17 aprel 2024 01:58
217

Fransanın “terrorçu dosyesi”: İflası yaxınlaşdıran tarixi reallıq

Rəsmi Parisin hazırkı mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir

Son günlərdə “Crocus City Hall” terrorunun sifarişinin Fransadan, daha konkret desək, Prezident Emmanuel Makron iqtidarına bağlı olan dairələrdən gəlməsi ilə bağlı ehtimallar daha qətiyyətlə səsləndirilir. Məsələn, Rusiya Təhlükəsizik Şurası sədrinin müavini Dmitri Medvedev “Crocus City Hall”da baş verən hadisədə Fransa Prezidenti Emmanuel Makronun adını çəkib. Müxtəlif dəyərləndirmələrə əsasən, rəsmi Paris bu dəhşətli terror aktının sponsorlarındandır.

Hazırda Fransa kollektiv Qərbin Rusiyaya qarşı koalisiyasında yüksək fəallığı ilə fərqlənir. E.Makron daim şimal qonşumuza təzyiqləri artırmağı və sanksiyaların əhatə dairəsinin genişləndirilməsini özündə ehtiva edən çağırışlarla gündəmə gəlir. Onun Ukraynaya canlı qüvvə ilə dəstək göstərilməsinin zəruriliyini əsaslandırması  da Rusiyada hiddətlə qarşılanıb.  Rusiya hakimiyyəti Medvedevin dili ilə insanlığa qarşı törədilmiş terrorun arxasında Fransanın dayandığını, bu qanlı cinayətin sponsorunun Emmanu­el Makron olduğunu açıqlamaqla, həm də təşkilatçının kimliyini bütün dünyaya bəyan etmiş oldu. Ardınca Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı və ona nota təqdim olundu. Burada əsas diqqət terroru dəstəklədiyi bəyan edilən Fransanın üzərinə yönəlir. Əgər Parisin “Crocus” terrorunda əlinin oldu­ğu sübuta yetirilərsə rəsmi Moskva faktiki olaraq Fransanı terrorçu dövlət elan edə bilər. Bütün bunlar onu göstərir ki, “Qara qitə”də, Asiyada, Qafqazda üzünə qapılar bağlanan E.Makronun terroru dəstəkləməsi onu iflasa aparır.

Fransanın “terrorçu dosyesi” olduqca zəngindir. Bu ölkə­nin ən azı yaxın yüz ildəki tarixində bəşəriyyətə qarşı ağır cinayətlərlə dolu “qara səhifələr” var. Fransa hər­bi legionunun keçən yüzillik ərzində “Qara qitə”dəki müstəmləkələrində insanlığa qarşı törətdiyi vəhşiliklərin, soyqırımı və qətllərin sayı-hasabı yox­dur. Bu ölkə Afrikada fransız istibdadı­na, müstəmləkəsinə etiraz edən yerli əhaliyə divan tutmasını, onlara qarşı törətdiyi qırğınları “terrorizmlə müba­rizə” kimi qələmə verirdi. Dünyada ən genişmiqyaslı etnik təmizləməni həya­ta keçirən Fransa utanıb-qızarmadan Azərbaycanı Qarabağda ermənilərə qarşı etmədiyi əməldə suçlamağa gi­rişib. Fransızların özlərinin Yelisey Sa­rayının ən uğursuz başbiləni saydıqları Emmanuel Makronun bu siyasi avan­türasına, sadəcə, sarkazmla cavab vermək lazımdır. Fransanın dünyanın dörd tərəfinə uzanan terror qollarının izləri Suriyadakı “Lafarge” şirkətin­də, onun maliyyələşdirdiyi İŞİD terror qruplaşmasında, eləcə də YPG/PKK ilə əlaqələrində üzə çıxır. Fransanın “terror dosyesi” bununla tamamlanmır. Onun qucaq açıb himayə etdiyi, dün­yanın ən qəddar terror təşkilatı kimi ad çıxarmış ASALA-nın əsas dayaq nöqtələrindən biri Marseldə yerləşir. Erməni terrorçuların məhz Fransada özlərinə yuva salması təsadüfi deyil. Çünki məhz Fransa ASALA-nı dəstək­ləyib, keçən əsrin 70–80-ci illərində dünyanın müxtəlif ölkələrində Türkiyə diplomatlarına qarşı terror hücumlarına şərait yaradıb. 

Siyahı kifayət qədər uzundur. Fransa terrorunun izləri, həmçinin Azərbaycana da uzanıb. Otuz ili əhatə edən işğal dövründə Ermənistan torpaqlarımızda amansız terror hadisələri törədib. Postmüharibə dövründə aşkar olunan kütləvi məzarlıqlar, bunu əyani şəkildə təsdiqləyir. Ermənistanın terror əməlləri birmənalı şəkildə pislənilməlidir. Bəs Fransa bunu edirmi? Əsla yox! Əksinə E.Makrondan siyasi sifarişlər alan Fransa hökuməti  terror dövləti olan Ermənistana havadarlıq edərək Azərbaycan əleyhinə davamlı fəaliyyətlər ortaya qoyur. Fransanın Ermənistana açıq-aşkar havadarlıq etməsi 30 il həllini tapmayan keçmiş Qarabağ münaqişəsinin və 44 günlük müharibədən, 23 saatlıq antiterror tədbirlərindən sonra yaranan reallıqların fonunda daha qabarıq şəkildə nəzərə çarpır. Məlumdur ki, bu ölkə onilliklər ərzində Ermənistanın işğalşılıq siyasətinə görə yaranan keçmiş Qarabağ münaqişəsi ilə bağlı artıq  dəfn edilmiş ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri statusuna malik olub. Ancaq onun davaranışları uğurlu və obyektiv vasitəçi mövqeyindən çox uzaq idi. Danışıqlar prosesində Fransa daim anlaşılmaz, absurd yanaşmalar ortaya qoymaqla proseləri dalana istiqamətləndirib. Fransanın pozuculuq fəaliyyəti postmüharibə mərhələsində daha qabarıq şəkildə nəzərə çarpır. Aydın şəkildə müşahidə edilir ki, E.Makron və onun siyasi sifarişi ilə hökumətin təmsilçiləri, parlament  Azərbaycanla bütün körpüləri yandırmaq yolu tutub. 

Fransanın ölkəmizə  qarşı qərəzli mövqeyi, böhtan kampaniyası pik səviyyəyə çatıb. Rəsmi Paris Ermənistanın maraqlarına xidmət edərək bütün sərhədləri aşmaqdadır. Bu ölkənin prezidentindən tutmuş, hökumət rəsmiləri, nazirlər, parlamentarilər, politoloqlarına qədər ölkəmiz haqqında yalan, qeyri-obyektiv fikirlər səsləndirməkdən usanmırlar. Aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin Parisdə ABŞ Dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar bunu bir daha təsdiqləyir.

Ötən ilin sonundan bu ilin əvvəlinə kimi sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan olunan sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil etməsi gözdən yayınmır - Fransaya da məhz belə bir mühit lazımdır. Eyni zamanda, bu kimi təxribatların məhz Ermənistanda Fransanın əli ilə yerləşdirilən Avropa İttifaqı (Aİ) missiyasının müşahidə həyata keçirdiyi ərazidə baş verməsi bu məqsəd və məramları açıq şəkildə ortaya qoyur. Paris tərəfləri mümkün qədər sülhdən uzaq salmağa çalışır ki, bunun da yolunu məhz bu kimi təxribatlarda görür. İrəvan üçün “silah tədarükü” görən Fransa bu kimi çirkin planlarla öz niyyətinə qovuşmaq istəyir - daha doğrusu, Ermənistanı özünün maraqlarının qurbanı kimi seçdiyini əməli şəkildə sübuta yetirir. İrəvanı yeni eskalasiyaya təhrik etməklə bölgədəki sabitliyi pozmağı hədəfləyən Paris üçün əsas olan öz marağıdır - erməni əsgərlərinin taleyi Makron hakimiyyətini o qədər də maraqlandırmır. Bu, onların apardıqları siyasətdən də açıq şəkildə görünür.

Parisin Azərbay­canla Ermənistan arasındakı ikitərəfli sülh prosesinin onun maraqları ilə üst-üstə düşməməsindən keçirdiyi nara­hatlıq o qədər artıb ki, Fransanın məhz bu səbəbdən Ermənistanı sürətlə silahlandırması, separatçıları, daşnak-revanşist qüv­vələri bölgədə yeni hərbi qarşıdurmaya qızışdırması da Makron planına daxil­dir. Deyəsən, onun regiondakı destruk­tiv niyyətini, sülhə ziyanvericilik missi­yasını İrəvan da anlamağa başlayıb. Bu günlərdə şərti sərhəddə baş vermiş olaya Ermənistan hakimiyyətinin reak­siyası bu yöndə müəyyən qənaətə gəl­məyə əsaslar yaradır. Ermə­nistan tərəfi Azərbaycan sərhədçilərinə atəş açmış hərbçilərə qarşı cinayət işi qaldırdı. Yəni, bu, həm də onu göstərir ki, Fransanın iki qonşu ölkə arasında sülh prosesinə müdaxiləsi, fitnə-fəsadı olmadıqda, İrəvan beynəlxalq hüquqa uyğun davranmağı bacarır. Bu, həm də Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi növbəti qələbəsi sayılmalı­dır.  Əlbəttə ki, Azərbaycan bu xarak­terli hərbi təxribatlara adekvat cavab hüququnu özündə saxlayır. Amma bu dəfə rəsmi Bakı təmkinli davrandı, in­sidentin araşdırılması və müvafiq təd­birlərin görülməsi üçün İrəvana fürsət verdi. Paşinyan iqtidarı səhvini rəsmən etiraf etdi və təxribatçıları cəzalandır­dı. 

Özünü Avropanın aparıcı dövlətlərindən sayan, hətta liderlik ambisiyaları ortaya qoyan Fransa məhz belə pozucu qüvvələr sırasında yer alır. İş o yerə çatıb ki, bu ölkənin sərhədlərindən uzaqda yerləşən Cənubi Qafqaza da əl uzatması və burada himayəsində olan Ermənistan üzərindən destruktiv fəaliyyətlər həyata keçirməsi beynəlxalq səviyyədə də tənqid edilir.  Artıq Avropanın özündə də Fransanın Cənubi Qafqaz siyasəti açıq şəkildə tənqid olunur. Bu tənqidlər hansısa qeyri-hökumət təşkilatı deyil, məhz dövlət rəsmiləri səviyyəsində səsləndirilir. Fransanın yanlış siyasəti Avropa dövlətlərinin də haqlı etirazlarına səbəb olur. Parisin Cənubi Qafqazla bağlı qərəzli, təxribatçı mövqeyinə Avropada etirazların bundan sonra da artacağı istisna deyil.

Yaqut Ağaşahqızı, “İki sahil”