25 aprel 2024 15:19
211

Azərbaycanın bank sektorunun aktivləri 9 % artıb

Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib.

"İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü il aprelin 1-i ilə müqayisədə 9,1 % çoxdur.

Bankların aktivlərinin 22 milyard 707,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 20,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42 %-dən 46,4 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 9,3 % artaraq 42 milyard 612,5 milyon manata, o cümlədən depozit portfeli 9 % artaraq 34 milyard 812,8 milyon manata çatıb. Bunun 12 milyard 868,5 milyon manatı fiziki, 21 milyard 944,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 9,8 %, şirkətlərin banklardakı vəsaitləri isə 8,6 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,5 dəfə azalaraq 47,1 milyon manat olub.

Sektorun balans kapitalı isə 7,7 % artaraq 6 milyard 297,5 milyon manat təşkil edib.