26 mart 2024 14:00
563

Azərbaycanla tərəfdaşlıq önəmlidir

Dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri quran Azərbaycan Respublikası eyni zamanda beynəlxalq təşkilatlarla da müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirir. Xüsusilə dünyanın nüfuzlu hərbi-siyasi təşkilatları ilə qurulan münasibətlər xüsusi əhəmiyyət daşıyır. Belə hərbi-siyasi təşkilatlardan birincisi NATO-dur. Azərbaycan Respublikası ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub və 1997-ci ildən etibarən, Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb. 4 may 1994-cü il tarixində Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində SNT proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir. NATO ilə əməkdaşlıq fəaliyyəti çərçivəsində tədbirlərdə iştirak edərək Azərbaycan öz milli mülki müdafiə və fəlakət hallarının idarə olunması imkanlarını inkişaf etdirir.

Mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də ondan ibarətdir ki, NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Gələcək illərdə tərəfdaşlarımızın sayı sözsüz ki, artacaq və bir çox perspektivli fəaliyyət istiqamətləri formalaşacaq. NATO-nun Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfələr verir. Azərbaycan və NATO terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir və milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 17 mart 2024-cü il tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında ölkəmizin təşkilatla əməkdaşlığının gələcək perspektivlərinə dair maraqlı fikirlər səsləndirildi. Dövlət başçımız qeyd etdi ki, müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılması Azərbaycanın inkişafı, o cümlədən, ölkəmizin Avro-Atlantik standartlara çatmaq və Avro-Atlantik əməkdaşlığı genişləndirmək məqsədi üçün mühüm əhəmiyyət kəsb edir. Bu sahədə NATO və onun fərdi müttəfiq ölkələri kifayət qədər təcrübəyə malikdirlər ki, bundan da Azərbaycan yararlana bilər. Cənab İlham Əliyev bildirdi ki, dövlətimiz tərəfindən 2007-ci ilin may ayında Milli Təhlükəsizlik Konsepsiyasının və 2010-cu ilin iyun ayında Hərbi Doktrinanın qəbul olunması təhlükəsizlik və müdafiə siyasətinin konseptual əsaslarının formalaşdırılması baxımından əhəmiyyətli olmuşdur. Hərbi Doktrinanın qəbul olunması Strateji Müdafiə İcmalı və Dəniz Təhlükəsizliyi Strategiyası kimi digər konseptual sənədlərin hazırlanması prosesini sürətləndirmişdir.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, hərbi və iqtisadi imkanları NATO tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan, NATO üçün Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla tərəfdaşlıq çox önəmlidir.

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi