14 fevral 2018 22:27
1186

Qrant müsabiqəsi elan olunub

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant  müsabiqəsi elan olunub

Təhsil Nazirliyi tərəfindən 2018-ci il üzrə dövlət ümumtəhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilir.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsinin başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır.

Müsabiqə doqquz mövzu - təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması; pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi; zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; psixoloji xidmətin təşkili və effektivliyinin artırılması; tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq edilməsi; tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi; təhsil və maarifçilik xarakterli tədbirlərin təşkili üzrə keçirilir:

Müsabiqədə iştirak etmək istəyənlər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri sistemə yükləməlidirlər.

Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti üç aydan az, 12 aydan çox olmamalıdır.

Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ ümumtəhsil müəssisələri kateqoriyası üzrə 100 min, fərdi kateqoriya üzrə 10 min manatdan çox olmamalıdır.

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi ötən ilin avqustunda elan edilib. Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə isə 213 layihə təklifi daxil olub. Təşkilat Komitəsi ekspert qrupunun rəyi əsasında ümumtəhsil müəssisələri kateqoriyası üzrə 38, fərdi kateqoriya üzrə 84 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb, ümumilikdə 122 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.