24 mart 2024 15:07
415

Uğursuz, üstündən birdəfəlik xətt çəkilən qrup

1992-ci ilin martın 24-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT)   Xarici İşlər Nazirləri Şurası vəziyyəti müzakirə edərək münaqişənin sülh yolu ilə nizamlanmasını təmin etmək üçün Qarabağa dair sülh konfransının çağırılması barədə qərar qəbul etmiş və bununla da Minsk prosesinin əsası qoyulmuşdu. Vətən müharibəsindən sonra Azərbaycan bu qurumun, yəni Minsk qrupunun üstündən birdəfəlik xətt çəkdi.

Ermənistan-Azərbaycan münaqişəsinin nizamalanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu 28 il ərzində öz funksiyasını yerinə yetirə bilmədi. Yəni, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri qətnamələrin icrasına maraq göstərmədilər. Sadəcə, hayların əlində bir alətə çevrilən Minsk qrupu Ermənistan silahlı qüvvələri hər dəfə cəbhəboyu ərazilərdə təxribatlar törədərkən, dinc əhalini qətlə yetirərkən, yaşayış məntəqələrini atəşə tutarkən faydasız səfərlərlə, mənasız söz yığınından ibarət bəyanatlar verməklə öz işini bitmiş hesab etdi. Həmsədr ölkələr münaqişəni daha da qızışdırdılar. ATƏT-in bu fəaliyyətsizliyindən yararlanan Ermənistan işğalçılıq siyasətini davam etdirdi. Bu da səbəbsiz deyildi. Belə ki, illər ərzində ikili standartlardan çıxış edən və sözün həqiqi mənasında “diplomatik turizm”lə məşğul olan Minsk qrupunun bir hədəfi var idi: münaqişənin nizamlanmasında qeyri–konstruktivlik göstərmək, təmsil etdikləri dövlətlərin maraqlarını yerinə yetirmək, status–kvonu uzatmaq. Üstəlik, ərz edirdilər ki, guya bu münaqişənin hərbi həlli  yoxdur.  Odur ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq öz gücü hesabına ildən-ilə uzanan bu problemi hərbi-siyasi yolla təkbaşına həll etmək məcburiyyətində qaldı və 44 günlük Vətən müharibəsində erməni vəhşilərini zəbt etdikləri ərazilərimizdən təmizlədi, işğalçı Ermənistanın kapitulyasiyasını özündə əks etdirən  Bəyanatı imzalamağa məcbur etdi. Bununla da Cənubi Qafqazda reallıqlar tamamilə dəyişdi. Prezident İlham Əliyev Azərbaycanın işğala son qoyduğunu və ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin etdiyini vurğulayaraq demişdı: "Artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq". 
Müharibədən dərhal sonra ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontin, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Bakıya səfər etmişdilər. Dövlətimizin başçısı həmin görüşdə də Mins qrupunun fəaliyyətsiliyini bir daha vurğulamışdı. Yeri gəlmişkən bildirək ki, elə bu kimi səbəblərdən Fransa indi bizi işğalçı adlandırır, ABŞ Senatında və Konqresində isə əleyhimizə ittihamlar səslənir, qətnamələr qəbul olunur.

Doğrudur, 44 günlük Vətən müharibəsindən sonra Qərbin və Ermənistanın da səyləri ilə Minsk qrupunun yenidən dirçəldilməsinə cəhdlər müşahidə edilib. Amma “Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır.  Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir” deyən dövlətimizin başşısının diplomatik gedişləri sayəsində fiaskoya uğrayıb. Ötən ilin  fevralın 18-də Prezident İlham Əliyev  Münhendə keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışı zamanı demişdir: "Düzdür, keçmiş Minsk qrupundan müəyyən şeylər qalıb. Bu qrup artıq kənara çəkilib, mövcud deyil. Ola bilər ki, yalnız kağız üzərində mövcud olsun”.  Bu il fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşündə dövlətimizin başçısı ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd etmişdir. Bununla da Minsk qrupunun lazımsız bir qurum olduğunu bir daha  bildirmişdir.

Amma ATƏT-nin Minsk qrupu hüquqi cəhətdən ləvğ olunmayıb. Yəni faktiki olaraq Minsk Qrupu ad olaraq, yəni formal olaraq qalıb. Bunun üçün ATƏT-ə üzv olan ölkələrin XİN rəhbərləri tərəfindən qərar qəbul olunmalıdır. Lakin bu qərarın qəbul olunub olunmamasından asılı olmayaraq, Minsk qrupunun fəaliyyəti faktiki baxımdan dayanıb. Bu mənada bu məsələ rəsmi Bakı üçün prinsipal hesab olunmur. Bu gün Azərbaycan üçün həlli önəmli olan məsələlər işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin aparılması, Böyük qayıdış prosesinin sürətləndirilməsi, regionda sülh və təhlükəsizliyin təmin olunmasıdır. 

Qvami Məhəbbətoğlu, “İki sahil”