14 mart 2018 14:27
2353

Novruz turizmin inkişafına təkan verən bayrama çevrilir

Qarşıdan Novruz bayramı gəlir. Özünəməxsus adət-ənənələri olan bu bayramın hər birimiz üçün müəyyən özəllikləri var. Bu bayram təkcə yeni gün, yeni əhval-ruhiyyə demək deyil. Bu bayram həm də qədim mədəniyyətimizin təbliği deməkdir. Hər il Novruz bayramı ilə əlaqədar ölkəmizə gələn turistlər məhz bu bayramın simasında mədəniyyətimizlə daha yaxından tanış olmaq fürsəti əldə edirlər. Bu mənada Novruz ölkəmizdə turizmin inkişafına təkan verən bayrama çevrilməkdədir desək, səhv etmərik.

Şübhəsiz ki, mart ayında ölkəmizə turist axını Novruz bayramının daha təmtəraqlı, özünəməxsus və yüksək səviyyədə keçirilməsi ilə əlaqədardır. Bakı bu il də Novruzu yaddaqalan şəkildə qeyd etmək niyyətindədir. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Bürosundan verilən məlumata görə, Bakıda Novruzla bağlı böyük festival keçiriləcək. Builki festival ötənilkindən daha geniş məkanda olacaq: martın 20-dən 25-dək davam edəcək festival “Sabir bağı”nda deyil, Fəvvarələr meydanında təşkil olunacaq.

Qeyd edək ki, ötən il “Sabir bağı”nda keçirilmiş və böyük maraq doğurmuş festivalı 400 mindən çox tamaşaçı izləyib. Onların arasında xarici ölkə vətəndaşları, turistlər də olublar. Bircə faktı qeyd edək ki, ötən il Novruz bayramı günlərində İrandan ölkəmizə gəlmiş turistlərin sayı 60 mindən çox olub.

Builki festival cərçivəsində Azərbaycanın tanınmış sənətçiləri, o cümlədən, müxtəlif bölgələrindən 40-dan çox folklor kollektivləri konsert proqramı ilə çıxış edəcəklər. Bundan əlavə, sənətkarlarımızın əl işlərinin sərgisi və satışı təşkil olunacaq, eləcə də milli mətbəximizin nümunələri nümayiş etdiriləcək, həmin təamları dadmaq imkanı yaradılacaq. Martın 19-da İçərişəhər və Dənizkənarı Bulvar ərazisində təşkil olunacaq Beynəlxalq Novruz Gününə həsr olunmuş ümumxalq şənliyində isə Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəl tamaşaçılara şən bayram əhval-ruhiyyəsi yaşadacaqlar. Festival çərçivəsində Qoşa Qala qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaq.

Gəncədə, Qəbələdə, Qubada, Qusarda və digər regionlarda təşkil ediləcək bayram tədbirlərinə turistlər də cəlb olunacaq. Hələlik bayram ərəfəsində nə qədər turistin ölkəmizə gələcəyini dəqiq söyləmək çətindir. Amma İran, Rusiya, Orta Asiya və Fars körfəzi ölkələrindən daha çox turistrin gələcəyi gözləniləndir. Məlumata görə, mehmanxanaların böyük bir qismi artıq indidən tutulub.

Bir daha vurğulayaq ki, bu bayramın ölkəmizdə təntənəli qeyd olunması əcnəbilərin diqqətini daha çox cəlb edir. Onlar Azərbaycanın adət-ənənələri ilə tanış olmaq, milli mətbəximizin nümunələrini, Novruz şirniyyatlarını dadmaq üçün məhz bu bayram günlərində ölkəmizə üz tuturlar. Həm də öz istirahətlərini təmin edirlər.

Ölkəmizdə Novruz dövlət səviyyəsində qeyd olunur. Milli olduğu qədər də dünyəvi məzmun daşıyan bu el bayramının respublikamızda dövlət səviyyəsində qeyd olunması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun sayəsində Novruz bayramı milli dövlət bayramı səviyyəsinə yüksəldilib. Hər il Novruz günlərində  Azərbaycanın bütün şəhər və rayonlarında istər rəsmi, istər qeyri-rəsmi şəkildə kütləvi Novruz mərasimləri keçirilir. Azərbaycan Respulikasının Prezidenti xalqı rəsmi şəkildə Novruz bayramı münasibətilə təbrik edir. Novruzun taleyini Vətənin taleyi ilə eyniləşdirən Ulu Öndər deyirdi: “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Xalqımız çoxəsrlik tarixində böyük sınaqlardan keçib. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər, çətin illər yaşayıblar. Ancaq bunlara baxmayaraq, Novruz bayramını heç kəs heç vaxt unutmayıb. Əksinə, Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır”. Azərbaycan Prezidenti cənab İlham Əliyev də Ulu Öndərin layiqli davamçısı kimi Novruzun hər il yüksək səviyyədə qeyd olunmasına şərait yaradır.

Artıq dünyada Braziliya deyiləndə ağıla karnaval gəlirsə, bizdə də Novruz elə bir statusa malik olmaqdadır. Başqa sözlə desək, Novruz ölkəmiz tərəfindən brendləşdirilib. Yeri gəlmişkən, məhz Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Həmçinin BMT Baş Assambleyası tərəfindən hər il martın 21-i Beynəlxalq Novruz Günü kimi qeyd olunur.

Qvami Məhəbbətoğlu