13 aprel 2024 14:08
433

Ermənistan hakimiyyəti başqa ölkələrin təsirindən çıxa bilmir - AÇIQLAMA

Ermənistanın müvafiq qurumları tərəfindən Azərbaycan sərhədçisinə atəş açmış erməni hərbçilərə cinayət işinin açılması Azərbaycanın növbəti qələbəsidir

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması bütövlükdə regionda sülhün və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Bu gün sülhün əldə olunması üçün tarixi fürsət yaranıb, təəssüf ki, bəzi ölkələrin atdığı addımlar sülh prosesinə maneə yaradır”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Birbaşa danışıqlar bütün mübahisəli məsələlərə aydınlıq gətirilməsi üçün ən təsirli və işlək mexanizm ola bilər

Deputat qeyd edib ki, son vaxtlar Ermənistanın Azərbaycanla dövlət sərhəddində törətdiyi təxribatlarda digər dövlətlərin təhrikinin rol oynadığına dair məlumatlar var. Millət vəkilinin fikrincə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ən effektiv mexanizm prosesin ikitərəfli formatda həyata keçirilməsi ola bilər: “Üçüncü tərəflərin məsələyə müdaxiləsi bir çox hallarda arzuolunan nəticələrə səbəb olmur. Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar bütün mübahisəli məsələlərə aydınlıq gətirilməsi üçün ən təsirli və işlək mexanizm ola bilər. Azərbaycan bu cür danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib. Lakin görünən budur ki, Ermənistan hakimiyyəti başqa ölkələrin təsirindən çıxa bilmir, çünki öz xarici siyasətini və təhlükəsizlik problemlərini müstəqil şəkildə həll etmək iqtidarında deyil”.

Fransanın regionla bağlı siyasəti tamamilə destruktiv xarakter daşıyır

S.Məmmədov bildirib ki, xüsusilə Fransanın regionla bağlı siyasəti tamamilə destruktiv xarakter daşıyır. Rəsmi Paris Cənubi Qafqazda sabitliyin bərqərar edilməsində maraqlı olmadığını hər addımda nümayiş etdirir: “Bir neçə gün öncə Fransanın İrəvandakı səfiri ölkəsininErmənistanı silahlandırdığını açıq şəkildə etiraf edib. Eyni zamanda, Azərbaycanla sərhəd bölgələrə səfər edir. Bütün bunlar və daha əvvəl baş verənlər onu göstərir ki, Fransa sülhün əldə olunmasını ləngitmək üçün çalışır. Ermənistan hakimiyyəti isə bu cür addımların ilk növbədə erməni xalqının maraqlarına zidd olduğunu, Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və inkişaf üçün ciddi problemlər yaratdığını başa düşmür”.

Şərti sərhəddə Ermənistanın törətdiyi təxribatlar ümumilikdə sülh prosesinə mane olur

Deputat qeyd edib ki, Azərbaycanla şərti sərhəddə Ermənistanın törətdiyi təxribatlar ümumilikdə sülh prosesinə mane olur. Ermənistanın müvafiq qurumları tərəfindən Azərbaycan sərhədçisinə atəş açmış erməni hərbçilərə cinayət işinin açılması Azərbaycanın növbəti qələbəsidir. Millət vəkilinin fikrincə, rəsmi İrəvan bu cür təxribatların daha böyük problemlərə səbəb olacağını anlayaraq vəziyyətdən çıxmaq üçün bu addımı atmağa məcbur olub.

Yaqut Ağaşahqızı “İki sahil”