1988-ci il idi… Tarix boyu həmişə xalqımıza arxadan zərbə vuran, əzəli Azərbaycan ərazilərinin hesabına Ermənistan yaradan bədnam qonşularımız ermənilər yenə torpaq iddiası ilə çıxış etməyə başlamışdılar. Bu dəfə onlar keçmiş ittifaq rəhbərliyindəki və xarici ölkələrdəki lobbilərinin köməyi ilə respublikamızın dilbər guşəsi olan Qarabağı Azərbaycandan qoparıb öz ərazilərinə qatmaq istəyirdilər. Bu məkrli planı həyata keçirmək üçün ermənilər Qarabağın azərbaycanlı əhalisini zorla oradan qovur, soydaşlarımızın yaşadıqları kəndlərə silahlı hücumlar təşkil edir, evləri yandırır, günahsız insanları qətlə yetirirdilər.
Təbii ki, ermənilərin hərəkətləri xalqın böyük qəzəbinə səbəb oldu. Bakıda və bölgələrdə etiraz dalğaları baş qaldırdı. Xalq mitinqlərə çıxaraq mərkəzi hakimiyyətdən Qarabağda Azərbaycanın hüquqlarını bərpa etməyi, qanunlara tabe olmayan erməniləri cəzalandırmağı tələb edirdi.
Lakin mərkəzi hakimiyyət açıq-aydın birtərəfli mövqe tuturdu. Respublikanın başında əyləşən o vaxtkı rəhbərlər də gözləmə mövqeyində durur, lazımi qətiyyət göstərmirdilər. Beləliklə, Azərbaycan xalqının torpaqlarımızın bütövlüyü uğrunda başladığı mübarizə həm də milli-azadlıq hərəkatı xarakteri almağa başladı. Kütləvi aksiyalar ara vermirdi. Bakının küçə və meydanlarında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi, Azərbaycanda müstəqil dövlət qurulması şüarları altında möhtəşəm mitinqlər keçirilirdi.
Bundan qorxuya düşən mərkəzi hakimiyyət Azərbaycana qoşun yeritmək və xalqın milli-azadlıq mübarizəsini qan dənizində boğmaq üçün məqam gözləyirdi. 1990-cı ilin yanvarında hadisələr daha gərgin məcraya yönəldi. Bakıya qoşun yeridiləcəyi barədə söhbətlər səngimək bilmirdi. Yanvarın 19-da Azərbaycanı candan əziz sevən insanlar - tələbələr, ziyalılar, sıravi vətəndaşlar Bakıya yeridiləcək qoşunların yolunu kəsmək üçün şəhərin şimal qapısındakı meydana, küçələrə toplaşmış, canlı sipər qurmuşdular. Bu, mərdliyin, Vətən sevgisinin ən yüksək zirvəsi idi. Nə havanın soyuğu, nə həyəcanlı xəbərlər insanları çəkindirmirdi, əksinə sıralar daha da sıxlaşırdt.
Həmin gecə dəhşətli hadisələr baş verdi. İlk növbədə televiziyanın enerji bloku partladıldı. Beləliklə, bütün respublika informasiya blokadasına alındı. Gecəyarısı şəhərə hücum çəkən ən müasir silahlarla silahlanmış qoşunlar əliyalın insanları güllə yağışına tutdular. Onlar heç kəsə aman vermir, qarşılarına çıxan hər kəsi amansızlıqla qətlə yetirirdilər, ağır döyüş texnikasını, yük və minik avtomobillərini insanların üstünə sürürdülər. O gecə Bakı özü boyda qan dənizinə çevrildi. Qoca tarix yaşamamışdı belə vəhşəti, qəddarlığı.
Qanlı 20 Yanvar faciəsi 131 nəfər soydaşımızın həyatına son qoydu, 744 nəfər bu və ya digər dərəcədə xəsarət aldı, yaralandı. Fəqət 20 Yanvar tariximizin yalnız faciə deyil, həm şərəf, ləyaqət səhifəsidir. Dünya Azərbaycan xalqının ümummilli məsələlərdə birləşərək qətiyyət nümayiş etdirməsinin, müstəqillik, azadlıq uğrunda şəhid vermək əzminin şahidi oldu. Eyni zamanda faciə xalqın özünə inamını artırdı, insanların həmrəyliyi daha da möhkəmləndi. Respublikada imperiyanın, kommunist rejiminin süqutunu tezləşdirən milli-azadlıq mübarizəsinin yeni dalğası başlandı. Bu, böyük keçmişi olan xalqın istilaya, qırmızı imperiyaya yönələn qəzəb, nifrət dalğası idi və daha onun qarşısını kəsmək mümkün deyildi. Çox keçmədi ki, yumruq kimi birləşən xalqın kükrəyən qəzəbi zəfər çaldı. Gücə, silahsursata arxalanan nəhəng imperiya süquta uğradı. 1991-ci il oktyabrın 18- də Azərbaycan Respublikasının parlamenti müstəqilliyin bərpası haqqında Konstitusiya Aktı qəbul etdi və ilk əvvəl Türkiyə, Pakistan, daha sonra isə dünyanın digər iri dövlətləri respublikamızın müstəqilliyini tanıdı.
Azərbaycanın qanlı 20 Yanvardan keçən müstəqillik yolu dönməzdir. Müstəqilliyi şirin bir nemət kimi dadan xalqımız bu yolda inamlı addımlar atır. Bizim şəhər sülh şəraitində parlaq bir həyat sürürdü. Səhərlər insanlar rahatcasına öz işlərinə gedirdilər. Axşamlar isə şəhər başqa şəklə düşərək bayram əhvali-ruhiyyəsi alırdı: müxtəlif rəngli neon lampaları yanır, insanlar kinoya, teatra və dənizkənarı parka gedirdi. insanlar deyib-gülüb, şənlənirdilər və gələcəkdə nələrin baş verməsindən xəbərsiz idilər...
Beləliklə mən, Şəhidlər xiyabanındakı əbədi məşəlin qarşısında dayanmışam. Bakı küləyi altında məşəl, daha da alovlanaraq əzəmətlə şölələnir. Bura - müqəddəs məkan olan Şəhidlər xiyabanının girişidir. 1990- cı ildə Azərbaycan Respublikasının günahsız vətəndaşları Sovet Ordusu tərəfindən şəhid edildi. Həmçinin, Şəhidlər xiyabanında şəhid olan yüzlərlə Milli Ordu əsgərinin də məzarı var.
O gecə Sovet Ordusu bir-iki saat ərzində 170-ə yaxın Azərbaycan vətəndaşını qanına-qəltan etdi. Onların arasında qocalar, uşaqlar və qadınlar var idi. Güllələr və tankların tırtılı onları sülh şəraitindəki adi bir gündə yaxaladı. On üç yaşlı qız öz mənzilində olarkən naqafıl gülləyə tuş gəlmiş, marşrut üzrə işləyən sürücü öz maşınında qətlə yetirilmiş, öz xidməti borcunu yerinə yetirən «təcili yardım» həkimi, xəstə üstünə tələsdiyi vaxt güllələnmişdir.
Həlak olan bu şəhidlərin misalını mən təsadüfən çəkmədim. Pəncərədəki uşaq xüsusi təyinatlı qoşunun üzlərini görə bilərdi və sonra isə məhkəmədə şahid qismində çıxış edə bilərdi. Marşrut sürücüsü daha çox insanı hadisə yerindən uzaqlaşdıra bilərdi. «Təcili yardım» həkimi daha çox yaralını ölümdən xilas edə bilərdi. Onların bəxti onda gətirmədi ki, məhz onlar o saat orada olmuşdular. Onların yerində bizim hər birimiz ola bilərdik - o gün Bakını zəbt edən qoşunların nifrəti çox böyük idi. Şəhid olanlar Bakı şəhərinin silahsız və müdafiəsiz insanları idi. Onlar şəhid oldular və xalq onları son mənzilə, dünyada misli az görünən əzəmətlə yola saldı.
O gecə şəhərin küçələrində bir dənə də olsun quldur və soyğunçu yox idi. Küçələrdə adi Bakı sakinləri - əliyalın və silahsız insanlar var idi. Şəhidlərin əzəmətli dəfn mərasiminə şəhərin müxtəlif qəsəbələrindən - Əhmədli, Bayıl, Musabəyov, Bakıxanovdan və s. piyada gəlirdilər. Bakının kəndlərindən yük maşınlarında minlərlə al-qırmızı qərənfillər gətirildi. O gün şəhər bütünlüklə matəm qərənfıllərinə bürünmüşdü.
Rəsmi statistikaya görə, o gecə 370 şəxs yaralanmışdır. Çətin ki, onların hamısının yarası axarıdək sağala. Onlardan bəziləri artıq dünyalannı dəyişmişlər, bəzilərinin isə köməyə ehtiyacı var.
O dəhşətli gecə, sovet tankları bizim millətin ruhunu və əzəmətini əlindən alıb, onu sındırıb zəlil etmək istəyirdi. Lakin, şükürlər olsun ki, alınmadı. Xalq şəhid verdi, amma izzətini vermədi. Qanına bulandı, amma şərəfıni itirmədi. Hər il Şəhidlər xiyabanına yüz minlərlə insandan ibarət bir sel axışır. Şəhidlər xiyabanı insanlann daimi ziyarət yerinə, əsgərlərin isə and yerinə çevrilmişdir. Şəhidlər xiyabanının həzin-işıqlı alleyasında gəzişdikdə adam o dəhşəti bir daha gözlərinin önündə canlandırmaq istəyir. Artıq 20 ilə yaxın keçməsinə baxmayaraq, o qətl gecəsi xatırlananda qulaqlarda güllə səsi, tankların tırıltısı, ölənlərin və yaralıların naləsi, anaların fəryadı və s. eşidilir.
Yəqin ki, həyatda ən qeyri-adi səhnələrdən biri - uşaqların qəbiristanda olmasıdır. Lakin, uşaqlar burada ölümə deyil, öz tarixlərinə qovuşurlar. Burada onlar igidlik və ölməzliyi dərk edirlər. Uşaqların gələcəkdə öyrənməli olduqlarını, burada onlara açıq kitab şəklində təqdim edilir. Soyuq yanvar küləyi gözləri qəhrəmanlıqla alovlanan uşaqların istisini apara bilmir.
Hər il biz 20 Yanvarda şəhidlərə matəm saxlamaqla, bir millət kimi yenidən şücaət və qeyrət məktəbini xatırlayırıq. Yenidən bir yumruq kimi birləşib, düşmənə qarşı intiqam hissi ilə alovianırıq.
Zülfiyyə Qafarova,
Bakı şəhəri, Xətai rayonu 27 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü