16 fevral 2018 20:05
1522

Qızıl Aypara Cəmiyyətində görüş

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qərargahında təşkilatın prezidenti Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz üzrə nümayəndəliyinin başçısı Maks Santnerlə görüşüb.

Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaq Bakıda keçirilən “Yaxşı hazırlıqlı Milli Cəmiyyət” adlı təlim-məşğələdə iştirakından, Xarici İşlər Nazirliyində qəbul edilməsi, Sumqayıt, Bərdə və Lənkəranda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işçi heyəti, könüllüləri və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyinin başçısı Jihad Nabhanla keçirdiyi görüşlər barədə məlumat verib.

Görüş zamanı o, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Tbilisi şəhərində Cənubi Qafqaz üzrə yeni ofisinin açılması barədə məlumat verərək ölkəmizi təmsil edən nümayəndə heyətini tədbirə dəvət edib.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz üzrə nümayəndəliyinin başçısı ölkəmizə səfərindən məmnunluğunu ifadə edib və lazımi kömək göstərilməsi üçün həmişə hazır olduğunu bildirib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov xoş sözlər üçün əcnəbi qonağa təşəkkür edib və beynəlxalq təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.