44 gün davam edən Vətən müharibəsində son damla qanınadək döyüşən şəhidlərimiz elə bir tarix yazdılar ki, heç zaman unudulmayacaq. 1997-ci ildə Lerik rayonunun Piran kəndində dünyaya gələn Vidadi Cəbrayıl oğlu Cabbarov da ölümsüzlüyə qovuşan bu qəhrəmanların cərgəsindədir. O, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı ilk gündən səngərdə öz yerini almaqla düşmənə qan uddurub. Vətən sevdalısı Cəbrayılda, Qubadlıda üçrəngli qələbə bayrağımızı yüksəldənlərdən olub. Ölüm ayağında da erməni dığalarına sarsıdıcı zərbə vurmaqla ürəyə əbədi dayanıb.
Vətəni canında üstün tutan Vidadi Cabbarov milyonların könlünə köç etməklə, həm də dövlət tərəfindən ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azadlığına görə medallara layiq görülüb.
Piran camaatı ulu bir xalqın qəhrəmanlıq tarixinə adını öz rəşadəti və qani ilə yazan Vidadi Cabbarovu özlərinə cəsurluq, igidlik məktəbi bilməklə ehtiramını həmişə uc tuturlar, heç vaxt onu unutmurlar. Vətən sevdalısının 27 yaşı tamam oldu. Bu münasibətlə doğma kəndində tədbir keçirildi. Ziyarətçilər əvvəlcə kənddə yerləşən şəhidlər bulağına gəldilər, şəhid ailələri, müharibə veteranları çıxışlar edərək bildirdilər ki, İkinci Qarabağ müharibəsində qeyrətli övladlarımız Vətən, torpaq yolunda şüurlu surətdə canlarını fəda etdilər. Məhz Vidadi də belə bir müqəddəsliyin sahibidir. Vidadi kiçik yaşlardan vətənpərvər böyümüşdü. O, təmiz ürəkli, vicdanlı və olduqca qeyrətli bir oğul idi. Qərinələr ötsə belə Vidadi də başqa şəhidlər kimi heç vaxt unudulmaz... Ardınca məktəblilərin ifasında qəhrəmanlığı tərənnüm edən Vətən məhəbbətli şerlər səsləndi.
Sonda ziyarətçilər şəhidin məzarına baş çəkdilər, ona təzə güllərdən çələng hördülər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü