21 fevral 2024 13:15
420

Azərbaycan qlobal miqyasda “orta güc” mərkəzlərindən birinə çevrilib - ŞƏRH

Azərbaycan beynəlxalq münasibətlər sistemində Prezident İlham Əliyevin uğurla tətbiq etdiyi balanslaşdırılmış siyasəti nəticəsində “orta güc” mərkəzlərindən birinə çevrilib. Dünyada sözünün çəkisi olan, mövqeyi qəbul edilən rəsmi Bakı qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına töhfəsini verir. Buna misal olaraq qeyd edə bilərik ki, beynəlxalq münasibətlərdə təsir imkanları minimuma enmiş Qoşulmama Hərəkatına (QH) sədrlik Azərbaycana keçdikdən sonra dünyanın 120 ölkəsinin üvz olduğu, bundan əlavə 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda təmsil olunduğu təşkilat, sanki, toğrul quşu kimi küllərindən yenidən doğuldu.

Ölkəmizin QH-yə sədrlik etdiyi dövrdə bir-biri ilə münaqişəli vəziyyətdə olan dövlətlər belə konsensus əldə edərək vahid mövqedən çıxış etdilər. Həmçini, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təsis edilməsi birliyin fəaliyyətinin daha da aktivləşməsinə, nüfuzunun artmasına təkan verdi. QH-yə sədrliyi koronavirusun tüğyan etdiyi mürəkkəb dövrdə təsadüf edən Azərbaycan nəinki beynəlxalq pandemiya ilə birgə mübarizəni təşviq etdi, eyni zamanda ehtiyacı olan dövlətlərə humanitar, o cümlədən tibbi, eləcə də peyvənd yardımı etdi, həmçinin, böyük dövlətlər tərəfindən peyvənd monopoliyası yaradılmasına qarşı açıq mübarizə apardı.

Azərbaycan “orta güc” dövləti olaraq beynəlxalq hüququn işləkliyini təmin etmək istiqamətində səylə çalışır, əməli addımlar atır. Ölkəmizin beynəlxalq ədalətsizlikdən əziyyət çəkən ölkələrin və xalqların hüquqlarını qorumağa çalışması onların neokolonializmi yaşatmağa çalışan, ifadələri ilə əməlləri zidd olan və böyük güc mərkəzi kimi çıxış edən bəzi dövlətlərin deyil, ölkəmizin ətrafında birləşməsinə, Azərbaycanı böyük qardaş kimi qəbul etmələrinə səbəb olur.

Bir sözlə, Prezident İlham Əliyevin müasir tələblərə adekvat siyasəti nəticəsində, nəinki ölkəmizin milli maraqları təmin edilir, eləcə də Azərbaycanın tərəfdaşlarının hüquqları müdafiə edilir. Azərbaycanın “orta gücə” çevrilməsini və tərəfdaşlarının maraqlarını qorumasını həzm edə bilməyən neokolonializmdən xilas ola bilməyən bəzi ölkələr respublikamızı yeni müharibəyə cəlb etməklə zəiflətməyə və Cənubi Qafqazda təsir dairəsi yaratmağa çalışır. Lakin rəsmi Bakının münaqişələri hərbi yolla deyil, sülh və əməkdaşlıq yolu ilə həll edilməsi siyasətinə sadiq qalmaqla yanaşı, istənilən hərbi təcavüz cəhdinə sarsıdıcı zərbə vurmaq iqtidarında olduğunu nümayiş etdirməsi böyük güc mərkəzi kimi çıxış etməyə çalışanların siyasətini iflasa uğradır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”