XX əsrin 80-ci illərinin ortalarında ermənipərəst M.Qorbaçovun SSRİ-də hakimiyyətə gəlməsi, onun və digər Sovet rəhbərələrinin erməniləri şirnikləndirməsi erməni təcavüzkarlarının Azərbaycana qarşı geniş miqyasda hücumu üçün onlara qol-qanad verdi.
Onlar Ermənistan-Azərbaycan münaqişəsinin közərib alovlanmasına şərait yaratdılar. Çünki Moskva “parçala və hökm sür” siyasəti vasitəsilə hər iki ölkəni özündən asılı vəziyyətdə saxlayar, bununla da SSRİ-nin dağılmasının qarşısını almış olardı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə... Xalqımızın tarixinə qanla yazılmış bir səhifə. Bu səhifəni təkcə faciə adlandırmaq olmaz. Bu, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
20 Yanvar hadisələrinin baş vermə səbəblərini araşdırsaq görərik ki, bu faciənin baş verməsində Azərbaycan xalqının milli düşüncəsindən uzaq o dövrki rəhbərliyinin müdafiə olunması və eyni zamanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqının Kreml tərəfindən cəzalandırılması əsas rol oynamışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək, dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi qətllər həyata keçirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir.
Vaxt keçdikcə Qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşilən bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər bir azərbaycanlını qürurlandırır.
1988-ci ildə Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilmişdi. 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi vəziyyəti daha da gərginləşdirmiş və Muxtar Vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılmasına səbəb olmuşdu. 1990-cı il yanvarın 13-15-də SSRİ Təhlükəsizlik Komitəsinin Sumqayıt ssenarisi əsasında ermənilərin öz əli ilə "erməni talanları" törətməsi vəziyyəti daha da mürəkkəbləşdirmişdi. 1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün Qanlı Yanvar qırğınını törətdi.
1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Soveti hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən, yanvarın 19-dan 20-nə keçən gecədən etibarən "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman qəbul etmişdi.
Yanvarın 19-da SSRİ DTK-nın "Alfa" qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladıldı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən, Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi.
Fövqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na rəhbərliyi birbaşa SSRİ Müdafiə naziri Dmitri Yazov, SSRİ Daxili İşlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirmişdilər.
Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçmişdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.
Qeyd etmək lazımdır ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Müstəqil Azərbaycan dövlətinin tarixinə qanla yazılan 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir.
Aytən Əlizadə,
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü