23 mart 2024 22:02
450

Strateji tərəfdaşlığımızın güclənməsi məmnunluq doğurur - ŞƏRH

Pakistan Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində qətiyyətli mövqeyi ilə seçilən bir ölkə olub.  Hələ 1993-cü il aprelin 30-da Kəlbəcərin işğal olunması məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik etmişdi. Pakistan, həmçinin Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.

İkinci Qarabağ müharibəsində də sözügedən ölkə Azərbaycanın haqq işini müdafiə etmişdir. Daha doğrusu, nüvə silahına malik yeganə İslam dövləti olan Pakistan Azərbaycanın ərazi bütövlü¬yünün bərpası istiqamətindəki fəaliyyətini daim dəstəkləmişdir. Hətta bu məsələdə ölkəmizin maraqları naminə dünya birli¬yinə açıq mesajlar ünvanlamaqla  Ermə¬nistanın havadarlarını sarsıtmışdır. Erməni faşizminin himayə¬darları bu mesajlar sayəsində anlamışlar ki, Azərbaycan tək deyil və onun mü-dafiəsinə hazır olan daha bir  güclü dövlət var. Çıxışlarının birində bu məqama toxunan dövlətimizin başçısı İlham Əliyev məhz bu dəstəyə görə Pakistan rəhbərliyinə minnətdarlığını billdirmişdi: “Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib”.

Şübhəsiz, Azərbaycanın Pakistan kimi müasir silahlara və hərbi siyasətə malik olan bir ölkə ilə əməkdaşlığı inkişaf etdirməyi çox vacibdir. Üstəlik, bu ölkə Azərbaycan və Türkiyə hərbçiləri  ilə birlikdə müxtəlif təlimlərdə və beynəlxalq tədbirlərdə iştirak edir. Bəli, bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam etməkdədir.
Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edir beynəlxalq təşkilatlarda namizədlər məsələsində qarşılıqlı razılığa gəlirlər. Onu da qeyd edək ki, Azərbaycan Kəşmir problemi ilə əlaqədar olaraq Pakistanın mövqeyini  daim müdafiə edib  və bu gün də müdafiə etməkdədir. Bu isə o deməkdir ki, Azərbaycan və Pakistan tarixin sınaqlarından şərəflə çıxmış dostluq və qardaşlıq əlaqələrinə malik olan ölkələr olmaqla beynəlxalq aləmdə də həmişə bir-birilərinin yanındadırlar.

Yeri gəlmişkən qeyd edək ki, Pakistan 30 illik işğal dövründə Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayıb və diplomatik əlaqələr qurmayıb.  Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ötən ilin iyun ayında Bakıda rəsmi səfərdə olarkən demişdir: “Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik”. Hazırda Azərbaycanın haqq səsini dəstəkləməkdə davam edən Pakistan  ilə siyasi, iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. 
Bu gün qardaş Pakistanın Respublika günü qeyd olunur. Məlumat üçün  bildirək ki, 1940-cı ilin 23 mart günü Lahor qətnaməsi, 1956-cı ilin 23 mart günü isə Konstitusiya və Pakistan qətnaməsi qəbul edilib. Bununla da Pakistan İslam Respublikası elan olunub. Bu münasibətlə Prezident İlham Əliyev pakistanlı həmkarı Asif Əli Zərdarini  təbrik edib. Təbrikdə deyilir ki, Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi bizi sevindirir: “Dini-mədəni köklər və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin gündən-günə genişlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımızın güclənməsi məmnunluq doğurur”. Məktubda, həmçinin siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə səmərəli əməkdaşlığımızın ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırması,  fəal siyasi dialoqun qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynaması əksini tapıb: “Biz Pakistana Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq. Əminəm ki, Azərbaycan-Pakistan çoxşaxəli münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə və qətiyyətlə həyata keçirəcəyik”.

Qeyd edək ki, Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində martın 23-də Pakistan Günü münasibətilə  hərbi parad da keçirilib. Məlumata görə, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti təmsil edib.

Qvami Məhəbbətoğlu, “İki sahil”