşkilatı bütün ölkədə tanındı. "Tama-chan" ləqəbini aldı və bir müddət “kawaii” və şirinliyin milli simvoluna çevrildi. “Pan dalğası”nın üzvləri onda bir növ Apokalipsis atlısını və düşmənçilik təzahürünü gördülər. Dünyanın tarazlığını bərpa etmək üçün onu balıq tutaraq yenidən şimal sularına göndərməyə çalışdılar, lakin buna nail ola bilmədilər.

Kainat insanları

“Kainat insanları” ufologiya və xristianlığı, yeni əsri və elmi fantastikanı qrotesk formada birləşdirən mistik təlimdir. O, 1997-ci ildə İvo A. Benda adlı çex tərəfindən təsis edilib. Məhz onlar başqa sivilizasiyaların Yer kürəsini seyr etdiyini və dünyanın dəyişikliklərini qəbul etməyə hazır olanları məhv etdiyini söylədilər. Onlar kainatın üç unikal tanrı tərəfindən idarə olunduğunu iddia edirlər. Bu tanrılar- kosmik donanmanın komandirləri Aştar Şeran və Ptaaq, eləcə də onların sinə dostu İsa Məsihdir.

Qeyd edək ki, bu dini inancın yaradıcısı çex elmi fantastika yazıçısı Karl Çapekin əsərlərindən ilhamlanıb.

Caynizm

Caynizm Hindistanda yayılan bir dini inancdır. Burada yaşayan 5 milyon insan bu dinə sitayiş edir. Caynistlərin əsas prinsipi canlı varlıqlara zərər verməməkdir və buna görə onlar ət yemir və heç zaman əllərinə silah götürmürlər. Bu dinin bir neçə qolu var. Caynizmin əsas qolu “şvetambari” dir (“işığa bürünmüşlər”) . “Şvetambari”lər heç zaman əyinlərinə paltar geyinmirlər. Onlar bədənlərini xüsusi tənzif ilə örtürlər. Şvetambarilərin düşüncələrinə görə, xüsusi tənzif vasitəsi ilə onların bədəni nəfəs almış olur və onlar hansısa bir canlıya zərər verməmiş olurlar. Bu din nümayəndələrinin, maraqlı bir xüsusiyyəti də var. Bu insanlar gəzdikləri küçələri əllərindəki xüsusi süpürgə vasitəsilə təmizləyirlər. Caynizm dininə sitayiş edənlər, həmçinin qida qəbuluna çox ciddi yanaşır və aclıqdan ölən tərəfdarlarını müqəddəsliyin zirvəsində görürlər. Caynistlər eyni zamanda, sələmçiliklə məşğul olur və borcunu gecikdirənlərlə amansız rəftar edirlər.

Doqonlar

Afrikanın doqon tayfasının içində qəribə dini inanc yayılıb. Onlar Sirius ulduzuna səcdə edirlər. Doqonların düşüncələrinə görə, onların əcdadı yarıinsan-yarıilan olan ilahə Nom-Mo bu ulduzun ətrafında dövr edir. Çox maraqlıdır ki, bu vəhşi tayfa məşhur astronomlardan öncə səmada iki Sirius ulduzunun mövcud olduğunu bilirdi.

Dəliçiklər

Dəliçiklər XIX əsrin ortalarında Rusiyanın Sibir bölgəsində meydana gələn pravoslav axındır. Onlar hesab edirdilər ki, patriarx Nikonun ölümündən sonra yeni ikonaları müqəddəsləşdirən din xadimi olmayıb, qədim ikonalar isə Tanrıya inamı olmayan insanlar tərəfindən təhrifə uğrayıb. Buna görə də dəliçiklər Şərqə tərəf dua etməyi təklif edirdilər. Onların düşüncələrinə görə, bu istiqamətdə dua edən insanları Tanrı eşidəcək. Yay aylarında açıq sahələrdə dua edən bu insanlar, qışın soyuğunda isə öz evlərinin şərqə baxan divarlarında deşiklər açaraq dua edirlər.

Raeliançilər

Raeliançilər Kanadada jurnalist Klod Raelin yaratdığı yeni dinlərdən sayılır. Raelin sözlərinə görə, onun doğma atası yadplanetli olub və ölümündən öncə oğluna etiraf edib ki, kosmosun dərinliklərində Yer kürəsini xilas edəcək “uçan boşqab” mövcuddur. Lakin bu “boşqab”ın Yerə çatıb onu xilas etməsi üçün insanların ona inanması lazımdır. Klod Rael iddia edir ki, insanların inamı “üçan boşqab”ı idarə edir və bu inam güclü olduqca o daha tez Yer səthinə çatacaq. Maraqlıdır ki, hazırda 50 mindən artıq insan özünü “raeliançin ” hesab edir.

Adamyeyənlər

Kanadada yaşayan bəzi hindu tayfaları adam yeyən Tanrı Baksbakualanksveyə səcdə edirlər və bu tanrıya səcdə edərkən insan əti yeyirlər. Lakin son illərdə Baksbakualanksveyə sitayiş ayini zamanı hindular ən pis halda bir-birini dişləməklə kifayətlənirlər.

Samirə Tağıyeva, “İki sahil”