28 mart 2024 02:37
390

Metsamor AES-lə bağlı risk hər gün artır

Milyonlarla insanın təhlükəsizliyi təhdid altındadır

Ermənistanda bu gün heç bir ekoloji norma və standartlar gözlənilmədən aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulur, ekoloji fəsadlar yaranır. Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır. Ermənistan coğrafi baxımdan Azərbaycandan keçən çayların hövzəsində yerləşdiyinə görə onun ərazisində həyata keçirilən mədən sənayesi üzrə hər hansı bir tədbir ekoloji baxımdan mütləq ölkəmizə təsir edir. Mədənlərin bir çoxunun su mənbələrinin yaxınlığında yerləşməsi ətraf mühit üçün zərərli hesab edilən kimyəvi tullantıların çaylara axıdılmasına gətirib çıxarır.

Nəzərə almaq lazımdır ki, Ermənistanda uzun müddət Metsamor Atom Elektrik Stansiyası (AES) fəaliyyət göstərir. Məhz bu stansiyanın fəaliyyəti bölgənin ekoloji durumuna ciddi təsir edir.

Qeyd edək ki, 1976-ci-il də inşa edilən Metsamor AES Ermənistanın Türkiyə ilə sərhədindən 16 km aralıda yerləşir. Gücü 408 MVt olan 2 ədəd VVER-440/230 tipli reaktorlardan biri işləkdir. Elektrik stansiyası Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km və İğdırdan 30 km məsafədədir. Ən son məlumatlara görə, Ermənistan Metsamorun yeni enerji blokunu indikinin istismar müddətinin sonuna - 2036-cı ilə qədər istifadəyə vermək niyyətindədir.

Göründüyü kimi, işğalçı ölkə hər vəchlə öz terrorçuluq siyasətini davam etdirməkdədir. Müxtəlif mənbələrə görə, Metsamor AES bu gün dünyada mövcud elektrik stansiyaları arasında ən təhlükəli reaktorlardan biridir. Mütəxəssilərin fikirlərinə görə, bir sıra fundamental amillər, o cümlədən  təhlükəsizlik nöqteyi-nəzərindən Metsamorun fəaliyyətinin davam etdirilməsi mümkünsüzdür.

AES-in  fəaliyyətinin davam etdirilməsi qardaş Türkiyədə də narahatlıqla izlənilir. Türkiyəli mütəxəssislərin son təhlillərinə görə, Metsamorun radiasiya ilə çirklənən suları yeraltı sular ilə qarışmaqda davam edir. Bu da Türkiyənin İğdır vilayətində yaşayan əhalinin sağlamlığına ciddi zərər verir. Təsadüfi deyil ki, 2022-ci ilin avqustunda Türkiyənin həmsərhəd Qars vilayətində “Metsamor”da “mümkün qəza” halı ilə bağlı təlim keçirilib.   Təlim Qars vilayətinin Fövqəladə Hallar İdarəsinin əməkdaşları tərəfindən reallaşdırılıb. Təlimin məqsədi radioaktiv tullantıların sızması zamanı görüləcək tədbirləri təcrübədən keçirmək olub.

Təsadüfi deyil ki, AES-in istismarının davam etdirilməsi ilə bağlı Azərbaycan da daim həyəcan təbili çalır. Bu günlərdə Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Nüvə Enerjisi Sammitinin rəhbərliyinə açıq məktub ünvanlayıblar. Məktubda Ermənistanın qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor AES-in törətdiyi qlobal təhlükəyə diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa çağırış edilib.

Qeyd olunub ki, Ermənistan hakimiyyətinin bu AES ilə əlaqədar məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini aldatmağa hesablanan yalan hesabatları bölgəni növbəti Çernobıl və Fukusima qəzalarına doğru aparır. Hər keçən gün bu risk daha da böyüyür. Metsamoru istismardan çıxarmaq, beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl etmək əvəzinə, Ermənistan hakimiyyəti hər dəfə onun ömrünü süni şəkildə uzatmağa çalışır.

AES-in maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır. Bu stansiya su qıtlığı olan ərazidə yerləşir, köhnələn reaktorunu soyutmaq üçün su dərinlikdəki quyulardan götürülür. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir. Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılması da böyük narahatlıq doğurur. Ermənistan ərazisində 200-dən artıq radioaktiv mənbələr mövcuddur. Bu mənbələr sırasına müxtəlif növ izotoplar daxildir. Ermənistanda radioaktiv izotoplarla əlaqədar qaçaqmalçılıq faktları da mövcuddur. Bu, radionuklidlərin terror məqsədilə istifadə edilməsi ehtimalını artırır. AES-in tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur.

Məktubda, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi və digər aidiyyəti beynəlxalq qurumlar bu sahədə əsas təsirlənən ölkə kimi Azərbaycan Respublikası ilə sıx əməkdaşlığa çağırılıb. Qeyd olunub ki, öz xalqının və region dövlətlərində yaşayan xalqların nüvə təhlükəsizliliyini nəzərə almayan Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylərlə Metsamor AES-in fəaliyyətini dayandırmağa məcbur edilə bilər. COP28-dən irəli gələn məqsədlərə çatmağı əsas istiqaməti kimi müəyyən edən Nüvə Enerjisi Sammiti bu baxımdan əlverişli platforma kimi çıxış edir. COP29-a ev sahibliyi edəcək Azərbaycan ictimaiyyətinin də gözləntisi bundan ibarətdir.

Nigar Orucova, “İki sahil”