19 aprel 2024 01:36
208

Azərbaycan diplomatiyasına hörmətin və ehtiramın təzahürü

Dövlət başçısı İlham Əliyev cari ilin hədəflərini açıqlayarkən «Xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir» çağırışı fonunda COP29-un ev sahibi və sədri olacağımızı önə çəkərək bildirdi ki, biz dünyanı narahat edən, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar problemlərin həllində daha fəal olacağıq

«Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir… İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq.» Dövlət başçısı İlham Əliyev bu əminliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ifadə etmişdir. Ölkə Prezidenti onu da bildirmişdir ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir. Beynəlxalq nüfuzumuz gündən-günə artır. Dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir.

Cənab İlham Əliyevin 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi ilə bağlı Sərəncamında da vurğulanır ki, Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi hazırkı dövrün əsas çağırışlarındandır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti “yaşıl enerji” istehsalı üçün geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir. Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. İqlim dəyişmələri ilə mübarizəyə töhfə vermək, yaşıl enerjiyə keçid üzrə işlərin və Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibi seçilməsi oldu. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək.

Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirən amillərə nəzər salaq. Hansı sahəyə diqqət yetirsək ölkəmizin zəngin təcrübəyə malik olduğunu böyük inamla qeyd edə bilərik. Azərbaycanın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi nüfuz qazanması da bunun bariz nümunəsidir. Günümüzün qürurverici hadislərindən biri də budur ki, Azərbaycanla yanaşı, hazırda azad Qarabağımız, Şuşamız da beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilir. Həmçinin paytaxt Bakımızın ev sahibliyi etdiyi tədbirlərin iştirakçılarının işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil edilir. Bu torpaqların hansı resurslara malik olduğu barədə aydın təsəvvür yaranır.

Azərbaycanın sabitlik məkanı kimi tanınması və nüfuz qazanması da beynəlxalq tədbirlər üçün ideal məkan qəbul edilməsini şərtləndirən əsas amillər sırasındadır. Bu mühüm amil ölkəmizlə əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin genişlənməsində də öz sözünü deyir. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. Ayrı-ayrı dövrlərdə bu marağın müxtəlifliyi diqqətdən kənarda qalmır. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar Azərbaycan iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasını şərtləndirdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Onu da qeyd edək ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu gün Azərbaycan dünyada ən islahatçı, təhlükəsiz ölkə kimi tanınır. Təbii ki, bu uğurlar dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Uğurlarımızı şərtləndirən amillər sırasında islahatların zamanın tələbinə uyğun təkmilləşməsini, Azərbaycanın hər addımında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsini, yenilikçi ölkə kimi nüfuzunu daha da artırmasını, ən əsası idarəetmə sistemində təkmilləşməni xüsusi qeyd etməliyik. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Bunun üçün qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir.

Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.” Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?” Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. ÜDM-də özəl bölmənin payı 85 faizdən çoxdur. Ötən 20 ildən artıq dövrdə 2 milyondan çox yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Özünüməşğulluq proqramı uğurla icra edilir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz yeniliklərə, təkmilləşməyə yol açdı. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının davamı olaraq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Hazırkı dövrün əsas çağırışına, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məsələsinə gəldikdə sözügedən sənəddə bununla bağlı konkret hədəf öz əksini tapıb. Belə ki, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də beş Milli Prioritetin reallaşdırılması əsas hədəf kimi qarşıya qoyulur. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Sənədin təmiz ətraf mühit və «yaşıl artım ölkəsi» hədəfində bu çağırışlar xüsusi yer tutur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. O da vurğulanır ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanı.

Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Onu da qeyd edək ki, ötən il Azərbaycan 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, 2023-cü ildə isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirildi. COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir: «Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.» Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək. Dünyada hər kəs bir daha görəcək ki, gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

Göründüyü kimi, hər dövrün öz çağırışı vardır. Müstəqilliyimizin bərpasından ötən 32 ildən artıq dövrün təhlili fonunda Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Artıq bu gün ölkəmizin həyatında yeni dövr uğurla davam edir. Bu mərhələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu torpaqların malik olduqları resurslardan səmərəli istifadə etməklə ölkəmizin gələcəkdə dayanıqlı inkişafına töhfələr veriləcək.

Uğurlarımızın təhlili fonunda belə bir ümumiləşdirməni apara bilərik ki, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizin mövcud imkanlarının təqdimatında öz sözünü deyəcək. Bu tədbir Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi dəyərləndirilir. Bir daha sübut olunur ki, Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olmaqla beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə yanaşı, qlobal problemlərin həllinə böyük töhfələr verir. Ölkəmizin irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərar beynəlxalq dəstək qazanır. Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyalar, təmiz enerji mənbələri, tullantıların təkrar emalı və çirkləndirilmiş ərazilərin reabilitasiyası üzrə tədbirlərin görülməsi ilə sıx bağlıdır. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər. “Yaşıl enerji”dən istifadə ekoloji cəhətdən əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan da əlverişlidir

Dövlət başçısı İlham Əliyev 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində ayrı-ayrı sahələr üzrə qarşıda dayanan hədəflərdən bəhs edərkən «Bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq» söyləyərək onu da vurğuladı ki, əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir: «Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq.»

Aprelin 15-də COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev bildirdi ki, bu gün Azərbaycanın hədəflədiyi yaşıl artım proqramları və icra olunmuş layihələr göstərir ki, ölkə və cəmiyyət olaraq biz bu baxımdan kifayət qədər təcrübəyə sahibik. Azərbaycan region və eləcə də digər neft-qaz ölkələri üçün də örnək olacaq. Ona görə ki, Azərbaycanda qəbul olunmuş proqramlar, 2030-cu ilə qədər hədəflənmiş 30 faizə qədər alternativ enerji mənbələrinin yaradılması, yaşıl artımla bağlı proqramların icrası və digər təcrübələrimizi də ölkələrlə bölüşməyimiz üçün COP29 tədbiri yaxşı bir fürsət olacaq. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, COP29-un ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür.

Qardaş Türkiyə də Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyini yüksək dəyərləndirir. Azərbaycanın bu tədbirə çox ciddi hazırlıq prosesinın şahid olduqlarını bildirir, iqlim dəyişikliyi məsələsinin bütün ölkələr üçün vacibliyi vurğulanır. Bir daha qeyd edilir ki, Azərbaycanda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir. Türkiyə su ehtiyatlarının artırılması başda olmaqla, biomüxtəlifliklə bağlı bir çox sahəyə töhfə vermək niyyətindədir.

COP29 ilə bağlı fikirləri xeyli sayda sadalamaq olar. Tədbir Azərbaycan üçün yeni əməkdaşlıq əlaqələri vəd edir. BMT-nin ölkə üzrə Rezident Əlaqələndiricisi Vladanka Andreeva “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında bildirib ki, Azərbaycan COP29-a ev sahibliyi edəcək və 197 ölkə burada toplanacaq. Biz Azərbaycana iqlim dəyişikliyi ilə mübarizə sahəsində dəstək olmaq üçün buradayıq və bir çox sahədə dəstək olacağıq.

Rəylərdə bu mühüm məqam da xüsusi qeyd edilir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu platformanın Azərbaycanda təşkili ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir və BMT ilə münasibətlərimizdə yeni səhifə açacaq.

Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı, xarici ölkələrə səfəri, yaxud bu və ya digər ölkənin dövlət başçısının, nümayəndə heyətinin Azərbaycana səfəri zamanı görüşü yoxdur ki, COP29-a diqqət göstərilməsin. Bütün rəylərdə bu tədbirin Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı olduğu xüsusi qeyd edilir. Bu günlərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay ilə görüşündə də ölkəmizin COP29-a ev sahibliyinə xüsusi diqqət yönəldildi. COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdıran Kayrat Sarıbay bunu beynəlxalq ictimaiyyətin Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində roluna hörmətinin və ehtiramının təzahürü kimi qiymətləndirdi.

Yeganə Əliyeva, «İki sahil»