31 yanvar 2018 14:12
1999

Azərbaycançılıq: milli ruhun, məfkurənin, özünüdərkin formulu

Yazıma nə vaxtsa oxuduğum liderlik fəlsəfəsi ilə bağlı qeydlərimi yada salmaqla başlamağım təsadüfi deyil. “Lider fenomeninin kökləri çox qədim zamanlara, qohum qəbilələrin başında ailə ağsaqqalı-atanın durduğu dövrlərə gedib çıxır. Ata müdrikdir, ailə başçısıdır. Hamının qayğısı ilə yaşayır. Zaman keçdikcə qəbilələr inkişaf edərək xalqa çevrilir. Lakin lider ata-ağsaqqal başçı olaraq qalır.” Məsələn, Atilla, Atabəy və Atatürkü min illər bir-birindən ayırsa da, xalqın yaddaşında onlar bir millətin atası kimi müdriklik rəmzi hesab edilir. Minilliklər boyu varlığını qorumuş, ədət-ənənələrinə sahib çıxmış xalq seçdiyi, dövlətçilik tarixinə adlarını əbədi yazmış öndərlərin bələdçiliyi ilə əsrləri arxada qoyaraq müasir dövrümüzə qədər ən qiymətli irsimizi qorumuş, azərbaycançılıq ideyalarını yaşatmışdır. Bu öndərlər arasında seçilən dahi Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası liderlik fenomeni ilə bilavasitə bağlıdır.

Azərbaycanın müasir tarixində bu xalqı arxasınca aparmaq şansına layiq görülən ulu öndər Heydər Əliyev babalardan ərmağan qalan dövlətçilik tariximizi zənginləşdirməklə, dünyada Azərbaycan boyda məmləkətin varlığını milli ideologiyamızı, təfəkkürümüzü təkmilləşdirməklə yaşatmışdır.

Müasir Azərbaycanın dövlət quruculuğunda, iqtisadi dirçəlişində, azərbaycançılıq ideologiyasının möhkəmlənməsində rolu və xidmətləri olan Ulu Öndər taleyüklü məsələlərin həllində zəkasına, dövlətçilik təcrübəsinə, xalqa arxalanmış cəmiyyətin formalaşması naminə göstərdiyi fədakarlığı ilə zəmanəmizin ən böyük azərbaycanlısı adını qazanmışdır. Dövlətçilik tariximizin 40 ilə yaxın dövrünü əhatə edən zaman kəsiyində böyük dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik siyasi xadim olduğunu müasir Azərbaycanın qurucusu və yaradıcısı, ümummilli lider adını qazanmaqla təsdiqləyən demokratik Azərbaycan uğrunda mübarizəsində fədakarlıq göstərməklə təsdiqləyən Heydər Əliyev xalqın inamını özünə qaytardı. İntellekti yaddaşla zənginləşdirərək, dahiliyi şəxsiyyətində formalaşdıraraq əbədi sima formulunu Azərbaycan xalqına məhəbbəti, Vətəninə sədaqəti ilə yaratdı. İzaha ehtiyacı olmayan Heydər Əliyevin dövlətçilik aksiomu əməli fəaliyyəti ilə, gerçəkləşdiyi konkret işlərlə bağlıdır. Xüsusilə müstəqillik illərində göstərdiyi xidmətlər mürəkkəb proseslərlərdən ağlın, zəkanını gücü ilə çıxış yollarını aramaq qabiliyyəti onun əməli fəaliyyətində, eyni zamanda liderlik məfkurəsinin əsasını təşkil edən milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır.

Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə zəmanəmizin böyük filosofu və mütəfəkkiri kimi xalq tərəfindən sevilən Ulu Öndərin formalaşdırdığı və zaman-zaman inkişaf etdirdiyi azərbaycançılıq ideyası beynəlxalq münasibətlər sistemində dövlətimizin mövqeyini möhkəmləndirmiş, milli dövlətçiliyimizin bünövrəsini sağlam təməl üzərində formalaşdıraraq, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları siyasi uzaqgörənliklə müəyyən etmişdir. Hədəflər arasında öndə dayanan əsas məsələ, başlıca məzmun azərbaycançılıq idi.

Zaman sübut edir ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol 1969-cu ildən başlamış azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdə yazılmışdır. Sovetlərin hakimiyyəti illərində belə Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi zəkası, milli mənəvi dəyərlərə bağlılığı ilə bacarmışdır.

Dövlətçilik tariximizin müəyyən mərhələlərində milli ideyanın tənəzzülü üzündən hiss olunan iqtisadi, mədəni boşluq Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı.

1970-1980-ci illəri kəmiyyət və keyfiyyətcə yeni mərhələ adlandıranlar ilk növbədə Heydər Əliyevin dövlətçilik strategiyasının, konseptual proqramların əsaslandığı azərbaycançılıq məfkurəsi ilə əlaqələndirir, o illəri azadlıq mübarizəsinin xəfifi addımlar hesab edirdilər.

Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri dövründə də qorxmaz, cəsur, möhkəm iradə sahibi olan Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə etmək, ümumi səylərin milli-mənəvi ideyalar ətrafında birləşməsinə çalışmış, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yollara çatmaq üçün imkanlardan maksimum istifadə etmişdir.

Dahi şəxsiyyət Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gənclərin gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqı dəyərlərinin təbliği də həyata keçirilirdi.

Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq, milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ-nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylər idi. Bu məqsədlə Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq olaraq tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında sevilən bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.

Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır.

“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” söyləyən ulu öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri olduğu zaman 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması ilə bağlı qərar qəbul etməklə soydaşlarımızın vahid ideya ətrafında birləşməsini təmin etdi, xalqımızda milli ideya və təfəkkürün formalaşmasının da əsasını qoydu. 10 noyabr 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə diaspor hərəkatını formalaşdırdı. Müxtəlif ölkələrdə məskunlaşan soydaşlarımızı ətrafına toplayan icmaların ölkəmizlə əlaqələri genişləndi, vahid məqsəd naminə birləşdirdi.

“Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənəmizdir” söyləyən, qurultayda Azərbaycanın 50 milyonluq bir xalqın Vətəni olduğunu bildirən Ulu Öndər vurğulayırdı ki, azərbaycançılıq xalqımızın çox böyük əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Milli dövlət ideologiyası kimi azərbaycançılıq bu gün hər vətəndaşın qarşısında dəqiq ifadəsini tapmış təfəkkür olmaqla lobbi hərəkatının genişləndirilməsinin də əsas konsepsiyasını təşkil edir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə təşkilatlanma prosesi dəqiq, müəyyənləşdirilmiş konsepsiyaya uyğun planlı şəkildə təkmilləşdirildi.

Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin diaspor fəaliyyətinə göstərdiyi diqqət və qayğı nəticəsində soydaşlarımızın digər xalqların icma və təşkilatları ilə əlaqələri möhkəmlənir. “Bizim diasporumuz həm siyasi, həm də iqtisadi proseslərdə fəal iştirak etməklə Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək ki, gücümüz daha da artsın, Bizim gücümüz sizin fəaliyyətinizdədir. Sizin isə gücünüz Azərbaycan dövlətinin güclü olmasındadır... Azərbaycan xalqı böyük xalqdır. Biz, 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma vətənimizi möhkəmləndirək, qüdrətli dövlətə çevirək” söyləyən Prezident İlham Əliyevin proqram xarakterli bu sözləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, Xocalı faciəsinin dəhşətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində keçirilən aksiyalar, müsbət nəticəsini verməkdədir. Diaspor təşkilatlarının səmərəli fəaliyyəti nəticəsində ölkəmizlə əməkdaşlığa böyük önəm verən başqa millətlərin nümayəndələri, siyasətçilər, elm xadimləri, siyasi partiyaların təmsilçiləri tolerant Azərbaycanın siyasi, iqtisadi inkişafı, multikulturalizm sahəsində qazanılan uğurların təbliğində iştirak edirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim xaricdə yaşayan böyük ailəmiz vardır ki, onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Müştərək tarixi, milli-mədəni kökləri eyni olan türkdilli xalqların mövqeyinin, birliyinin regional əməkdaşlıqdan da artıq səviyyədə, dünya birliyində vacib amilə çevrilməsi aramızda olan iqtisadi, siyasi əlaqələrin inkişafının göstəricisidir. Eyni istəkləri Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısında bir daha gündəmə gətirən Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan dövlət və hökumət rəhbərləri vurğulamışlar. Ümumi dəyərlərə arxalanaraq və keçmişin zəngin ənənələrindən bəhrələnərək daha da təkmilləşən türk birliyinin bölgədə stabilliyin qorunması üçün başlıca amilə çevrilməsində Türkiyə-Azərbaycan əlaqələrinin daha önəmli rolu vardır.

Nüsrət Məmmədov, “İki sahil”

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir