24 aprel 2024 19:13
259

Azərbaycan-Rusiya münasibətləri regionda təhlükəsizliyə xidmət edir

Son illərdə regionumuzda və dünyada baş verən münaqişələr, bu münaqişələr kontekstində gedən proseslər bir daha sübut edir ki, Cənab Prezident İlham Əliyevin beynəlxalq münasibətlərin qurulmasında müyyənləşdirdiyi uğurlu dəsti-xətt bu müddətdə Azərbaycanın dostlarının sayını artırmasına səbəb olmaqla qalmamış, dövlətimizə qarşı həmişə əks mövqedən çıxış edən dövlətlərin sayını da azaltmışdır.

Xüsusilə öz çıxışlarında həmişə qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayan Cənab Prezident İlham Əliyev bunun əyani sübutu kimi bu dövlətlərə mütəmadi olaraq qarşılıqlı səfərlərin təşkilinə və münasibətlərin yüksək səviyyədə saxlanmasına xüsusi diqqət yetirir.

Bu mənada müxtəlif istiqamətlərdə qarşılıqlı əməkdaşlığın qurulmasında ən mühüm tərəfdaşlarımızdan biri də heç şübhəsiz ki, Rusiya Federasiyasıdır. Yalnız regionda deyil, bütövlükdə dünya arenasında qlobal siyasətə istiqamət vermək, dünyada gedən proseslərə birbaşa təsir etmək imkanı olan bir dövlətlə münasibətlərin müsbət dinamikaya malik olması Azərbaycan Respublikasının həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə inkişafı üçün kifayət qədər əhəmiyyətlidir.

Cari ilin 22 aprel tarixində Rusiya Federasiyasına səfəri çərçivəsində Prezident Vladimir Putinlə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı Azərbaycan-Rusiya münasibətlərinə toxunan Cənab Prezident iki ölkə arasındakı münasibətlərdən məmnunluğunu dilə gətirərək hər iki ölkəni tarixi bağların birləşdirdiyini vurğuladı.

Dövlət başçısı öz nitqində Ümummilli Lider Heydər Əliyevin vaxtilə Ümumittifaq layihəsi adlandırılan Baykal-Amur Magistralının tikintisində fəal iştirakına diqqət çəkərək, həm Sovet ittifaqı dövründə, həm də hər iki ölkə müstəqillik qazandıqdan sonra ölkələr arasında əlaqələrin qurulmasında və inkişafında Ümummilli Liderin böyük rolu olduğunu, 2023-cü ildə Rusiyada Ulu Öndərin 100 illik yubileyinin xüsusi ehtiramla qeyd edilməsinin önəmini və Azərbaycan xalqının bunu çox yüksək qiymətləndirdiyini vurğuladı.

Azərbaycan-Rusiya əlaqələrinin tarixinə nəzər salsaq görürük ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə iki ölkə arasındakı münasibətlər arzuolunan səviyyədə olmayıb. Lakin Azərbaycanın Ümummillli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Ulu Öndər Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarını qoydu.

1991-ci ildə SSRİ-nin süqutundan sonra yeni müstəqil dövlətlərin meydana gəlməsi ilə müstəqillik qazanmış keçmiş Sovet respublikaları beynəlxalq hüququn müstəqil subyekti kimi dünya dövlətləri ilə qarşılıqlı münasibətlər qurmağa başladılar. Azərbaycan Respublikası da öz dövlət müstəqilliyini möhkəmləndirmək və dünya dövlətləri ilə diplomatik əlaqələr qurmaq sahəsində ilk addımlarını atırdı.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulmuşdur. Hələ SSRİ dövründə Azərbaycan SSR-in Moskvada fəaliyyət göstərən Daimi Nümayəndəliyi əsasında müstəqil Azərbaycan Respublikasının Rusiya Federasiyasında Səfirliyi təşkil olunmuşdur. 25 sentyabr 1992-ci ildə Rusiya Federasiyasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlayıb.

Azərbaycan və Rusiya arasında qarşılıqlı müsbət dinamika ilə davam edən münasibətlərin formalaşdırılmasının təsdiqi kimi dövlətlər arasında imzalanmış sənədlər və dövlət başçılarının qarşılıqlı səfərləri bu mənada mühüm əhəmiyyət kəsb edir:

İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir.

Azərbaycan Respublikasına Rusiya Prezidenti V.V.Putinin 9-10 yanvar 2001-ci il tarixli rəsmi və 21-22 fevral 2006-cı il tarixli işgüzar səfərləri, habelə Rusiya Prezidenti D.A.Medvedevin 3-4 iyul 2008-ci il tarixli rəsmi və 29 iyun 2009-cu il tarixli işgüzar səfərləri baş verib.

2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.

Rusiyanın Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb.

22 fevral 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzaladılar, hansı ki Azərbaycan və Rusiya münasibətlərinin “müttəfiqlik səviyyəsinə” çıxması demək idi.

Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.

Qeyd olunanlardan əlavə Azərbaycan və Rusiya arasında müxtəlif istiqamətlərdə qurulmuş əlaqələr, xüsusilə ticari-iqtisadi, sənaye kooperasiyası, mədəni-humanitar, turizm; tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verən başlıca amillərdəndir.

Belə ki, bu ilki göstəricilərə nəzər saldıqda görürük ki, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.

Digər bir mühüm istiqamət isə sənaye kooperasiyasıdır. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.

Mədəni-humanitar əlaqələrə nəzər saldıqda görürük ki, hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır.

Qeyd olunan bütün bu məqamlar onu deməyə əsas verir ki, hər iki dövlət də qarşılıqlı sıx münasibətlərin qurulmasında maraqlı tərəf kimi çıxış edir. Görünən odur ki, dünya siyasətinin əsas aktorlarından biri olan Rusiya ilə Ulu Öndərin güclü səyləri nəticəsində formalaşdırılan diplomatik əlaqələr Möhtərəm Cənab Prezident İlham Əliyevin uğurlu diplomatiya konsepsiyası ilə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.

Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri