30 mart 2018 14:58
1560

Xəzərdə mübahisəli yataqların birgə işlənməsi hər iki ölkə üçün fayda gətirəcək

İran Prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər Xəzər dənizində, eyni zamanda, nəqliyyat sahəsində İran-Azərbaycan əməkdaşlığını daha yüksək pilləyə qaldıracaq

Azərbaycanın xarici siyasətinin əsas məsələsi iki və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsidir. Qonşu ölkələrlə əməkdaşlıq bu gün də prioritet məsələ kimi öndədir. Ölkəmizdə səfərdə olan İran Prezidenti Həsən Ruhani ilə görüşündə dövlətimizin başçısı İlham Əliyev bu kimi məqamlara xüsusi diqqət yönəltmişdir.

İran-Azərbaycan əlaqələrinin müxtəlif istiqamətlər üzrə inkişafını önə çəkən cənab İlham Əliyev bunu şərtləndirən amilləri açıqlayaraq bildirmişdir ki, dostluq, qardaşlıq münasibətləri, eyni zamanda, tarixi əlaqələrimiz əməkdaşlığımızın möhkəmləndirilməsinə geniş yol açır. Güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsidir. Son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan vermişdir. İqtisadi əlaqələrin möhkəmlənməsi fonunda hər iki ölkə iqtisadiyyata investisiya qoyuluşunu təmin etmiş və bu sərmayə qoyuluşu tərəflərin maraqlarına xidmət edir. Cənab İlham Əliyev bəyanatında bu inamı ifadə etmişdir: “Əminəm ki, bu səfərdən sonra, - biz bu gün bu barədə də danışmışıq, - əlavə sərmayə qoyuluşunun təşkili nəzərdə tutulacaqdır. Ticarət dövriyyəsinin gələcəkdə artırılması istiqamətində müvafiq qurumlara tapşırıqlar verildi və ümid edirəm ki, biz bunun şahidi olacağıq.”

Hər zaman qeyd etdiyimiz kimi, səfərlər qarşılıqlı əlaqələrin inkişafında, əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Səfər çərçivəsində imzalanan sənədlər hər biri xüsusi əhəmiyyət kəsb edir. İran Prezidenti Həsən Ruhaninin bu səfəri zamanı da bir çox sənədlər imzalanmışdır. İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş tarixi əhəmiyyət daşıyan sənədlərdir. Dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “Bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcəkdir.”

O da məlumdur ki, uzun illərdir Xəzəryanı dövlətlərin həm prezidentləri, həm də xarici işlər nazirləri çərçivəsində görüşlər keçirilir. Xəzərdə tarixi razılaşma İranla Azərbaycan arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir. Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, hər iki dövlətə və xalqa fayda gətirəcəkdir. Maneənin aradan qalxması Türkmənistan üçün də örnək rolunu oynaya bilər.

Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş, müvafiq tikinti işlərinə başlanması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, İranla Azərbaycan arasında imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib.

Bir əsas məqamı da qeyd edək ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində də qonşu dövlət kimi İranın mövqeyi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir.  İran Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir. Cənab İlham Əliyev bəyanatında bildirmişdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bğalı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir. Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır.” İran Prezidenti Həsən Ruhani bəyanatında qeyd etmişdir ki, bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir.

Qeyd edək ki, iki ölkə arasında əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam edir. “BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daim bir-birimizə dəstək göstəririk” söyləyən cənab İlham Əliyev çıxşılarında bu məqamı da diqqətə çatdırır ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, tolerant və multikultural cəmiyyətlərin formalaşmasına davamlı töhfələr vermək istəyini ortaya qoyub. Cənab İlham Əliyevin Sərəncamı ilə ötən ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, həmçinin IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi də İslam həmrəyliyinə ölkəmizin verdiyi töhfələrin davamlı olması istəyindən qaynaqlanır. İslam Əmakdaşlıq Təşkilatı bu birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsində, ortaq mövqenin, yanaşmanın ortaya qoyulmasında əhəmiyyətli rol oynayır. İƏT-nin Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə dövlətimizin mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənir, problemin tezliklə öz ədalətli həllinin tapması öz əksini tapır. Cənab İlham Əliyev münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğundan bəhs edərkən digər qurumlar kimi, İslam Əməkdaşlıq Təşkilatının da mövqeyini yüksək dəyərləndirir.

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan milli-mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə ən böyük töhfə verən ölkədir. Xalqımızın milli mənəvi və tarixi irsindən bəhrələnən Azərbaycanın ümumbəşəri ideyaların carçısına çevrilməsi bizim üçün qürur mənbəyidir. Bir sözlə, tolerantlıq və multikultural mədəniyyət hər bir dövləti gücləndirən və onun birliyini təmin edən amildir. Dövlətimizin başçısı İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə görüşündə də müştərək bayramımız olan Novruz bayramına diqqəti yönəldərək bildirmişdir ki, hər iki ölkə bu bayramı yüksək səviyyədə qeyd edir: “Bu, bir daha onu göstərir ki, xalqlarımız bir-birinə nə qədər bağlıdır, bir-birinə nə qədər yaxındır. Bizi tarix, ortaq mədəniyyət birləşdirir. Bu gün İran-Azərbaycan dövlətlərarası münasibətlər bu möhkəm tarix və mədəni köklər üzərində uğurla qurulur və inkişaf edir.”

Hər bir səfər özlüyündə bir hesabat kimi dəyərləndirilir. Bu baxımdan ki, son səfərə qədər keçilən yola bir baxış keçirmək zərurət kimi ortaya qoyur. Son 14 ildə İran prezidenti ilə 11-ci görüş olduğunu önə çəkən dövlətimizn başçısı İlham Əliyev bildirmişdir ki, bu rəqəm özlüyündə bir göstəricidir. Bu illərdə 4 dəfə İrana səfər etdiyini xatırladan cənab İlham Əliyev bu səfərin Həsən Ruhaninin ölkəmizə üçüncü səfəri olduğunu da qeyd etmişdir. Qarşılıqlı səfərlərdən əlavə beynəlxalq səviyyəli tədbirlərdə, beynəlxalq təşkilatların toplantılarında da ikitərəfli görüşlərin olması məlumdur. Belə görüşlər, eyni zamanda, səfərlər hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rola malikdir. Azərbaycanın bu mövqeyi beynəlxalq səviyyədə də təqdir olunur ki, beynəlxalq hüququn norma və prinsipləri dövlətimizin siyasətində əsas yer tutur. Ən əsası Azərbaycan bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərir. Ulu öndər Heydər Əliyevin “Xəzər dostluq, qardaşlıq, əməkdaşlıq dənizi olmalıdır” tezisi də sülhsevər siyasətimizdən irəli gəlirdi. Xəzərin hüquq statusu məsələsinin bu günə qədər öz həllini tapmaması da hüquq normalarının pozulmasının göstəricilərindədir. Düşünürük ki, İran Prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri çərçivəsində Xəzər dənizində birgə işləməyimizlə bağlı sənəd Xəzərin hüquqi statusinin tənzimlənməsinə öz müsbət təsirini göstərəcək. Bu saziş məsələdə stimulverici amil kimi dəyərləndirilir. Bir sözlə, imzalanan sənədlər İran-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına böyük təkan verəcək.

Yeganə Əliyeva, “İki sahil”