21 mart 2024 23:57
817

Regional təhlükəsizlik üçün BÖYÜK RİSK: Qərbin yeni planı nədir?

ABŞ başda olmaqla Qərb dövlətləri Cənubi Qafqazda da vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. ABŞ və Avropa İttifaqının Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr arasında ikitərəfli sazişlər kimi Ermənistana təhlükəsizlik zəmanətləri vermək üçün pakt imzalamağa hazırlaşmaları da bunu bir daha təsdiq edir.

“Rusiyanın Ukraynada qalib gələcəyi təqdirdə, hər kəs üçün daha təhlükəli olacağını” İrəvanda bəyan edən NATO-nun baş katibi Stoltenberqin bölgəyə səfərindən sonra baş verən bu olaylar hazırda siyasətçilərin diqqət mərkəzindədir.  Çünki NATO-nun baş katibi Stoltenberq və Ermənistanın baş naziri Nikol Paşinyan arasında İrəvanda keçirilən görüş fonunda ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında Paşinyan və Stoltenberqlə geniş tərkibdə 2024-cü ilin aprelində görüşün hazırlandığı barədə məlumatın yayılması hadisələrin tamamilə fərqli məcrada inkişaf etdiyi görüntüsünü yaradır. Yeri gəlmişkən qeyd edək ki, NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinin əsas məğzinin Rusiyanı bölgədən tamamilə sıxışdırıb çıxarmaq təşkil etdiyini duymamaq mümkün deyildi. NATO baş katibi Yens Stoltenberq ölkəmizdə olarkən bir daha başa düşdü ki, Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir.  Odur ki, Ermənistandan fərqli olaraq, rəsmi Bakı Qərbin sifarişləri ilə oturub-durmur.  Qərb isə Ermənistanın əli ilə Cənubi Qafqaza daxil olub, Rusiyanı buradan uzaqlaşdırmaq fikrində qətidir. Bu da əgər belə demək mümkünsə, Ermənistanın ürəyincədir. Amma Ermənistan unudur ki,  hadisələrin inkişaf edəcəyi təqdirdə onun Ukrayna və ya Livana çevriləcəyi şübhəsizdir. 

Qeyd edək ki, İrəvanın Rusiyadan əsas narazılığı İkinci Qarabağ müharibəsi zamanı yaranıb. 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri isə bu umu-küsünü daha da dərinləşdirib. Yəni, baş verən olaylara Rusiyanın neytral qalması Ermənistanın “qəzəb”inə səbəb olub. Paşinyanın “kişi”ləşməsində Rusiyanın Ukrayna ilə savaşda ciddi uğur qazana bilməməsi də az rol oynamayıb.  Belə ki, o,  ilk dəfə 2023-cü ilin mayında müsahibələrinin birində bildirdi ki, İrəvan Ukraynadakı müharibədə Rusiyanın müttəfiqi deyil. Bununla da haylar öz xislətlərinə uyğun olaraq onları ağ günə çıxarmış Rusiyaya tamamilə qənim kəsildilər. Hətta iş o yerə çatıb ki, Avropa Parlamenti Ermənistanın sözügedən quruma üzvlük müraciəti ilə bağlı qətnamə qəbul edib.

Bəli, bu prosesdə havadarlarının çaldıqları havalara oynayan Ermənistan daha çox fəallıq göstərir. Hər halda Paşinyanın Qərb dövlətləri ilə hərbi əməkdaşlığa can atması belə qənaətə gəlməyə bir daha əsas verir. Şübhəsiz, belə olan halda regionda geosiyasi hadisələr sürətlə inkişaf etməyə başlaya bilər. Belə ki,  Ermənistanın KTMT-də iştirakını “dondurmasından” sonra məntiqi addım ataraq, təşkilatdan qəti şəkildə çıxma prosesinə, eləcə də Rusiyanın Gümrüdəki 102-ci bazasının ləğvinə başlayacaq. İrəvan tərəfindən artıq qovulmuş Rusiya sərhədçiləri və Rusiya hərbçilərinin yerinə artıq sərhəddə yerləşdirilmiş Avropa Monitorinq Missiyasının tərkibində  ABŞ hərbçiləri olacaq.

Şübhəsiz,  bu,  Qərbin daha geniş miqyasda  regiona hərbi cəhətdən daxil olmaq  cəhdidir. Bu da mövcud vəziyyətdə regiona heç də yaxşı şeylər vəd etmir. Bu sadəcə, Ukraynanın ardınca   indi də Rusiyanı Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan  sıxışdırıb çıxartmaq planının işə salınması deməkdir. Amma  Rusiya hakimiyyəti hələ də gözləmə mövqeyini davam etdirir.  Paşinyanın bu addımları qarşılığında Moskva da adekvat addımlar atacağı şübhəsizdir. Artıq bu məsələdən İran da narahatdır. Çünki bu addım İranın Ermənistanla sərhədlərində  təhlükəsizliyinə ciddi təhdiddir. Uzun illər Ermənistana havadarlıq edən, işğalçılıq siyasətinə qarşı heç vaxt bir tədbir görmək barədə düşünməyən Rusiya və İran bu plana tez bir zamanda cavab verməlidirlər.  Bəzi məlumatlara görə, artıq İranın xüsusi xidmət orqanlarının əməkdaşları müxtəlif adlar altında Ermənistana keçməyə başlayıblar və onların qarşıdan gələn günlərdə baş verə biləcək hadisələrdə rolunu ehtimal etmək bir o qədər də çətin deyil.

O ki qaldı Qərbin Ermənistana təhlükəsizlik zəmanətləri vermək üçün pakt imzalamağa hazırlaşmalarına Azərbaycanın mövqeyinə. Şübhəsiz, bu, Qərbin enerji təsisatında mühüm rol oynayan Azərbaycana qarşı ədalətsiz mövqedən başqa bir şey deyil. Çünki bu addım Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək kimi dəyərləndirilə bilməz. Halbuki, NATO-nun Baş katibi Yens Stoltenberq Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında demişdir: “Uzun illərin münaqişəsindən sonra Ermənistan ilə Azərbaycan arasında hazırda davamlı sülhə nail olmaq imkanı var. Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm”.

Şübhəsiz, Qərbin bu addımı məsələni birtərəfli qaydada həll etmək cəhdidir ki, bu da bölgədə söz sahibi olan Azərbaycanın maraqlarına uyğun gəlmir. Bu Aİ-nin missiyasından sonra Qərbin daha geniş miqyasda  regiona hərbi cəhətdən daxil olması cəhdidir ki, mövcud vəziyyət regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər.  Amma Qərb unutmasın ki, rəsmi Bakı da onun ərazi bütövlüyünə, sərhədlərinin təhlükəsizliyinə təhdid hesab edilən istənilən qərara qarşı amansız olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil"