04 aprel 2018 00:06
1761

Sabitlik, inkişaf, təkmil islahatlar, yeni hədəflər...

Möhkəm təmələ əsaslanan siyasət Azərbaycanı məhz bu uğurları ilə dünyaya təqdim edir

“Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik.” Ölkə Prezidenti İlham Əliyev bu fikirləri ilə ölkəmizin qarşısında yeni-yeni üfüqlər açan siyasətin möhkəm təmələ əsaslandığını təsdiqləyir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə yaradılan sabitlik hərtərəfli inkişafı şərtləndirdi. Təbii ki,  bu günümüzdən dünənimizə nəzər saldıqda bu inkişafı daha aydın şəkildə görürük. Müstəqilliyin ilk illərinin  xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas olan Azərbaycan son 15 ildə  ümummilli lider Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində davamlı inkişafı, təkmil islahatları, tərəqqiyə yol açan şəffaflığın yüksək səviyyədə təmin olunması yönümündə atdığı addımları ilə dünyanın diqqətindədir.  

Ölkədə keçirilən hər bir seçki prosesi,  bayram tədbirləri, Nazirlər Kabinetinin iclasları əldə olunan uğurların və onların fonunda müəyyənləşdirilən hədəflərin təqdimatı kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin  statistik rəqəmlərə əsaslanaraq söylədiyi fikirlər  bir daha bu reallığın təsdiqidir ki, verilən proqnozlar özünü doğruldur, müəyyən dövr üçün nəzərdə tutulan hədəflər gerçəkliyə çevrilir. Azərbaycanın iqtisadi uğurları, təkmil islahatları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Belə ki, həm Dünya Bankı, həm də Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət vermişlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə  iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Ölkəmiz  uzun illərdir ki, MDB məkanında liderlik mövqeyini  qoruyur və möhkəmləndirir. Statistik rəqəmlərə diqqət yetirək. Ötən il qeyri-neft sektoru 2,5 faiz,  qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Valyuta ehtiyatlarımızda artım  4,5 milyard dollar təşkil edib,  hazırda təxminən 42 milyard dollardır.  Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu  onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Dövlətimizin başçısı İlham Əliyev eyni zamanda bildirmişdir ki, bu rəqəm ölkəmizdə mövcud olan sabitliyin təzahürüdür: “Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir.” İxrac potensialımız 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, hər il yüksək iqtisadi göstəriciləri ilə  tariximizə uğur səhifəsini  yazır. 

Bu inkişaıa yol açan təbii ki, qəbul edilmiş qərarlar, qanunlar,  imzalanan fərman və sərəncamlar, onların uğurlu icrasıdır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində  görülən tədbirlər davamlılığı ilə diqqət çəkir.  Qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir.

Qeyd olunduğu kimi, Azərbaycan ötən il investisiya cəlbediciliyini  qoruyub. Ölkəmizdə yaradılan  gözəl sərmayə iqlimi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar bu uğurumuza böyük əsas yaradır. Bir əsas məqamı da nəzərə alaq ki, modernləşmə, yeniləşmə, təkmilləşmə  dövlət siyasətinin əsasında dayanır. Cənab İlham Əliyev hər bir çıxışında  bu məqamı xüsusi qeyd edir ki, bugünkü çağırışları düzgün cavblandırmaqla gələcək üçün möhkəm baza formalaşdırmış oluruq. Ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması idarəetmədə təkmilləşmənin bariz nümunəsidir. Fəaliyyətində daha çox sosial məsələlərin həllinə diqqət yönəldən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən il dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında ona göstərilən bu etimadı yüksək dəyərləndirərək söylədiyi fikirləri xatırlatmaq istərdik: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.”  Mehriban xanım Əliyevanın bu fikirləri ölkə Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin keçirilən hər bir iclasında məmur-vətəndaş münasibətlərinə diqqət yönəldərək verdiyi  tapşırıqların davamı, bir tərkib hissəsi kimi də qəbul olunur. “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları!.. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!”

Dövlətimizin siyasətində insan amilinə verilən dəyər, “neft kapitalını insan kapitalına çevirək” kimi tezisin əsas götürülməsi beynəlxalq səviyyədə də təqdir olunan mühüm addımlar sırasındandır. İqtisadi inkişaf yeni texnologiyaların tətbiqi ilə zəncirvari bağlı olmasını önə çəkən dövlətimizin başçısı İlham Əliyev  bildirir ki, dinamik yüksəlişimiz xalqımızın elmi potensialından yaradıcılıqla və səmərəli istifadənin nəticəsidir. Qloballaşmanın böyük vüsət aldığı müasir dövrdə  elmin əhəmiyyətinin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi çevik innovasiya fəallığı və yeni yanaşmalar tələb edir. Yeni texnologiyaların tətbiqi davamlı inkişafı təmin edən  əsas amil kimi qeyd edilir, bu isə öz növbəsində  idarəetmədə təkmilləşməyə yol açır. Yeni texnologiyaların öyrənilməsi və tətbiqi müasir gəncliyin biliklərə daha çox yiyələnmələrini bir zərurət kimi ortaya qoyur. Dövlətimizin başçısı İlham Əliyevin gənclərin malik olduğu potensial imkanlardan səmərəli istifadə, həmçinin onların dövlət icarəçiliyində irəli çəkilməsi kimi çağırışları heç şübhəsiz ki, Konstitusiyamıza edilən əlavə və dəyişikliklərdə də öz əksini tapır. Yaş məhdudiyyətlərinin aradan götürülməsi kimi dəyişikliklər idarəetmədə təkmilləşməyə yönələn addımlardandır. 

Regional inkişaf proqramlarının uğurlu icrası da hədəflərə böyük yol açır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ötən il bölgələrə 30 səfəri olub. Bu ilin arxada qalan aylarında da bu səfərlər davamlı xarakter alıb. Bu səfərlər sırasında dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Bərdə rayonunda pambıqçılığın inkişafı ilə bağlı keçirilən respublika müşavirəsini xüsusi qeyd etmək istərdik. Cənab İlham Əliyevin ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərdiyi diqqət və qayğı ictimaiyyətdə böyük ruh yüksəkliyi yaradır. Bu müşavirənin 2016-cı ildə Sabirabadda, 2017-ci ildə Saatlı rayonunda keçirildiyini xatırladan dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “Bax, görün, pambığın istehsalı ölkəmizə nə qədər böyük xeyir gətirir. Qeyd etdiyim kimi, bu, ölkəmizə valyuta, yeni texnologiyalar gətirir, nəinki pambıq yetişdirən rayonlarda, indi Mingəçevir şəhərində iş yerləri yaradılır. Çünki bu fabriklər dünyanın ən qabaqcıl texnologiyaları əsasında fəaliyyət göstərirlər. Keçən il olduğu kimi, bu il də bütün aidiyyəti qurumlar, mərkəzi, yerli icra orqanları, tədarükçü şirkətlər, fermerlər, zəhmətkeşlər bir komanda kimi fəaliyyət göstərməlidirlər. Mövsüm ərzində mövcud olan, yəni, qarşıya çıxacaq problemlər dərhal öz həllini tapmalıdır və elə etməliyik ki, biz bu mövsümü maksimum səmərə ilə başa vuraq.”

Ölkə Prezidentinin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Bunlar isə öz növbəsində yeni iş yerlərinin yaradılması, məşğulluq probleminin həlli deməkdir. Ötən il  221 min yeni iş yeri açılıb ki,  onların 177 mini daimi iş yeridir. Cənab İlham Əliyev bildirmişdir: “Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Onu da qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanmışdır. Bu da təbii prosesdir. Ancaq, eyni zamanda, biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yenə də burada da müsbət saldonu təmin edir və beləliklə, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün yaxşı imkanlar yaradır. Qeyd etməliyəm ki, ilin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir.”

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də  biri-birindən əhəmiyyətli addımlar atılmışdır.  “Biz sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq” söyləyən ölkə Prezidenti İlham Əliyev  bildirir ki,  bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. Əsaslı iqtisadi islahatların aparılması güclü sosial siyasətlə  tamamlanır. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə  aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün atılan  addımlar insanların yaşayış tərzini daha da yaxşılaşdırır. Ölkə  Prezidenti İlham Əliyevin son fərman və sərəncamları bir daha bu reallığın təsdiqidir ki, həyata keçirilən siyasətin önündə  insanların sosial rifah halının yaxşılaşdırılması dayanır. Əmək haqlarının, persiyaların iqtisadi inkişafa, maliyyə imkanlarımıza  uyğun olaraq mütəmadi artması göz önündədir.

Dövlətimizin başçısının  bu və ya digər sahələrdə çalışan işçilərin əmək haqlarının martın 1-dən 10 faiz artırılması ilə bağlı son sərəncamları, eyni zamanda ötən ilin son ayında minimum əmək haqlarının artırılması ilə bağlı fərmanı təqdir olunur.  Eyni zamanda cənab  İlham Əliyev “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycanda 2018-ci il üçün ehtiyac  meyarının həddi  haqqında” qanunları təsdiqlədi.  2018-ci il üçün  yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar  üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.  Ünvanlı  dövlət sosial yardımının təyin edilməsi məqsədilə  2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilib.  Cari ildə ehtiyac meyarı 116 manat təşkil edir. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi yönümündə də mühüm addımlar atılır. Statistikaya əsasən, son 14 ildə  məcburi köçkünlərə yemək xərci üçün  verilən aylıq  müavinət  4 dəfə, kommunal xidmətlərə görə  vəsaitin məbləği 4,5 dəfə  artırılıb.  Sosial müdafiənin yaxşılaşdırılması istiqamətində  atılan addımların nəticəsi olaraq  məcburi köçkünlər və qaçqınlar  arasında yoxsulluq  azalaraq 75 faizdən 12 faizə enib. Onların mənzil şəraitlərinin yaxşılaşdırılması da prioritet məsələdir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində “Bir dənə də olsun çadır şəhərciyi qalmayacaq” bildirmişdir.  O da məlumdur ki, Dövlət Neft Fondunun vəsait ayırdığı istiqamətlərdən biri  qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllidir.  Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci  vitse-prezidenti Mehriban  xanım Əliyeva   bu məqamı da hər zaman bəyan edirlər ki,  qaçqın və məcburi köçkünlərin  mənzil  şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar müvəqqəti xarakter daşıyır, tezliklə  Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq,  soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Göründüyü kimi, ölkəmizin iqtisadi imkanları hər sahədə uğurlu addımların atılmasını şərtləndirir. Bu uğurlara yol açan əsas amillərdən biri əvvəldə də qeyd etdiyimiz kimi,  şəffaflığın yüksək səviyyədə qorunmasıdır.  Bu reallıq cənab İlham Əliyevin çıxışlarında hər zaman xüsusi yer alır ki,  korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət”” bir dönüş yaratdı.  Dövlətimizin başçısı İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixili “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında”  Fərmanı da  bu şəffaflığın təminatı, eyni zamanda  kiçik və orta sahibkarlığın  inkişafı istiqamətində  növbəti mühüm addımlardan oldu. “ABAD” mərkəzlərin yaradılması ailə biznesinə böyük dəstəkdir.

Bu kimi davamlı tədbirlər  ölkədə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, bir sözlə insan amilinə  xidmət edir.

Daim özünə diqqət və qayğı xalqın həyata keçirilən siyasətə dəstəyində stimulverici amildir. Günbəgün möhkəmlənən xalq-iqtidar birliyi keçirilən sorğuların nəticələrində də öz əksini tapır. Ötən  ilin son ayında “Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında ölkəmizdə aparılan  sorğunu, həmçinin bu günlərdə “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin 2018-ci il prezident seçkiləri ilə bağlı ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi  durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində aparılan  sosioloji tədqiqatı xüsusi qeyd etməliyik. Respondentlərin  84,1 faizi seçkilərdə birmənalı olaraq cənab İlham Əliyevə səs verəcək.

İstər ölkəmizdə keçirilən sorğuların nəticələri, istərsə də ölkə ictimaiyyətinin rəyləri bu reallığı ortaya qoyur ki, Azərbaycanın son 15 ildə əldə etdiyi uğurlar cənab İlham Əliyevin 2008 və  2013-cü il prezident seçkilərində təkrar qələbəsini təmin etdiyi kimi, 2018-ci il 11 aprel prezident seçkilərində də uğurunu şərtləndirəcək. 11 aprel tariximizə növbəti qələbə günü kimi yazılacaq.

Yeganə Əliyeva, “İki sahil”