28 mart 2024 12:59
314

Mediada nümunəvi ailə obrazı işıqlandırılmalıdır - Nərgiz Sədrəddinbəyli

Mediada işıqlandırılan ailə obrazınının xarakteri barədə düşünmək, buradakı vacib məqamlara, yol verilən səhvlərə diqqət çəkmək olduqca önəmlidir

Düzgün ailə münasibətləri, sağlam ailə modeli barədə təsəvvürlərin yaranmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Kütləvi informasiya vasitələri ictimai rəyi formalaşdıran bir platforma olaraq ictimai təfəkkürün yaranmasında mühüm rol oynayaraq öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz və müqayisəyəgəlməz dərəcədə böyük təsir gücünə malikdir.

Bu fikirləri "İki sahil"ə özəl açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Məsələləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli söylədi.

Komitə  nümayəndəsinin sözlərinə görə, media vasitəsilə işıqlandırılan ailə modeli cəmiyyətin təsəvvüründə ailə ilə bağlı  müsbət və mənfi obrazlar yaradır, müəyyən həyati situasiyalarda davranış modelləri formalaşdırır.  Bu gün kütləvi informasiya vasitələri gənclərin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Bu səbəbdən, mediada işıqlandırılan ailə obrazınının xarakteri barədə düşünmək, buradakı vacib məqamlara, yol verilən səhvlərə diqqət çəkmək olduqca önəmlidir. Gündəlik xəbər axının içində ailə mövzusu və ailə münasibətlərinə tez-tez rast gəlinir.

Nərgiz Sədrəddinbəylinin sözlərinə görə, ümumilikdə, bu gün mediada gənclərə, ailələrə yönəlmiş maarifləndirici informasiyanın artırılmasına, cəmiyyət arasında sağlam düşüncənin formalaşmasına böyük ehtiyac var. Media vasitəsilə işıqlandırılan materiallarda real hekayələr və real qəhrəmanlar üzərindən pozitiv nümunələri insanlara çatdırmaq çox vacibdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Unutmamalıyıq ki, bir çox ailə-məişət münasibətləri və konfliktləri ailə daxilində baş versə də, ən isti və müqəddəs münasibətlər də məhz  ailə üzvləri arasında yaşanır.

Yaqut Ağaşahqızı, "İki sahil"