18 yanvar 2018 19:13
1643

Naxçıvanda əhalinin sağlamlığı etibarlı təmin olunub

Yanvarın 18-i Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaranması günüdür. 1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradılıb və bununla da muxtar respublikada səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulub.

Son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf muxtar respublikada digər sahələr kimi, səhiyyənin davamlı inkişafını da təmin edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada əhalinin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində son illər Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, Duzdağ Fizioterapiya, Kardioloji, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya mərkəzləri, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Mərkəzi Uşaq Xəstəxanası, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək Rayon Mərkəzi xəstəxanaları, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, kəndlərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ümumilikdə, son illər 266 səhiyyə obyektinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi muxtar respublikada səhiyyə sahəsində görülən işlərin əsas göstəricisidir.

Ölkəmizdə ilk dəfə olaraq pullu tibbi xidmətin məhz muxtar respublikada ləğv edilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən mühüm islahatlar öz faydasını verməkdədir. Əhalinin hər bir təbəqəsi keyfiyyətli tibbi xidmətlə əhatə olunub. Səhiyyə sistemində tibb ocaqlarının müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi şəraitin yaradılması hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır.

Bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə Prezidentin müvafiq tapşırığı hər il muxtar respublikada da uğurla icra olunur, tibbi müayinə zamanı aşkar olunan ilkin, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilirlər.

Bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Nəticədə yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatları aparılmasına nail olunub. Bu da əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını alıb. Türkiyə Respublikasından və Bakı şəhərindən yüksəkixtisaslı mütəxəssislərin dəvət olunaraq müxtəlif cərrahi əməliyyatların aparılması, humanitar tibbi aksiyaların keçirilməsi ənənə halını alıb. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatların təşkili onlara həm maddi, həm də mənəvi dəstək olub. Hazırda aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir.

Muxtar respublikada əhali sağlamlığının və rifahının yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması bir yaşa qədər ölən uşaqların sayının azalmasına səbəb olub. Səhiyyənin inkişafı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı və digər bu kimi mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına da ciddi təkan verib.

Hazırda səhiyyə sistemində tibbi xidmətin əhatə dairəsini genişləndirmək, əhaliyə yerindəcə keyfiyyətli tibbi xidmət göstərmək prioritet istiqamətlərdən biridir. Bu məqsədlə çoxprofilli həkim briqadaları kəndlərdə olur, əhaliyə lazımi tibbi xidmət göstərirlər. Bu da xəstəliklərin qarşısının alınması, onların erkən aşkar edilməsi və vaxtında tam müalicə olunması baxımından son dərəcə əhəmiyyətlidir. Bir məsələni də qeyd edək ki, bu gün Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində və Naxçıvan Tibb Kollecində ixtisaslı həkim və orta tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə imkan verir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlifprofilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. Bütövlükdə həyata keçirilən profilaktik və əks-epidemik tədbirlər nəticəsində muxtar respublikada yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət tam sabitdir.

Bu gün Naxçıvan Muxtar Respublikasında əhaliyə 228 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Təkcə ötən il bu müəssisələrə 34 həkim və 94 orta tibb işçisi təyinat alıb. Tibb müəssisələrində 713 həkim, 2 min 97 orta tibb işçisi çalışır. Naxçıvanın səhiyyə müəssisələrində çalışan ağxalatlı peşə sahiblərinin əməyi dövlətimiz tərəfindən həmişə layiqincə qiymətləndirilir.

Muxtar respublikanın səhiyyə sistemində elektron xidmətlərin göstərilməsinə başlanıb, qısa müddətdə nümunəvi tibbi informasiya sistemi qurulub. Cavan ailələrdə səhiyyə maarifi işini, hamilə qadınların patronaj xidməti, yeni doğulmuşların vaxtında qeydiyyata alınması, peyvənd işinin təşkili, uşaqların elektron sağlamlıq kartları ilə təminatı və ondan istifadə qaydasının öyrədilməsi məqsədilə “Ailə sağlamlıq məktəbləri” yaradılıb, məşğələlərin davamlı aparılmasına nail olunub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi bundan sonra da əhalinin sağlamlığı keşiyində dayanacaq, səhiyyənin inkişafına öz layiqli töhfələrini verəcək.

AZƏRTAC –ın Naxçıvan Muxtar Respublikasındakı bürosu