13 yanvar 2024 00:48
430

20 Yanvar - Azadlığa gedən yolda dönüş nöqtəsi

Hər bir xalqın milli birliyinin, siyasi özünüdərkinin səviyyəsi məhz onun ən çətin anlarda, tarixi sınaq günlərində baş verən hadisələrə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir. 34 il əvvəl Azərbaycanın üzləşdiyi belə bir seçim məqamında xalqımızın mübarizlik əzminin kükrəyişi, əsarətə boyun əyməyən iradəsi tariximizə şanlı bir səhifə kimi yazıldı – milli azadlıq və torpaqlarımızın bütövlüyü uğrunda  ümumxalq hərəkatının 20 Yanvar səhifəsi.

Faciədən 34 il ötməsinə baxmayaraq xalqımız o qanlı gecəni heç vaxt unutmur, unutmayacaq. Əvvəlcədən düşünülmüş, məqsədyönlü şəkildə hazırlanan bu təcavüzkarlıq siyasətinin əsas məqsədi xalqımızın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi və fiziki zərbə vurmaq idi. Həmçinin Sovet rəhbərliyinin birbaşa dəstəyi və himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, xalqımıza qarşı törədilən soyqırımlar, onların öz tarixi, əzəli doğma yurd-yuvalarından qovulması bu siyasətin tərkib hissələri idi. Faciəyə gedən yolun başlanğıcı onun törədilməsindən xeyli əvvəl, SSRİ rəhbərliyinə M.Qorbaçovun gəlişi ilə yaranmışdı. Qorbaçovun simasında daim Azərbaycana qarşı məkrli, xəyanətkar mövqe tutmuş ermənilər özlərinə yaxın himayədar tapmışdılar. Əlbəttə, nə qədər ki Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunurdu, ermənilər Azərbaycanla bağlı bədnam niyyətlərini həyata keçirə bilmirdilər. Çünki Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunda olması ermənilərə və Qorbaçova Azərbaycanla bağlı planlarının reallaşmasına, o cümlədən Qarabağ münaqişəsinin törədilməsinə imkan vermirdi. Elə buna görə Qarabağ məsələsinin Heydər Əliyev Siyasi Bürodan istefa verdikdən cəmi 15 gün sonra ortaya çıxması təsadüfi sayılmamalıdır. O vaxt M.Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan Aqanbekyan Parisdə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Ermənistana verilməsi iddiasını irəli sürmüş, "Humanite" qəzetindəki bəyanatında Moskvanın buna razılığının olduğunu bildirmişdi. SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının olduğu 1988-ci ilin əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla, bir qrup şovinist erməni ilə görüşü zamanı da üzə çıxdı. Bunun ardınca Xankəndidə, Yerevanda anti-Azərbaycan və antitürk ruhlu mitinqlər genişləndi. Məhz bundan sonra erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı olan "Krunk" gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən "Miatsum" adlanan hərəkat formalaşdırıldı. Bütün bunlar 1988-ci ilin fevralından etibarən hadisələrin daha gərgin və aqressiv məcrada inkişafı ilə nəticələndi. Məhz həmin dövrdə həm Dağlıq Qarabağda, həm də Yerevanda Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi tələbi ilə silsilə mitinqlər başladı. Azərbaycanın ovaxtkı rəhbərliyi hadisələrə fəal müdaxilə etmək əvəzinə Kremldən gələn əmrlər əsasında hərəkət edir və bununla xalqın taleyinə biganə yanaşırdı. Kreml isə həm Azərbaycana göndərdyi emissarlar, həm də ölkənin qətiyyətsiz rəhbərliyi vasitəsilə daha məkrli ssenarilər hazırlamaqda idi. Erməni təxribatçılarının da yaxından iştirak etdiyi bu ssenarilərin əsas hədəflərindən biri Azərbaycanda ermənilərə qarşı dözümsüz münasibətin formalaşmasına dair görüntülər yaratmaq idi. Elə bu məqsədlə də 1988-ci ilin fevralında məlum Sumqayıt hadisələri törədildi. O dövrdə Azərbaycanda hakimiyyətdə olanlar SSRİ rəhbərliyinin, ermənilərin niyyətlərini, qlobal hadisələrin mahiyyətini axıra kimi dərk etmək iqtidarında olmadıqlarından qanlı hadisələrin yaşanmasının qarşısını almaq üçün müvafiq addımlar atılmasında acizlik nümayiş etdirdilər. Sumqayıt hadisələrinin əvvəlcədən hazırlandığını o da sübuta yetirir ki, olaylar baş verən yerlərdə öncədən çoxlu teleoperatorlar, jurnalistlər yerləşdirilmişdi. Bununla da düşünülmüş, ssenarisi əvvəlcədən cızılmış Sumqayıt hadisələri saxtakarlıqlarla, uydurmalarla dünyaya yayıldı. Bundan sonra ermənilər Ermənistanda və Dağlıq Qarabağda belə bir əhval yaratdılar ki, artıq azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzlər. Bunun nəticəsi olaraq indiki Ermənistanın yarandığı əzəli Azərbaycan torpaqlarında yaşayan yüz minlərlə soydaşımız 1988-ci ilin sonuna kimi qətlə yetirilməklə, əmlakları talan olunmaqla ən qəddar formada deportasiya olundular.

İttifaq rəhbərliyinin Azərbaycan xalqına qarşı ən böyük xəyanəti özünü növbəti dəfə 1989-cu ilin yanvarında göstərdi. Belə ki, həmin il yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" SSRİ Ali Soveti qərar qəbul etdi və bu, ermənilərin istəyinə tam uyğun idi. Çünki DQMV-də xüsusi idarəçilik forması tətbiq edildiyi ilk gündən birbaşa Moskvaya tabe olan ermənipərəst A.Volski burada yaşayan bütün azərbaycanlı soydaşlarımızın çıxarılmasına nail oldu. Qısa müddətdə 50 min nəfər azərbaycanlı DQMV-dən qovuldu. Ümumiyyətlə, 20 Yanvar faciəsinə qədər SSRİ və respublika rəhbərliyinin çıxardığı qərar və fərmanların heç birində Azərbaycanın xeyrinə bircə maddə belə olmadı. Bir tərəfdən, Azərbaycan xalqını sakitləşdirməyə yönələn addımlar atılır, digər tərəfdən isə, respublikanın suverenliyinə, ərazi bütövlüyünə xələl gətirən qərarlar qəbul olunurdu. Bu, Ermənistanın SSRİ rəhbərliyi tərəfindən ən yüksək səviyyədə müdafiə olunduğunu göstərirdi. 1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcə zəiflədi. SSRİ rəhbərliyi isə Azərbaycanı növbəti dəfə cəzalandırmaq üçün Sumqayıt ssenarisinə uyğun təxribatlara start verdi.

Yanvarın 17-də Azərbaycan KP MK binası qarşısında böyük mitinq başlandı və üç gün davam etdi. Mitinqlərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, Bakı ətrafına yığılmış qoşunların Dağlıq Qarabağa göndərilməsi, respublika rəhbərliyinin istefası və digər tələblər irəli sürüldü. Sovet rəhbərliyi isə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin qarşısını almaq, milli-azadlıq hərəkatına zərbə vurmaq, habelə digər müttəfiq respublikalara dərs vermək üçün 1990-cı il yanvarın 19-da "Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında" fərman imzaladı. Halbuki bununla Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozurdu. Yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbəri M.Qorbaçovun göstərişi və Azərbaycanın ozamankı səriştəsiz rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridildi. Azərbaycanı informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq üçün SSRİ DTK-nın "Alfa" qrupu respublika televiziyasının enerji blokunu yanvarın 19-da partlatdı. Televiziya susduruldu, kütləvi informasiya vasitələri üzərinə, qəzet və jurnalların nəşrinə qadağalar qoyuldu. Beləliklə, Azərbaycan tam şəkildə blokadaya düşdü, əhali hər hansı bir məlumat almaq mənbəyindən məhrum oldu.

Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, əlillər də var idi. Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdı. Lakin bütün bunlar Azərbaycan xalqının gözünü qorxutmadı, əksinə, onun sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı. Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyindi. Respublikada 3 gün matəm elan olundu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi. Şəhidlər müstəqillik uğrunda mübarizə qəhrəmanları kimi milyonlarla insanın çiynində Şəhidlər xiyabanında son mənzilə yola salındı. Dəfn mərasimində yaşanan izdiham Azərbaycan xalqının mərdliyini, bir amal uğrunda necə sıx birləşdiyini bütün dünyaya nümayiş etdirdi. O ağır günlərdə Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etdi...

1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ulu Öndər sonradan o günləri xatırlayarkən deyirdi: "Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi".

Artıq Şəhidlər xiyabanı Azərbaycan xalqının illər əvvəl məruz qaldığı böyük faciə ilə yanaşı, yenilməz iradəsinin rəmzi, mübarizlik məktəbi, müqəddəs ziyarətgahıdır. Ötən 34 il ərzində Azərbaycanın siması çox dəyişib. İndi ölkəmiz iqtisadi gücü, güclü ordusu, beynəlxalq səviyyədə qazanılan uğurları ilə dünyanın diqqət mərkəzindədir. Ötüb keçən illərin axarında dəyişməz qalan xalqın Ümummilli Lideri Heydər Əliyevə və onun layiqli davamçısı Prezident İlham Əliyevə olan sonsuz sevgisi, həmçinin xalqımızın sarsılmaz həmrəyliyi, birliyidir. Bu həmrəyliyi xalqımız Vətən müharibəsi zamanı bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində işğalçı Ermənistanın illər ərzində qurduğu silahlı qüvvələr darmadağın edildi, dövlətimiz böyük zəfərə imza atdı. Qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində əzəli torpaqlarımız düşməndən azad olundu. Birliyimiz sübut etdi ki, Azərbaycan xalqı güclüdür, həmrəydir, istənilən çətinliyin öhdəsindən gəlməyə qadirdir. Əldə etdiyimiz bu tarixi zəfər, torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, ordusuna, onun gücünə etibarını daha da möhkəmləndirdi. Torpaqlarımızın azadlığı uğrunda ölümə gedənlər ölməzliyə – əbədiyyətə, xalqımız isə azadlığa qovuşdu.

Sevinc Azadi, “İki sahil”